Laçın rayonunun yeni inkişaf dövrü başlayıb

700

“Qırx dörd günə böyük qəhrəmanlıq dastanı yazan kamil, müdrik Azərbaycan xalqı müasir dövrdə bir daha öz kimliyini ortaya qoydu. Bütün dünyaya gücünü, qüdrətini, ləyaqətini nümayiş etdirdi. Bildirdi ki, Vətən amili bizim üçün ən ali dəyərdir, bu yolda hətta ölüm belə müqəddəsdir. Xalqımızın keçdiyi tarixin hər bir səhifəsinə nəzər salsaq, Vətən anlayışının xalqımız üçün nə qədər uca bir məqamda olduğunu dərk edə bilərik. Vətən müharibəsi bu şanlı tarixin davamı, Azərbaycan xalqının, onun rəhbərinin, qəhrəman oğul və qızlarının şərəfli missiyasıdır. Gələcək nəsillər də cəmi 44 günə yazılmış bu tarixin mahiyyətini dərindən dərk edəcək, Vətənini, dövlətini bütün təhdidlərdən öz ata-babaları kimi, şərəflə qoruyaraq növbəti nəsillərə ötürəcəklər. Bu dastanı oxuduqca xalqın gücünün, qüdrətinin kökündə onun birliyinin, həmrəyliyinin durduğunu aydın şəkildə görəcək, növbəti uğurlara, qələbələrə imza atmaq üçün bu gün xalqımızın nümayiş etdirdiyi sarsılmaz birliyi özləri üçün örnək götürəcəklər”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, yenilməz Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində düşmənə elə bir zərbə vurdu ki, Ermənistan məğlubiyyətini, işğalçı ordusunun məhv edildiyini etiraf edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu: “Bununla da noyabrın 20-də Ağdam rayonunun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri Azərbaycana təhvil verildi. Noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın şəhəri və 126 yaşayış məntəqəsi Azərbaycana qaytarıldı. Düşmən uzun illər həmin ərazilərdə möhkəmlənmişdi, “keçilməz” adlandırdığı istehkamlar qurmuşdu, amma dövlətimizin başçısının cəsarəti, qətiyyəti, diplomatik bacarığı sayəsində döyüşsüz, itkisiz azad edildi. Heç kimdə şübhə yox idi ki, qarşısıalnmaz Ordumuz bu əraziləri də işğaldan qurtaracaq, düşmən də bunu bilirdi, anlayırdı ki, heç bir şansı qalmayıb”.

“Düşmənin vandal hərəkətləri bu rayonlarımızdan da yan keçməyib. Məsələn, Ağdamda onların törətdiyi vəhşiliklər heç bir insanlığa sığan deyil, gözlərinə nə görünübsə, onu məhv ediblər. Həmçinin işğal zamanı Kəlbəcərdə onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edildi, rayonun milyardlarla manatlıq sərvəti təcavüzkar ölkəyə daşındı. Eyni aqubətlə Laçın rayonu da üzləşdi. Yüzlərlə mədəniyyət, təhsil, səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən məhv edildi, tarixi abidələr dağıdıldı. Bütün bunlar Ermənilərin əsl simasını, dağıdıcı, pozucu, xain xislətini göstərir. Onlar beynəlxalq hüququn prinsiplərinə zidd olaraq hətta Kəlbəcər və Laçında qanunsuz məskunlaşma həyata keçirirdilər, coğrafi adları belə dəyişirdilər”, – Milli Məclisin deputatı qeyd edib.

“Hazırda bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Şərqi Zəngəzurda və Qarabağda sistemli və plana uyğun olaraq tikinti-quruculuq işləri davam etdirilir. Yeni yollar çəkilir, sosial obyektlər tikilir, infrastruktur yaradılır, yaşayış binları inşa edilir. Açılışı 2025-ci ildə nəzərdə tutulan Laçın Beynəlxalq Hava Limanının tikintisi hazırda sürətlə aparılır. Bu, bölgənin beynəlxalq statusunu artırmaqla yanaşı, sosial-iqtisadi inkişafına təkan verəcək, turizm imkanlarını genişləndirəcək, həmçinin logistik mərkəzlərin yaradılmasına mühüm töhfə olacaq. Hər kəsə məlumdur ki, bütün bu işləri dövlətimiz heç bir kənar dəstək olmadan, özünün maliyyə imkanları hesabına reallaşdırır. Qeyd etdiyim məqam ölkəmizin gücünü, iqtisadi qüdrətini bir daha təsdiqləyir, – AHİK sədri deyib.

S.Möhbalıyev qeyd edib ki, 30 illik münaqişədən qalib çıxan Azərbaycan münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində səylə çalışır: “Dövlətimizin əsas istəyi bölgədə sülh və təhlükəsizliyin təmin olunması, region ölkələri arasında əməkdaşlığın genişləndirilməsidir. Ermənistanın da bunu dəyərləndirməsi vacibdir. Anlamalıdırlar ki, Azərbaycan güclü dövlətdir, regionda böyük söz sahibidir. Necə ki, 30 il aparılan danışıqlarda onların bütün çirkin niyyətlərini alt-üst etdi, “Böyük Ermənistan” planının üstündən birdəfəlik xətt çəkdi, bundan sonra da elə olacaq. Bunun üçün də Azərbaycanın irəli sürdüyü bütün təklifləri qəbul etməlidirlər. Əks təqdirdə, yəni baş verəcək istənilən təxribatın nə ilə başa çatacağı hamıya məlumdur. Bunu biz bu il avqustun 3-də və sentyabrın 12-13-də gördük”.