“20 Yanvar” gecəsinin ağrı-acısını yaşayan iki metropolitençi ilə görüş keçirilib

896

20 yanvar hadisələrinin 33-ci ildönümü ilə əlaqədar Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) görüş keçirilibdir. O qanlı gecə şəhid olmuş və Şəhidlər Xiyabanında dəfn olunmuş metro inşaatçısı Əflatun Kazımovun oğlu Surac və paytaxtda dinc insanlara açılan atəşlə yaralanmış Mansur Qocayevin iştirakı ilə keçirilən tədbir zamanı o dəhşətli gecə bir daha xatırlanıb.

MİHİ-nin Sədri Arif Mərdanov o gecənin Azərbaycan xalqını azadlığa aparan yolun başlandığı olduğunu qeyd edərək günahsız qurbanlar Əflatun Kazımov və İlqar Qarayevin də müqəddəs bir amal uğrunda şəhid olmalarını və əbədi olaraq xatırlanacaqlarını qeyd edib.

Görüşdə xalqımızın o gecə nümayiş etdirdiyi əzm və iradənin sadəcə təsadüf olmadığını 30 illik Qarabağ həsrəti dövründə  də əyani nümayiş olunub. Səbrlə məhz o günü gözləyən və liderinə inanan xalq cəmi 44 gün ərzində əldə olunan Zəfər tarixində də birlik və gücünü nümayiş etdirib.

Əflatun Kazımovun oğlu, hazırda Depolar Üzrə İş Departamentində qaynaqçı kimi çalışan Surac xatirələrindən, Elektrik Təchizatı Xidmətinin əməkdaşı Mansur Qocayev cəllad gülləsinə tuş gəlməsini xatırlayaraq, xalqımızın qəhrəmanlıq tarixində o gecənin bir parçası olmaqları ilə qurur duyduqlarını vurğulayıblar.

Görüşdə o gecə insanların yanında olmağı özünə borc bilən “Nərimanov Elektrik Deposu”nda çalışan İlqar Qarayevin də xatirəsi anılıb.

Səmimi söhbət əsnasında MİHİ-nin Sədri görüş iştirakçılarının iş və sosial məişət qayğıları ilə maraqlanıb, onlara “Bakı Metropoliteni” QSC Sədrinin, kollektivin və həmkarlar ittifaqının daim dəstək olacağını vurğulayıb.