Şəhidlərimizin anım mərasimi keçirilib

464

Noyabrın 22-də Vətən müharibəsi şəhidi, Poçt Daşıma Mərkəzinin əməkdaşı olmuş baş leytenant Rəşad Rəhimovun anım mərasimi  keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivi, iş yoldaşları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Bildirilib ki, qədirbilən xalqımız heç zaman qəhrəman oğullarını unutmur, onları həmişə yad edir, xatirəsini əziz tutur. Həmçinin R.Rəhimovun fəaliyyətindən, vətənpərvərliyindən, şanlı döyüş yolundan geniş danışılıb.

Şəhidin ailə üzvləri göstərilən diqqətə görə, təşkilatçılara və iştirakçılara təşəkkür ediblər.

Bundan başqa, Şirvan şəhərində Hərbiləşmiş Mühafizə İdarəsinin əməkdaşı olmuş, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Elnur Qarayevin anım mərasmi keçirilib. Mərasimdə Şirvan Rayon İcra Hakimiyyətinin başçısı, Hərbiləşmiş Mühafizə İdarəsinin direktor müavini, İdarənin həmkarlar ittifaqının sədri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları iştirak ediblər. Şəhidin məzarını ziyarət edən iştirakçılar üzərinə gül dəstələri qoyublar. Tədbirdə Elnur Qarayevin həyatından, döyüş yolundan, qəhrəmanlıqlarından söz açılıb. Qeyd olunub ki, Elnur kimi qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Şəhidin yaxınları nümayiş etdirilən diqqətdən razı qaldıqlarını bildirib və bunun üçün təşkilatçılara minnətdarlıq ediblər.