Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində imzalanan Sahə Kollektiv Sazişində işçilər üçün yeni güzəştlər müəyyən edilib

934

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2022-2024-cü illər üçün sahə kollektiv sazişi imzalanıb.

Sənədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Respublika Komitəsinin sədri Rəşad Səfərov imza atıblar.

Saziş işçilərin əmək və sosial hüquqlarının, qanuni mənafelərinin daha etibarlı təminatı baxımından mühüm əhəmiyyət kəsb edir.

Yeni sazişin hazırlanmasına işəgötürən və həmkarlar təşkilatının mütəxəssisləri cəlb olunub, sazişdə əvvəlki müqavilələrdən fərqli olaraq bir sıra əlavələr və dəyişikiklər öz əksini tapıb. Belə ki, Sazişə sosial baxımdan həssas əhali qrupuna aid edilən şəxslərin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə həmkarlar ittifaqı komitəsinin vəsaiti hesabına əlavə dəstək vermək, əmək şəraiti zərərli olan işdə işləyənlərin, 16 yaşdan 18 yaşadək işçilər, 1-ci dərəcə əlilliyi olan işçilər, hamilə qadınlar, 8 yaşınadək uşağı olan və ya həmin uşağını təkbaşına böyüdən qadınlar (kişilər), sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan qadınlar üçün haqqı ödənilməklə həftədə 35 saat qısaldılmış iş vaxtı müəyyən etmək, uzunmüddətli əmək stajına görə mükafatların verilməsini təmin etmək, müəyyən mükafat vermək, həmçinin bayram günləri ilə əlaqədar işçilərə əlavə maddi yardım göstərmək, əmək məzuniyyətinə gedərkən işçilərə, habelə üzrlü səbəbdən əmək məzuniyyətinə çıxa bilməyən işçilərə maddi yardım vermək kimi yeni maddələr əlavə olunub. Bundan başqa birinci Qarabağ və Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə, eləcə də qaçqın və işğal olunmuş rayonlardan məcburi köçkün düşmüş işçilərə yardımlar etmək, işləyən əlillərin əmək haqqına əlavələrin olunması kimi məsələlər sazişə daxil edilib. Saziş əmək kollektivinin iş şəraitinin yaxşılaşdırılması, əməyin ödənilməsi, mühafizəsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qarşılıqlı maraqlar əsasında hazırlanıb, tərəflərin müzakirəsinə çıxarılıb. Sənədə edilən dəyişikliklərdə Əmək Məcəlləsinin tələbləri nəzərə alınıb.

İşəgötürənlər sənədə əsasən, mövcud qanunverciliyə uyğun olaraq həmkarlar ittifaqının hüquqlarına riayət etmək, onun fəaliyyətinə kömək və yardım göstərmək, strukturuna müdaxilə etməmək kimi öhdəliklər götürüb.

Respublika Komitəsi işçilərin əmək hüquqlarını ciddi nəzərə aldığı, qanuni mənafelərinə hörmətlə yanaşdığı üçün Nazirliyə təşəkkür edib.

Qeyd edək ki, kollektiv saziş Əmək Məcəlləsinin bir çox maddəsində öz əksini tapıb. Məcəlləyə əsasən, kollektiv saziş müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqı və işəgötürənlərin birlikləri arasında işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərinin müəyyən edilməsi məqsədi ilə bağlanır.