AHİK-in İcraiyyə Komitəsi bir sıra vacib qərarlar qəbul edib

1052

Dekabrın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.

Öncə Vətənimizin müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi ilə İcraiyyə Komitəsinin üzvlərini tanış edib.

Gündəlikdə AHİK-in V Məclisin çağırılması, Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, Məclisin tərkibində qismən dəyişikliklər aparılması, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar AHİK-in Tədbirlər planı, AHİK-in yaranmasının 30 illiyi ilə əlaqədar Tədbirlər Planı, “Azərbaycan həmkarlar ittifaqlarının 30 illik yubiley” döş nişanının təsis olunması, 2022-ci il üzrə “İlin peşəkar gənci” fəxri adının verilməsi, Azərbaycanda əhali arasında 2020-2021-ci illərdə xəstələnmə hallarının analitik təhlili, Şəhid ailələri, müharibə iştirakçıları və veteranları, müharibə ilə əlaqədar əlillik təyin edilən şəxslərə qanunvericilikdə verilən hüquq və imtiyazlar, bu sahədə həmkarlar ittifaqlarının gördükləri işlər barədə məsələlər öz əksini tapıb.

“İlin peşəkar gənci” fəxri adının verilməsi barədə müzakirə zamanı bildirilib ki, həmkarlar ittifaqları gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına, işləyən, təhsil alan gənclərin hüquq və mənafelərinin yüksək səviyyədə qorunmasına çalışır, əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyət əldə edənlərin həvəsləndirilməsi üçün layihələr həyata keçirir. Artıq AHİK-in üzv təşkilatlarının təqdimatı əsasında 131-i qadın olmaqla 370 nəfər “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. 2022-ci il ərzində də xüsusi nailiyyətlər əldə etmiş gənclər müəyyənləşib və onların mükafatlandırıması nəzərdə tutulub.

İclasda 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar AHİK-in Tədbirlər planı təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, “Heydər Əliyev İli” çərçivəsində AHİK tərəfindən ağacəkmə aksiyasının, idman yarışlarının, sərgilərin təşkili, konfransların keçirilməsi, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. tədbirlər nəzərdə tutulub. S.Möhbalıyev üzv təşkilatların rəhbərlərinə bu prosesdə fəal iştirak etməyi tövsiyə edib.

Şəhid ailələri, müharibə iştirakçıları və veteranları, müharibə ilə əlaqədar əlillik təyin edilən şəxslərə qanunvericilikdə verilən hüquq və imtiyazlar, bu sahədə həmkarlar ittifaqlarının gördükləri işlər barədə qeyd olunub ki, həmin kateqoriyadan olan şəxslərin sosial problemlərinin həllinə köməklik göstərmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirilib. Sosial partnyorlarla imzalanan Baş Kollektiv Sazişdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiya olunmasının dəstəklənməsi istiqamətində müvafiq işlərin davam etdirilməsi nəzərdə tutulub. Eyni zamanda bəzi üzv təşkilatlar ilə işəgötürən arasında bağlanan tarif sazişlərində də bu qəbildən olan iştirakçılar üçün əlavə güzəştlər var. Bakı Metropoliteni QSC ilə Metropoliten işçilərinin həmkarlar ittifaqı arasında 2021-2023-cü illər üçün bağlanmış Kollektiv Müqavilədə QSC ölkə Prezidentinin fərman və sərəncamlarına əsasən, orden, medal və fəxri adlarla təltif olunmuş işçilərə respublika üzrə minimum əməkhaqqının 50%-i miqdarında aylıq ödəniş verilməsini öhdəsinə götürüb və təmin edib. Sahə həmkarlar ittifaqları tərəfindən 2022-ci ilin ötən dövrü ərzində şəhid ailə üzvlərinə və müharibə iştirakçılarına 1 790 yollayış verilib. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət nəticəsində əlil olmuş 400 nəfərin 4 ay ərzində sanatoriya-kurort müəssisələrində müalicəsi və istirahətinin təşkili üçün Konfderasiyanın vəsaiti hesabına 357 min manat dəyərində 400 yollayış ayrılıb və əvəzsiz olaraq verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) təqdim edilib. AHİK əhalinin həssas qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair AHİK və ƏƏSMN arasında imzalanmış memoranduma müvafiq olaraq ƏƏSMN-ə və Naxçıvan Muxtar Respublikasının ƏƏSMN-ə ümumilikdə 450 min manat vəsait köçürüb. AHİK şəhid ailələrinin qayğılarını, problemlərini, çətinliklərini həmişə öyrənib və bu problemlərin həllində daima onlara yardımçı olub.

İcraiyyə Komitəsində gündəlikdə olan digər məsələlərə dair də müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda AHİK sədri Səttar Möhbalıyev əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsini tövsiyə edib.

S.Möhbalıyev həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılsın, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun.

Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya sədri bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi