AHİK-in 30 illiyi münasibətilə Şəki şəhərində zona konfransı təşkil olunub

1082

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar növbəti zona konfransı Şəki şəhərində təşkil olunub. “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda keçirilən konfransda ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Anar Məmmədov, ATİAHİ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib.

ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyevanın moderatorluğu ilə keçirilən konfransda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Sonra ATİAHİ Respublika Komitəsi sədrinin müavini M.Cəfərzadə məruzə ilə çıxış edərək Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolundan danışıb. Bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində də xeyli dəyişiklik baş verib. 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqı – Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları növbədənkənar qurultay çağırmaq təşəbbüsü qaldırdılar və 5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərə səlahiyyətləri çərçivəsində müdaxilə etmək imkanları artdı. Ulu Öndərin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlaməti olaraq 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Bununla da təşkilatın fəaliyyəti genişləndi, nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı”.

2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə həmkarlar ittifaqlarının qarşısında yeni imkanların açıldığını qeyd edən M.Cəfərzadə bildirib ki, ölkə başçısı hər zaman həmkarlar ittifaqı təşkilatlarının rolunu yüksək qiymətləndirib: “Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına göstərilən yüksək dəstək AHİK-in də sərbəst və müstəqil fəaliyyətinə geniş imkanlar açır. Fəxarətlə deyə bilərik ki, Ulu öndərin tövsiyələrinə uyğun olaraq, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparılır”.

Sonra konfransda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Anar Məmmədov, ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva, ATİAHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov və digərləri çıxış edərək AHİK-in keçdiyi inkişaf yolundan, həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı görülən işlərdən danışıblar.

Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub.