Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin X plenumu keçirilib

1171

Noyabrın 30-da Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı (DMHİ) Respublika Komitəsinin X plenumu keçirilib.

Plenumu giriş sözü ilə DMHİ Respublika Komitəsinin sədri Fəzail Bağırov açaraq  Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan möhtəşəm qələbənin iki illiyi münasibətilə bütün xalqımızı təbrik edib.

Sonra  Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Plenumun gündəliyində duran “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin  (QSC) rəhbərliyi ilə DMHİ Respublika Komitəsi arasında  2020-2022-ci illər üçün bağlanmış Kollektiv Sazişin yerinə yetirilməsi haqqında” məsələ ilə bağlı Respublika Komitəsinin Sosial-iqtisadiyyat şöbəsinin müdiri Fətəli Bəyimov  məruzə edib.  O bildirib ki,  Respublika Komitəsinin X plenumu ölkəmizin həyatında çox əlamətdar olan günlərdə keçirilir. 8 Noyabr-Zəfər Günü, 9 Noyabr- Dövlət Bayrağı Günü, 12 Noyabr- Konstitusiya Günü, 17 Noyabr-Milli Dirçəliş Günü və eyni zamanda da 13 Oktyabr – Dəmir Yolu İşçilərinin Peşə Bayramı ölkəmizdə tarixi günlər olaraq təntənə ilə qeyd olundu.

“ADY” QSC və DMHİ Respublika Komitəsi ilə dəmiryolçuların sosial və iqtisadi hüquq və mənafelərinin effektiv müdafiəsinin təmin edilməsi, qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsi, sosial-əmək münasibətlərinin sosial dialoq və kollektiv müqavilələr vasitəsilə tənzimlənməsi üçün 2020-2022-ci illər üçün Sahə Kollektiv Saziş bağlanıb.

Bildirilib ki, cəmiyyətdə işçilərlə əmək münasibətləri hər bir işçi ilə əmək müqaviləsi və ştat cədvəli üzrə vəzifəsi qeyd olunmaqla yaranır. İşçilərin peşə və ixtisaslarına uyğun olaraq onların məşğulluğu təmin edilir. Cəmiyyət sədrinin müvafiq əmrinə əsasən, bütün mövcud vakansiyalar QSC-nin korporativ veb-saytının müvafiq bölməsində yerləşdirilir. Saytın “Karyera” bölməsinin “Vakansiyalar” hissəsində yerləşdirilmiş “Axtar” mexanizmi vasitəsilə müraciət edilir. Cəmiyyətin hər bir işçisi ilə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin  68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə müəyyən edilmiş qaydada xitam verilir. Həmkarlar ittifaqının üzvü olan işçilərin əmək müqaviləsinə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslardan hər hansı biri ilə əlaqədar ləğv etməzdən əvvəl həmin müəssisənin həmkarlar ittifaqı təşkilatından qabaqcadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılıq alınır.

Bundan başqa, Sazişə əsasən, əməyin ödənilməsi, sosial inkişaf və təminatlarla əlaqədar öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məlumatlar verildi.

Həmçinin qeyd olunub ki, Respublika Komitəsinə 2022-ci ilin 10 ayı ərzində cəmi 1223 ərizə daxil olub. Onlardan 1111 ərizə maddi yardım, 31 ərizə mənzil məsələləri üzrə, 45 ərizə sanatoriyalara yollayışlar, 36 ərizə isə digər məsələlərlə bağlı olub. Maddi yardımla əlaqədar olan hər bir ərizə müsbət həllini tapıb, digər məsələlərlə bağlı ərizələrə isə müvafiq cavablar verilib.

Əməkçilərin sağlamlığının qorunması məqsədilə Respublika Komitəsi tərəfindən cari ilin ötən dövründə dəmiryolçulara  və onların ailə üzvlərinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) xətti ilə sanatoriyalara və istirahət evlərinə 249 ədəd yollayış vərəqəsi verilib.

Plenumda əməyin mühafizəsi, təhlükəsizliyin təmin olunması, yeni texnologiyanın tətbiqi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilib.

Müzakirə olunan məsələ ilə bağlı İnfrastruktur Departamenti BHİK-in sədri Müşfiq Abasov, Sərnişin Daşımaları Departamenti BHİK-in sədri Vaqif Bədəlov, Lokomotivlərin Təmiri Departamenti BHİK-in sədri Məzahir Lətifov və  SD İstismar Xidməti HİK-in sədri Elxan Quliyev çıxış edərək öz fikir və mülahizələrini bildiriblər.

DMHİ Respublika Komitəsinin mütəxəssisi Araz Əsədli plenumun qərar layihəsini oxuyub.

Plenumda AHİK sədrinin müavini Cavanşir Alxasov da çıxış edib. O, dəmiryolu sisteminin ölkə iqtisadiyyatının ən mühüm sahələrindən biri olduğunu, dövlətimizin bu sahəyə böyük diqqət yetirdiyini bildirib.