“AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda zona konfransı keçirilib

842

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Lənkəran şəhərində “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda zona konfransı keçirilib.

ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, rayon komitəsi sədrlərinin və həmkarlar ittifaqı fəallarının iştirak etdiyi konfrans Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Konfransda ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolu ilə bağlı geniş məruzə ilə çıxış edib. Bildirib ki, həmkarlar ittifaqları böyük tarixi yol qət edərək bir sıra sınaqlardan keçib. Zaman-zaman dövrün tələblərinə uyğun davamlı inkişafı təmin etməklə aparılmış islahatlarla, yenilənmiş hüquqi mexanizmlərlə statusunu müəyyən edib və sosial tərəfdaşlığın təminatçısı kimi humanist mövqeyi ilə hər bir cəmiyyətdə böyük nüfuz sahibi olmağı bacarıb. Mövcud olduğu dövrdən bu günə kimi əmək adamlarının, zəhmətkeşlərin hüquqlarının müdafiəçisi funksiyasını əlində əsas tutaraq bu missiyanın uğurlu icrasının təmin olunmasına xidmətlər göstərib.

Sovet dövründə həmkarlar ittifaqlarının inkişafında bir sıra uğurların əldə olunduğunu qeyd edən M.Cəfərzadə bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində də xeyli dəyişiklik baş verib: “1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqı – Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları bu qurumun fəaliyyəti ilə razı olmadıqlarını bəyan etdilər və növbədənkənar qurultay çağırmaq təşəbbüsü qaldırdılar. 5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərə səlahiyyətləri çərçivəsində müdaxilə etmək imkanları artdı. Ulu Öndərin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlaməti olaraq 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Bununla da təşkilatın fəaliyyəti genişləndi, nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı”.

M.Cəfərzadə qeyd edib ki, 2003-cü ildə dövlət başçısı seçilən cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu davam etdirərək ölkəmizin həyatının bütün sahələrində böyük nailiyyətlərə imza atdı. Hər bir Azərbaycan vətəndaşı bunu qısa müddətdə öz həyatında hiss etməyə başladı, o cümlədən həmkarlar ittifaqlarının qarşısında yeni imkanlar açdı: “Möhtərəm Prezidentimiz daim AHİK-in fəaliyyəti ilə maraqlanır, onun qurultaylarına təbrik məktubları göndərir, qiymətli tövsiyələrini verir, həmkarlar ittifaqları xadimlərini və fəallarını dövlət təltifləri ilə mükafatlandırır. Həmçinin insanların iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirir. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına göstərilən yüksək dəstək AHİK-in də sərbəst və müstəqil fəaliyyətinə geniş imkanlar açır. Fəxarətlə deyə bilərik ki, Ulu öndərin tövsiyələrinə uyğun olaraq, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparılır”. Çıxışının sonunda M.Cəfərzadə əminlik ifadə edərək bildirib ki, AHİK bundan sonra da dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşəcək və həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsində səmərəli fəaliyyət göstərəcəkdir.

Sonra konfransda Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, Yardımlı rayon komitəsinin sədri Azər Ələkbərov çıxış edərək AHİK-in keçdiyi inkişaf yolundan danışıblar.

Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub.