AHİK sədri Səttar Möhbalıyev BHİK-nın vitse-prezidenti seçilib

1283

17-22 noyabr 2022-ci il tarixində Avstraliya İttifaqının Melbrun şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) V Dünya Qurultayı keçirilib.

Qeyd edək ki, BHİK 2006-cı ildə Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası və Ümumdünya Əmək Konfederasiyasının birləşməsi nəticəsində yaranıb və həmkarlar ittifaqı hərəkatının inkişafına dəstək olan böyük təşkilatdır. Qurum 161 ölkədə 200 milyon işçinin hüquqlarını müdafiə edir və tərkibində 325 milli üzv təşkilatı yer alıb.

BHİK-nın əsas missiyası həmkarlar ittifaqları arasında beynəlxalq əməkdaşlıq, qlobal kampaniyalar və dünyəvi institutlarda vəkillik vasitəsilə işçilərin hüquq və maraqlarını təşviq etmək və qorumaqdır.

Təşkilatın əsas fəaliyyət istiqamətlərinə həmkarlar ittifaqları və insan hüquqları, iqtisadiyyat, cəmiyyət və layiqli iş yeri, bərabərlik və ayrı-seçkiliyin olmaması, beynəlxalq həmrəylik daxildir.

BHİK həmkarlar ittifaqı demokratiyası və müstəqilliyi prinsiplərinə riayət etməklə Baş Şura və İcraiyyə Bürosu tərəfindən 4 ildən bir keçirilən Dünya Qurultayı tərəfindən idarə olunur.

Onun regional təşkilatları Asiya və Sakit Okean üzrə Regional Təşkilatı, Afrika üzrə Regional Təşkilatı və Amerika üzrə Regional Təşkilatdır. Bununla yanaşı, BHİK Avropa Həmkarlar İttifaqları Konfederasiyası və Pan Avropa Regional Şurası ilə əməkdaşlıq edir.

Təşkilat  Qlobal Birlik Federasiyaları və Həmkarlar İttifaqları Məsləhət Komitəsi (TUAC) ilə əlaqələr saxlayır, Beynəlxalq Əmək Təşkilatı və BMT-nin bir sıra digər ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edir.

V Dünya Qurultayı çərçivəsində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının Baş katibi Luka Visentini BHİK-in Baş katibi, xanım Akiko Gono (Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası) isə BHİK-in prezidenti seçilib.

Dünyanın ən böyük beynəlxalq həmkarlar ittifaqları təşkilatı olan BHİK-nın Qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) geniş tərkibdə nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin rəhbəri AHİK sədri, Azərbaycan Milli Məclisinin deputatı, Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev yenidən BHİK-nın vitse-przidenti vəzifəsinə seçilib. 161 dünya ölkələrinin daxil olduğu və 3 regional təşkilatı olan  BHİK-nın Ümumi Şurasında və İcraiyyə Komitəsində Avropa ölkələrinin həmkarlar ittifaqları təşkilatlarının təmsilçisi kimi məhz AHİK sədrinin vitse-prezident seçilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmaqla  yanaşı, AHİK-ə üzv təşkilatlar və əməkçilər üçün də qürurvericidir.

Yeni seçilən Baş katiblə görüşən S.Möhbalıyev onu təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan həmkarlar ittifaqları BHİK ilə hərtərəfli münasibətə böyük əhəmiyyət verir, təşkilatın üzvləri ilə səmərəli əməkdaşlıq edir.  L.Visentini ilə əvvəlki görüşləri və aparılan fikir mübadilələrini xatırladan S.Möhbalıyev ümidvar olduğunu bildirib ki, BHİK bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək, milli həmkarlar ittifaqları arasında əlaqələr daha da genişlənəcəkdir. L.Visentini təbrikə görə, S.Möhbalıyevə təşəkkür edib və AHİK-in fəaliyyətini yüksək dəyərləndirib.

AHİK sədri Səttar Möhbalıyev həmçinin Yaponiya Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti xanım Tomoko Yoşino ilə də görüşüb. Görüşdə Yaponiya və Azərbaycanın həmkarlar ittifaqları arasında olan münasibətlərdən, təşkil olunan qarşılıqlı səfərlərdən, aparılan fikir mübadilələrinin səmərəli nəticələrindən danışılıb. Azərbaycanın bir qrup həmkarlar ittifaqı fəalının Yaponiyaya səfərini xatırladan S.Möhbalıyev bunun əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Qeyd olunub ki, hər iki tərəf bundan sonra da münasibətlərin dərinləşdirilməsi istiqamətində səylə çalışacaqlar.

Avstraliyanın Baş naziri Entoni Albaneze də qurultayda iştirak edərək milli həmkarlar ittifaqlarına qarşıya qoyulan ağır və məsuliyyətli işdə öz məqsədlərinə çatmaları üçün uğurlar arzulayıb. Həmçinin Yeni Zelandiya hökumətinin başçısı Casinda Ardern qurultayda video müraciətlə cıxış edib.