AHİK şəhid və qazi ailələrinə bayram hədiyyələri göndərib

971

Vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı aillərərə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür.

Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər.

Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Belə ki, Fondun prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur.

Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağrışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci il aprelin 29-da respublikanın 76 şəhər və rayonunda yaşayan 3 900, 2021-ci il martın 17-də 3 900, həmin il mayın 8-də 4 000, bu il martın 16-da 4 065 şəhid ailələri və qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaqla dolu avtomobil karvanları yola salınıb.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün maliyyə vəsaiti ayrılıb. Ümumilikdə bu günə qədər AHİK tərəfindən 15 minə yaxın aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb.

Bu nəcib missiyanın davamı olaraq noyabrın 5-də qarşıdan gələn Zəfər Günü ilə əlaqədar AHİK İcraiyyə Komitəsinin qərarı əsasında respublikanın rayonlarında yaşayan 5500 şəhid və qazi ailəsi üçün ərzaq dolu avtomobil karvanı yola salınıb. Bura Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid və qazi ailələri də daxildir. AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.

Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, ölkəmizdə Zəfər bayramı ilə əlaqədar həmrəylik yaşanır: “Bütün dövlət orqanları, ictimai təşkilatlar, o cümlədən vətəndaşlarımız şəhid ailələrinin üzvləri ilə, qazilərlə, veteranlarla görüşür, qayğıları ilə maraqlanır, onlara sovqatlar verirlər.

Onlar dövlətimizin qayğıları ilə tam əhatə olunub. Demək olar ki, bütün ehtiyacları dövlət tərəfindən hərtərəfli qarşılanır. Bu da hər birimizə məlumdur ki, Azərbaycan öz şəhidlərinə ən ali qiyməti verən nadir ölkələrdəndir.

Kimliyindən asılı olmayaraq, hər birimizin müqəddəs borcudur ki, Vətən uğrunda canından keçən oğul və qızlarımızı unutmayaq, onların valideyinlərinə, həyat yoldaşlarına, yadigar qalan övladlarına dəstək olaq”.

S.Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqları şəhid ailələrinə və qazilərə mütəmadi dəstək verir: “Onlara maliyyə yardımı göstərir, şəhid övladlarının bir qisimini himayəyə götürüb, istirahətlərinin mənalı keçirilməsi, sağlamlıqlarının qorunması üçün yollayışlarla təmin edir. Bu gün qarşıdan gələn Zəfər bayramı münasibətilə 4500 şəhid ailəsi və qazilər üçün sovqatlar yola saldıq. Əsas məqsədimiz əziz gündə onları yad etmək, maddi-mənəvi dəstək olmaqdır. Ötən gün biz AHİK tərəfindən övladları himayəyə götürülən şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüşdük, qayğıları ilə maqlandıq. Bu, bizim hər birimizin müqəddəs borcudur. Çünki onlar əzizlərini bu Vətən, torpaq yolunda şəhid veriblər”.

Milli Məclisin deputatı əlavə edib ki, bu tipli layihələrimizi bundan sonra da davam etdirəcəyik.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi