Fransa Milli Assambleyasının qətnaməsi bu ölkənin Azərbaycana qarşı növbəti təxribatıdır

437

“Fransa Senatının ardınca bu ölkənin Milli Assambleyasının da Azərbaycana qarşı qəbul etdiyi qətnamə son dərəcə riyakar xarakter daşıyır, ədalətsiz bir qərardır, əsasən regionda sabtliyi pozmağa və gərginliyi artırmağa bir cəhddir. Bu, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli bir qərar olmaqla beynəlxalq hüququn norma və prinsiplərinə böyük hörmətsizlikdir”.

Bunu Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş qətnamayə münasibət bildirərkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.

“Münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması üçün aparılan danışıqlar fonunda qəbul edilmiş bu tipli yersiz qərarlar, təbii ki, prosesin əngələnməsinə hesablanıb. Həmin qətnaməyə səs verən hər bir şəxs bilməlidir ki, Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur, daim mehriban qonşuluq prinsiplərinə üstünlük verib, hətta özü uzun illər işğalla üzləşib, təcavüzkarlara qarşı mübarizə aparıb. Bu gün Azərbaycanın əsl niyyəti regionda davamlı sülh və sabitliyə nail olmaqdır. Amma yeri gəldi-gəlmədi Fransanın canfəşanlıqla prosesə müdaxiləsi, qeyri-obyektiv bəyanatlar verməsi, qərəzli qətnamələr qəbul etməsi bu ölkənin ədalətsiz mövqeyini ortaya qoyur, – Milli Məclisin deputatı deyib.

AHİK sədri bildirib ki, Fransa bu cür yanaşmaları ilə getdikcə özünü beynəlxalq ictimaiyyətin gözündən salır, dünyada nüfuzunu itirir: “Fransasayağı ölkələri çıxmaqla, bu gün dünyanın əsas aparıcı dövlətləri qalib Azərbaycanın haqq işini müdafiə edir, dünya üçün əhəmiyyətini anlayır. Belə bir məqamda nə Fransa Senatının, nə də Milli Assambleyasının qəbul etdiyi yalan və iftra dolu qətnamələrinin heç bir anlamı və siyasi gücü yoxdur. Bilməlidirlər ki, Azərbaycan güclü bir dövlətdir, regionda böyük söz sahibidir. Bu cür qətnamələrlə Azərbaycanın ədalətli mövqeyinə, haqq işinə təsir göstərmək mümükün deyil, necə ki, bu, indiyə qədər mümkün olmayıb və omayacaq da”.