“Zəfər” futbol turnirinə yekun vurulub

497

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Anım Günü və şanlı qələbəmizin ikinci ildönümünə həsr olunmuş “Zəfər” futbol turniri başa çatıb. 

Sentyabrın 27-də start verilmiş turnirdə Kənd Təsərrüfatı Nazirliyi, onun tabeli qurumlarının, eləcə də aqrar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının 16 komandası iştirak edib.

Komandalar püşkatma nəticəsində 4 qrupda mübarizə aparıb. Oyunlar Azərbaycan Futbol Federasiyaları Assosasiyasının hakimləri tərəfindən idarə edilib.
Noyabrın 5-də keçirilən final görüşündə Kənd Təsərrüfatı Nazirliyinin və “Aqrar Tədarük və Təchizat” ASC-nin komandaları qarşılaşıblar. Oyunda “Aqrar Tədarük və Təchizat” ASC-nin komandası qalib gələrək I yerə, Kənd Təsərrüfatı Nazirliyinin komandası II yerə, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin komandası üçüncü yerə yiyələnib. Qalib komandalara fəxri fərmanlar, kubok və medallar, həmçinin pul mükafatı təqdim olunub.

44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbəyə həsr olunan turnirin keçirilməsində əsas məqsəd kollektivlər arasında dostluq əlaqələrinin gücləndirilməsi, işçilərin asudə vaxtlarının səmərəli təşkili və idmanın kütləviliyinin təmin olunmasıdır.