Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı FHN işçilərinin peşə bayramı münasibətilə tədbir keçirib

1255

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı 16 dekabr- Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirib.

Tədbirdə FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuranın üzvləri, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının FHN-in regional mərkəzləri və digər qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin sədrləri, Nazirliyin məsul vəzifəli şəxsləri və xidməti fəaliyyətdə fərqlənən bir qrup əməkdaşı iştirak edib.

Tədbirdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tədbir iştirakçılarını 16 dekabr- Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Mehman İsmayılov peşə bayramının təsis olunma tarixinə toxunaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 dekabr 2005-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Sədr M. İsmayılov vurğulayıb ki, cənab Prezident İlham Əliyevin FHN-in yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi, nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları, tapşırıq və tövsiyələri, eləcə də FHN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlərdə iştirakı bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Mehman İsmayılov qeyd edib ki, Nazirliyin keçdiyi 17 illik uğurlu və səmərəli dövr əminliklə onu deməyə əsas verir ki, Fövqəladə Hallar Nazirliyi  bundan sonra da baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində öz peşəkar fəaliyyətlərini uğurla davam etdirəcək. FHN-in şəxsi heyəti həmişə olduğu kimi, bundan sonra da ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirəcək.

Sonda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən xidməti fəaliyyətində fərqlənən 43 nəfər FHN əməkdaşı, həmçinin Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuranın bir qrup üzvü FHN-lə yaxından əməkdaşlığa görə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.