Qüdrətli Azərbaycanın qurucusu

573

“2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”.

Prezident İlham ƏLİYEV,
24 dekabr 2021-ci il
Şuşa, Cıdır düzü

60 illik yubileyini ailə üzvləri ilə birgə şanlı zəfərimizin zirvəsi, mədəniyyətimizin paytaxtı Şuşa şəhərində qeyd edən Prezident İlham Əliyev Cıdır düzündəki çıxışına heç də əbəs yerə bu fikirlərlə başlamamışdı. Çünki 19 il öncə Ulu Öndər Heydər Əliyevin çağırışına səs verən qədirbilən Azərbaycan xalqından etimad mandatı alan cənab İlham Əliyev bu qısa zaman dövründə daim xalqının yanında olub, ancaq milli maraqlara xidmət edən siyasət yürüdərək alternativsiz Lider olduğunu təsdiqləmişdir. Həmçinin 200 illik müharibəyə, 30 illik münaqişəyə son qoyan Müzəffər Ali Baş  Komandan əsl sərkərdə kimi Azərbaycan xalqının qəlbində əbədi heykəlini ucaltmışdır.
Bu bir həqiqətdir ki, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın son 19 ildə əldə etdiyi böyük zəfərlər məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Böyük strateq, Ümummilli Lider Heydər Əliyev məktəbinin ən layiqli məzunu məhz dahi şəxsiyyətdən öyrəndiyi siyasi kursu, daxili və xarici diplomatiyanı necə reallaşdırdısa, cəmi 19 ildə adını dünyada ən islahatçı Prezident, etibarlı tərəfdaş, sözünə və vədinə sadiq barışdırıcı Lider, ən arzuolunan dövlət başçısı, qlobal miqyaslı layihələrin müəllifi və əsl komandan kimi tanıtmağa müvəffəq oldu. Bu, ilk növbədə Ulu Öndər Heydər Əliyev siyasi kursunun təntənəsi idi.

Ən layiqli Lider, yüksəlişin təməl daşı

Görkəmli şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin özəyində xalqına, dövlətinə və Vətəninə olan sonsuz sevgi dayanırdı. O, xalqa verdiyi bütün sözlərin, vədlərin mahiyyətini dərindən dərk edirdi. Bu siyasət nəhəngi “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcəyəm və bütün fəaliyyətimi Azərbaycanın gələcək inkişafına sərf edəcəyəm” deyərək üzərinə götürdüyü öhdəlikləri özünün müdrikliyi, peşəkarlığı, uzaqgörənliyi ilə müsbət sonluqla şərəflə yerinə yetirdi.
Xalqına etdiyi müraciətlərin bir məqamına məsuliyyətlə yanaşan Ulu Öndərin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri Azərbaycanı bugünkü xoşbəxt gələcəyə daşıdı. Məhz Heydər Əliyev məktəbinin ən layiqli məzunu bu işlərin öhdəsindən gələ bilərdi. Ölkəmizin bu gün qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər, ən əsası, regionun liderinə çevrilməsi, dünyada söz sahibi olması Ulu Öndərin illər öncə səsləndirdiyi sözlərin nə qədər uzaqgörənliklə, müdrikcəsinə söylədiyini bir daha təsdiqlədi.
2003-cü ildə xalqın mütləq əksəriyyəti cənab İlham Əliyevi özünə yeni lider, prezident seçdi. Heydər Əliyev siyasi kursuna sadiq qalacağına, onun yürütdüyü siyasətin, yarımçıq qalan ideyalarının gerçəkləşməsi üçün var gücü ilə çalışacağına söz verən cənab İlham Əliyev sözdə yox, əməldə fəaliyyətə başladı.
Əldə edilən nailiyyətlər isə göz önündədir.
Prezident seçildikdən sonra cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarını təsdiqləyərək daxili inkişafı şərtləndirən mühüm addımlar atmağa başladı. Bu günədək ölkəmizdə regionların inkişafı ilə bağlı qəbul edilən 4 dövlət proqramı (2004-2008-ci, 2009-2013-cü, 2014-2018-ci, 2019-2023-cü illər) Azərbaycanın, xüsusən də regionların simasını büsbütün dəyişdi. Bir vaxtlar özünün təbii sərvətləri olduğu halda xalqının enerjiyə olan tələbatını idxal hesabına ödəyən dövlət çox keçmədi ki, dünyaya enerji ixrac etməyə başladı. Əlavə edək ki, ilk dövlət proqramının icrasına başlayarkən Azərbaycanın dövlət büdcəsinin gəlirləri 7 518 400 milyon manat, xərcləri isə 7 833 400 milyon manat, valyuta ehtiyatları cəmi 1,8 milyon dollar idi.
Amma Prezident İlham Əliyev yenə də heç bir sosial layihəni təxirə salmadı, dövlət proqramında nəzərdə tutulmuş bütün layihələr icra edildi. Eləcə də digər dövlət proqramlarının vaxtında və uğurlu icrası və Prezident İlham Əliyevin mütərəqqi islahatları ilə Azərbaycan həqiqətən də güclü iqtisadi bazaya sahib dövlətə çevrildi. Təkcə ölkənin valyuta ehtiyatlarının hazırda 56 milyard dollara, dövlət büdcəsinin gəlirlərinin isə 30 milyard manata yüksəlməsi bunu təsdiqləyən reallıqdır.
Son 19 ildə dövlət başçısının fəaliyyətinin mühüm tərkib hissəsini ölkənin sosial-iqtisadi inkişafının daha da möhkəmləndirilməsi təşkil etdi. Ardıcıl olaraq həyata keçirilən kompleks tədbirlər sayəsində ölkəmizdə vətəndaşların daha layiqli həyat şəraiti təmin olundu. Bu istiqamətdə mütəmadi xarakter alan islahatların nəticələrini hər bir Azərbaycan insanı öz həyatında hiss etməyə başladı. Prezidentin müxtəlif vaxtlarda verdiyi sərəncamlarla elə bir sahə olmadı ki, minimum əməkhaqqında, pensiya və müavinətlərdə artım olmasın. Ümumilikdə əməkhaqların, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin müntəzəm olaraq artırılması ölkəmizin dayanıqlı iqtisadi gücünü və sürətli inkişafını göstərir. Bu artım ölkəmizin bundan sonra da sosial-iqtisadi inkişafına, əhalinin sosial rifah halının və əmək şəraitinin daha da yaxşılaşmasına böyük imkanlar yaradacağını deməyə əsas verirdi.

Hər zaman xalqın yanında olan Lider

Azərbaycan Prezidenti hər zaman xalq içərisində oldu, paytaxtda və regionlarda sadə vətəndaşlarla səmimi söhbətləşərək arzu və istəklərini dinlədi, dar gündə də, xoş gündə də onlarla birlikdə oldu. Xalqın marağından kənar heç bir addım atmadı, bütün müstəvilərdə xalqının mənafeyini ləyaqətlə müdafiə etdi. Qədirbilən Azərbaycan xalqı Prezidentin bu diqqət və qayğısını yüksək dəyərləndirərək hər zaman ona dəstək verdi, birlik nümayiş etdirdi.
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqımızın ruhuna hopdu, həmrəyliyimizi daha da möhkəmləndirdi, böyük uğurlarımıza və qələbələrimizə yol açdı. İndi hər bir Azərbaycan vətəndaşı böyük fəxarətlə deyə bilər ki, mən siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın tam bərqərar olduğu, bütün sahələrdə inkişafın ən uca zirvəsinə ucalmış ölkədə yaşayıram. Görülən irimiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycanın siyasi, iqtisadi imkanları durmadan genişlənir, beynəlxalq nüfuzu artır.
Dövlət başçısı cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilərkən xalqa verdiyi ən ali vədi Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi idi. Həmin zaman Prezident İlham Əliyev birmənalı şəkildə bəyan etmişdi ki, bizim Ermənistan tərəfinə edə biləcəyimiz ən böyük güzəşt danışıqlar masasında əyləşib bu məsələni sülh yolu ilə həll etmək olar, bundan başqa hər hansı bir güzəşti bizdən gözləməsinlər, torpağımızın bir qarışını belə heç kimə verməyəcəyik.
Prosesləri düzgün qiymətləndirərək özünün siyasi potensialı, diplomatik bacarığı ilə Ermənistanın işğalçı hakimiyyətini ifşa edən Azərbaycan Prezidenti beynəlxalq və regional təşkilatların, dövlətlərin bu istiqamətdə qətnamalər qəbul etməsinə nail oldu. Dünyanın mütərəqqi qüvvələri Ermənistanın apardığı təbliğatın yalan olduğunu, Azərbaycanın ədalətli mövqeyini, əsl həqiqəti anlamağa başladılar. Bu, Prezident İlham Əliyevin böyük diplomatik uğuru idi.

Avropanın enerji xəritəsini dəyişən qlobal layihələr

Əlverişli coğrafi mövqedə və ən mühümü iki qitənin qovuşuğunda yerləşməsi Azərbaycana yeni-yeni əlaqələrin qurulması prosesində mühüm rol oynamaq imkanı verdi.  Zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan özünü qlobal əhəmiyyətli enerji layihələrinin müəllifi kimi tanıtdı və coğrafi üstünlüyündən faydalanaraq şərqlə qərbi, şimalla cənubu birləşdirən nəqliyyat qovşağı və logistik mərkəzə çevrildi.
Məhz Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri ilə reallaşan transmilli layihələr Azərbaycanı dünyada etibarlı tərəfdaşa çevirdi. Ölkənin əlverişli geostrateji mövqeyi keçən 20 ilə yaxın dövr ərzində irimiqyaslı layihələrin həyata keçirilməsinə, nəqliyyat-kommunikasiya infrastrukturunun müasir tələblərə cavab verən səviyyəyə çatmasına imkan verdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu da artırdı. Hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Bu reallığı tərəfdaşlıq etdiyimiz böyük ölkələr də bölüşürlər.
Dünyanın hətta ən qüdrətli dövlətləri belə enerji sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməklə yanaşı, bundan, sözün əsl mənasında, qürur hissi keçirdiklərini də açıqlayırlar.
Bu prosesi dəyərləndirən Prezident İlham Əliyev deyir ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişir. Çünki Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkməklə yeni rekordlara imza atıb.
“Şərq-Qərb”,”Şimal-Cənub” nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm də “Cənub-Qərb” və “Şimal-Qərb” layihələri üzərində də iş aparan Azərbaycan bu gün Avrasiyada enerji körpüləri yaradır.
Hazırda Rusiya-Ukrayna müharibəsinə görə rəsmi Moskvaya tətbiq edilən sanksiyalar üzündən Avropanın enerji təminatında əsas ümid yerindən biri də  Azərbaycandır. Bu il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması da bir daha təsdiqlədi ki, Avropanın bu gün Azərbaycan qazına böyük ehtiyacı var.

Böyük zəfərin memarı

Bununla paralel olaraq cənab İlham Əliyev Ali Baş Komandan kimi Azərbaycan Silahlı Qüvvələrinin arsenalının gücləndirilməsi, daha da modernləşməsi istiqamətində cox ciddi islahatlar apardı. Bu da təbii idi. Çünki torpaqları işğal altında olan ölkənin güclü orduya ehtiyacı vardı. Torpaqlarını işğaldan sülh yolu ilə azad edə bilməyən ölkə sonunda məsələni güc yolu ilə həll etməli idi.
Ali Baş Komandan qısa zamanda elə bir ordu formalaşdırdı ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü orduları sırasında qərarlaşdı. İllər keçdikcə Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndi. Ali Baş Komandanın ordu quruculuğu siyasəti mükəmməl nəticələr verdi.  2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Günnüt zəfəri bir daha təsdiqlədi ki, Azərbaycan Ordusu istənilən zaman torpaqlarımızı azad etməyə qadirdi. Elə belə də oldu və dünya ilk dəfə “smart müharibə” aparan dövlətin böyük zəfərinə şahidlik etdi.
Müzəffər Ali Baş Komandanın “dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi. İgid Azərbaycan oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın 30 illik həsrətinə son qoydular.
Dövlət başçısı böyük sərkərdəlik keyfiyyətləri ilə yenilməz ordumuzun qüdrəti, xalqımızın sarsılmaz birliyi sayəsində cəmi 44 günə Ermənistan ordusunu məhv etdi, hərbçilərinin sağ qalanları isə fərariliklə, qaçmaqla canlarını qurtardılar.
İkinci Qarabağ müharibəsinin gedişi göstərdi ki, sıravi əsgərdən tutmuş generala qədər hər bir döyüşçümüz qəhrəmandır, onlar igidlikləri ilə Azərbaycanın ən böyük tarixini yazdılar.
Prezident İlham Əliyev diplomatik və sərkərdəlik məharəti ilə Azərbaycanın son 200 illik tarixini yenilədi, bu müddət ərzində qələbəyə həsrət qalmış xalqın tarixinə qızıl hərflərlə “Qalib Azərbaycan” ifadəsini həkk etdirərək onu müzəffər etdi. Gələcək nəsillərə isə böyük ibrət, qəhrəmanlıq məktəbi miras qoydu.

Azərbaycan qalib tərəf kimi sülh prosesini diktəsi ilə idarə edir

İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yarandı. Amma ən mühümü – Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi hələ də müzakirə mövzusu olaraq qalır. Bunun da yeganə səbəbi Ermənistanın əsassız iddialarıdır.
Azərbaycan qalib tərəf kimi prosesi öz diktəsi ilə idarə edir, Ermənistan isə müxtəlif bəhanələr gətirib vaxt udmaq istəsə də, istəyinə nail ola bilmir. Çünki bölgədə marağı olan güclər Cənubi Qafqazda sülhün və təhlükəsizliyin tez bir zamanda təmin olunmasını istəyirlər. Yəni dünya birliyi də Azərbaycanın haqlı tələbini aydın şəkildə dəstəkləyir. Tərəflər arasında aparılan sülh danışıqları isə həm Rusiyada, həm də Avropada reallaşır.
Sülh müqaviləsi yalnız Prezident İlham Əliyevin irəli sürdüyü 5 prinsip əsasında imzalana bilər. Brüssel və Soçidə keçirilən bütün görüşlərdə Azərbaycan Prezidenti qətiyyətli qərarında israrlı olduğunu ortaya qoyub və bəyan edib ki, Qarabağ münaqişəsi artıq keçmiş tarixdir, Azərbaycan bunu öz gücü ilə həll edib. Ermənistan da Brüsseldə imzaladığı bəyanatla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf edib.

Möhtəşəm quruculuq və Böyük qayıdış

Vətən müharibəsindəki şanlı zəfərdən sonra Azərbaycan dövləti işğaldan azad edilən torpaqlarında – Şərqi Zəngəzurda və Qarabağda misli görünməmiş tikinti-quruculuq işlərinə başlayıb. Həyata keçirilən bütün layihələr heç kimdən, yəni heç bir dövlətdən, beynəlxalq maliyyə təşkilatlarından maddi yardım almadan, dövlətin öz gücü hesabına həyata keçirilir. Bu da bir daha Azərbaycanın iqtisadi qüdrətinin bariz təcəssümüdür desək, yanılmarıq.
Prezident İlham Əliyev tərəfindən noyabrın 16-da 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə təsdiqlənən, strateji əhəmiyyət hədəfləyən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” qəbul edilib. Bu, əlbəttə ki, milli maraqlarımızı, dövlətçiliyimizi dəstəkləyən tarixi sənəddir.
Hazırda Şərqi Zəngəzur və Qarabağda sıfırdan yeni şəhər və kəndlər salınır. Yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqlarının inşası nəzərdə tutulub, hava limanları tikilir, 100 kilometrlərlə dəmir yolu, minlərlə kilometr avtomobil yolu çəkilir, habelə digər irihəcmli layihələr reallaşdırılır. Qısa müddətdə bu istiqamətdə xeyli işlər görülüb. Aparılan işlərin sürəti də göstərir ki, yaxın zamanlarda bu proses yekunlaşacaq, sakinlər öz ata-baba yurdlarına qayıdaraq əbədi xoşbəxt yaşayacaqlar. Bu istiqamətdə dövlətimiz tərəfindən bütün tədbirlər görülür və buna hər kəs şahidlik edir. Artıq Böyük qayıdışa da start verilib. Tezliklə digər rayonlarımızın əhalisi də yurd-yuvalarına qayıdacaqlar.
Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu istiqamətdə hazırda ciddi işlər həyata keçirilir. Zəngilan-Horadiz avtomobil yolunun və Horadiz-Ağbənd dəmir yolunun tikintisi davam etdirilir. Gələn il bu layihələrin başa çatacağı gözlənilir. Dəhlizin açılması ilə  Azərbaycanın əsas hissəsi bu yol vasitəsilə Naxçıvanla birləşəcək. Bununla  Azərbaycan həm də Orta dəhlizə böyük töhfə verəcək. Uzaq Çindən gələn yüklərin Azərbaycandan keçməklə tez bir zamanda Avropaya çatdırılması təmin ediləcək. Eyni zamanda Azərbaycan Avrasiyada yeni nəqliyyat-logistika körpüsü yaratmış olacaq.
Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı xərclər Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ehtiva etdiyi məqsədlərin reallaşdırılması çərçivəsində maliyyələşdiriləcək. 2023-cü ildə strategiya çərçivəsində qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün ayrılan 5 milyard 244 milyon manat həcmində vəsaitin 60 faizi Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işlərinə yönəldiləcək.
Vətən müharibəsində tarixi qələbəmizdən sonra ölkə Prezidentinin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda başlayan yenidənqurma işlərinə bu ilin dövlət büdcəsində bəzi xərc istiqamətləri üzrə istifadə olunmamış vəsaitlərin də bu məqsədlərə səfərbər edilməsi nəzərə alınmaqla, 3 il ərzində, yəni 2021-ci, 2022-ci və 2023-cü illərdə ümumilikdə 9,7 milyard manatdan artıq vəsait yönəldilib.

Ən sadiq silahdaş, ən böyük dəstəkçi

Danılmaz həqiqətdir ki, ötən uzun müddət ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatların, qazanılan böyük zəfərin, uğurlu daxili və xarici siyasətin ən böyük dəstəkçisi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da əldə olunan uğurlarda əvəzsiz xidmətləri var. Mehriban xanım Əliyevanın dövlət başçısının ən sadiq silahdaşı kimi göstərdiyi fəaliyyət, gördüyü işlər çoxşaxəli və misilsizdir.
Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın gördüyü işləri təhlil etsək, əminliklə deyə bilərik ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.
Vətən müharibəsi dövründə ölkənin birinci xanımının atdığı addımlar isə hər kəsin ürəyini dağa döndərdi. Belə ki, Mehriban Əliyeva bu dövrdə şəhid analarına mənəvi dəstək verib, dərdlərinə şərik oldu. Güclü qadın kimi şəhid ailələrini ailəsi bildi. Qarabağ müharibəsində əlil olan oğullara qardaş dedi, hələ də övladlarının yoxluğuna inanmayan, gözü yolda qalan anaları bağrına basdı, onlara ana dedi, qarşılarında baş əydi. Həm Vətən müharibəsi, həm də ondan sonrakı tarixi mərhələlərdə Mehriban Əliyeva Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı olaraq Ermənistanın insanlıq əleyhinə hərbi cinayətləri ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər etdi.
Bu gün işğaldan azad edilən torpaqlarımızda aparılan tikinti-quruculuq işlərinə onun rəhbərlik etdiyi, Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu böyük töhfələr verir. İki ildir ki, minlərlə abidəyə yeni nəfəs verən Heydər Əliyev Fondu Qarabağdakı dini irsimizin, məscidlərimizin, mədəniyyət abidələrimizin bərpasını reallaşdırmaqdadır.
Bir sözlə, dövlət başçısı cənab İlham Əliyevlə birgə Mehriban xanımın ölkənin inkişaf strategiyasının hazırlanmasında, həyata keçirilməsində, həmçinin sosial, humanitar və iqtisadi layihələrin gerçəkləşməsində böyük əməyi var.
Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin dövlətçilik məharəti və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan möhtəşəm, parlaq və xoşbəxt gələcəyə doğru inamla irəliləyir. Bu da onu deməyə əsas yaradır ki, bizi qarşıda daha yeni-yeni, bol-bol uğurlar və işıqlı gələcək gözləyir. Həmişə olduğu kimi, bundan sonra da müdrik və qədirbilən xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək qürurverici zəfərlərə, daha böyük uğurlara imza atacaq.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

“Azərbaycan” qəzeti 23 dekabr 2022-ci il