Türkdilli ölkələr arasında münasibətlər yüksələn xətlə inkişaf edir

537

“Əlverişli coğrafi mövqeyi, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi, logistik imkanlarının genişliyi, tranzit yük daşımalarının səmərəli təşkili və etibarlı təminatı ölkəmizin bütün səviyyələrdə əhəmiyyətini artırmaqla yanaşı, iqtisadi qüdrətini də möhkəmləndirir. Regionun lider dövləti statusunu qazanan Azərbaycanın təşəbbüskarı olduğu və reallaşdırdığı layihələr iştirakçı dövlətlər üçün olduqca faydalı hesab olunur və dəstəklənir, həmçinin ölkəmizin istər Avropa ölkələri, istərsə də Asiya ölkələri ilə əməkdaşlığı durmadan genişlənməkdədir. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya, o cümlədən türkdilli dövlətlərlə münasibətlərini xüsusilə yüksək qiymətləndirmək olar.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, türkdilli ölkələrlə mövcud olan əlaqələrimizin strateji səviyyəyə çatmasında və durmadan inkişafında dövlətimizin başçısı cənab İlham Əliyevin xidmətləri xüsusilə vurğulanmalıdır və bu, dövlətimizin xarici siyasətinin mühüm tərkib hissəsidir: “Bu il reallaşan Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri münasibətlərin dinamik inkişafından xəbər verir. Prezident İlham Əliyevin Türkmənistana son səfəri, Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünün keçirilməsi hazırda dünyada yaşanan ziddiyyətli məqamlar və gərgin hərbi-siyasi vəziyyət fonunda olduqca xüsusi əhəmiyyət kəsb edir”.

“Bu cür görüşlər və təşkil olunan qarşılıqlı səfərlər, həmçinin aparılan danışıqlar və imzalanan sənədlər imkan yardır ki, qardaş ölkələr həmrəy olsunlar, istənilən böhrana qarşı vahid mövqedən çıxış etsinlər. Təbii ki, eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olmaları bu birliyin təməl prinsipləridir. Məlumdur ki, hər üç ölkə arasında münasibətlər bütün sahələrdə ildən-ilə yüksəlir, əsasən iqtisadi göstəricilər durmadan artır. Ticari-iqtisadi, gömrük, energetika, nəqliyyat, elm, təhsil və mədəniyyət sahəsində Azərbaycan-Türkiyə-Türkmənistan səndələrinin imzalanması bu ölkələr arasında olan əlaqələri yeni müstəviyə daşıyacaq, qeyd olunan sahələrdə dinamik inkişafa yeni təkan verəcək”, – Milli Məclisin deputatı bildirib.