Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının hesabat-plenumu keçirilib

818

26 dekabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının 2022-ci ilin yekunlarına həsr olunmuş hesabat-plenumu keçirilib.

İllik hesabat yığıncağında Azərbaycan Respublikası FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Nazirliyin aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrləri iştirak ediblər.

Plenumda FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun 2022-ci ildə görülən işlər haqqında geniş hesabat məruzəsi dinlənilib.

İttifaq sədri Mehman İsmayılov çıxışında qeyd edib ki, ötən il ərzində respublikamızın milli bayramları, əlamətdar günləri və peşə bayramında İttifaq tərəfindən bir çox tədbirlər həyata keçirilib. Bildirib ki, əvvəlki illərdə olduğu kimi bu ildə də İttifaqın fəaliyyətində müharibə veteranlarına və şəhid ailələrinə diqqət, əsgərlərlə və işğaldan azad olunmuş ərazilərdə xidmət aparan əməkdaşlarla görüş əsas prioritet vəzifələrdən biri olub.

Natiq qeyd edib ki, FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə 44 günlük Vətən müharibəsi şəhidlərinin analarının və FHN-in qadın əməkdaşlarının ümumi sayına uyğun olaraq Zəngilan rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.

Vurğulanıb ki, Vətən müharibəsi şəhidi, FHN-in əməkdaşı Şəfiyev Rəşad Vaqif oğlunun ailəsi diqqətdə saxlanılıb, Aprel döyüşləri zamanı şəhid olmuş kiçik gizir Orxan Həmidovun himayəyə götürülmüş iki övladına 300 manat məbləğində maddi yardımın ödənilməsi davam etdirilib. Bu aydan başlayaraq şəhid leytenant Hümbətov Ravil Mübariz oğlunun uşaqları himayəyə götürülərək 18 yaşına çatana kimi hər ay 200 manat maddi yardım göstəriləcək.

Mehman İsmayılov nəzərə çatdırıb ki, İttifaqın dəstəyi ilə FHN-in Aran, Şimal-qərb və Cənub Regional mərkəzlərində şəhid və qazi övladları üçün “açıq qapı” günləri keçirilib, şəhid və qazi uşaqlarına hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

“26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərindən olan 44 nəfər qazi və veteranın Nabranda yerləşən “Orman” ailəvi istirahət mərkəzində 5 günlük istirahətləri təşkil edilib. Proqram çərçivəsində müxtəlif səpkili idman yarışları keçirilib və qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin, 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə nazirliyin Qəbələdəki “N” saylı hərbi hissəsində 44 nəfər Vətən müharibəsi qazisinin iştirakı ilə tədbir keçirilib, onlara qiymətli hədiyyələr təqdim edilib.

“YAŞAT” və Qarabağ Dirçəliş fondlarına Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası vasitəsilə ümumilikdə 150 min manat pul vəsaiti köçürülüb” – deyə M.İsmayılov qeyd edib.

Mehman İsmayılov hesabat dövründə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, İdman- Sağlamlıq Klubu və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə keçirilmiş yarışlar haqqında da məlumat verib. Vurğulanıb ki, Nazirlik əməkdaşları müalicə və istirahət məqsədilə müxtəlif sanatoriyalara və istirahət mərkəzlərinə yollayışlarla təmin olunub, İttifaq üzvülərindən maddi vəziyyəti aşağı olan, vəfat etmiş və ya ailə üzvlərindən birinin vəfatı ilə əlaqədar, özünün və ya ailə üzvünün xəstəliyinin müalicəsinə maddi köməklik göstərilib, 2022-ci ildə yubiley yaşları tamam olan təcrübəli FHN əməkdaşları fəxri fərmanla təltif edilib və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Mehman İsmayılov çıxışının sonunda qeyd edib ki, FHN işçilərinin Həmkarlar İttifaqı qarşısında duran bütün vəzifələrin həlli üçün bundan sonra da səylə çalışacaq, üzvlərinin əmək və sosial hüquqlarının təmin olunmasına daim yardım edəcək.

Hesabat məruzəsi dinlənildikdən sonra İttifaqın digər illik cari məsələləri və 2023-cü il üçün qəbul edilmiş tədbirlər planı müzakirə olunub, komitə sədrlərinin təklifləri dinlənilib.