Аviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin VII Plenumu keçirilib

735

Noyabrın 25-də Аviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin VII Plenumu keçirilib.

Plenumda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Aviasiya Təhlükəsizlik Baş İdarəsi direktorunun birinci müavini Rasim Hüseynov, həmkarlar ittifaqları komitələrinin sədrləri, həmkarlar ittifaqlarının fəal üzvləri, əməyin mühafizəsi mühəndisləri, ictimai komissiyaların üzvləri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Respublika Komitəsinin sədri Mübariz Əsədov gündəliyə çıxarılan məsələlər barədə iştirakçılara məlumat verib və sonra müzakirələr aparılıb müvafiq qərarlar qəbul edilib.

M.Əsədov COVID-19 pandemiyasına qarşı mübarizə, Vətən müharibəsi və sonrakı dövrdə Respublika Komitəsinin fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.

Bildirib ki, Respublika Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna 15 000, YAŞAT Fonduna 10 000, Qarabağ Dirçəliş Fonduna 20 000, Heydər Əliyev Fondunun regional inkişaf ictimai birliyinə, qardaş Türkiyəyə meşə yanğınları ilə əlaqədar yardım edilməsi məqsədilə 10 000, işğaldan azad edilmiş ərazilərdə AHİK-in müxtəlif təyinatlı obyektlərinin (sanatoriya, istirahət mərkəzləri, idman meydançaları və digər) bərpası və yenidən qurulması məqsədilə 15 000, Vətən müharibəsi zamanı əsgərlərimiz üçün geyim və ərzaq аlınması üçün 10 000 manat məbləğində maliyyə vəsaiti köçürüb: “Həmçinin Vətən müharibəsində Ordumuza, əsgər və zabitlərimizə, şəhid və qazilərimizə, eyni zamanda arxa cəbhədə çalışan işçilərə maddi və mənəvi dəstək vermək üçün Respublika Komitəsi, sahə həmkarlar ittifaqı təşkilatları öz imkanlarından maksimum səviyyədə istifadə ediblər”.

“Respublika Komitəsi və üzv təşkilatları tərəfindən  Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə və qazilərə 2021-ci il ərzində 224 nəfərə  41913 manat və 2022-ci ilin 9 ayı ərzində isə 15652 manat  məbləğində maddi dəstək göstərilib. Mülki Aviasiya Günü münasibətilə qurumun 2 şəhid ailəsinin hər birinə 200 manat maddi dəstək göstərilib və yay aylarında onların istirahəti təşkil edilib. Zəfər Günü münasibətilə döyüşlərdə iştirak edən 66 nəfər aviasiya işçisinə 2021-ci ildə Respublika Komitəsinin hesabından 14 900 manat, 2022-ci ildə isə 168 nəfərə 36 400 manat məbləğində maddi yardım göstərilib. Bundan başqa, şəhid ailələrinin, qazilərin müraciətlərinə həssaslıqla yanaşılıb, istəkləri təmin edilib, rəyləri nəzərə alınıb”, – RK sədri deyib.

Onun sözlərinə görə, pandemiya dövründə 106 aztəminatlı ailəyə 8 500, 387 nəfər işçiyə  62 540 manat məbləğində maddi kömək edilib, eləcə də Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 000 manat məbləğində maliyyə vəsaiti köçürülüb: “Sözsüz ki, gördüyümüz  bu kimi işlərlə kifayətlənə bilmərik. 2023-cü ildə bu sıradan olan işlərimizin davamlı olaraq həyata keçirilməsi, şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə  maddi və mənəvi yardımların göstərilməsi,  işçilərimizin  sosial rifahının yaxşılaşdırılması, müalicə və ailəvi istirahətinin təşkili, həmkarlar üzvlərimizin hüquq və mənafelərinin müdafiəsi ilə bağlı üzərimizə düşən bütün məsələlərin həllini  davam etdirəcəyik”. Sonra “Azərbaycan Hava Yolları” QSC “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin HİK sədri Vaqif Məmmədov, Hava Limanlarının İstismarı Baş İdarəsinin HİK sədri Seyfəli Məmmədov, Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Hİk sədri Kamil İlyasov və digərləri rəhbərlik etdikləri qurumların gördüyü işlər barədə danışıb, qarşıda duran vəzifələr barədə məlumatlar veriblər.

Plenumda Respublika Komitəsinin 2023-cü il üçün büdcə xərcləri və ştat cədvəli təsdiq edilib. AHİK sədrinin müavini Cavanşir Alxasov Azərbaycan həmkarlar ittifaqlarının qarşıdakı vəzifələrindən, görülməli işlərdən danışıb.

Sonda geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi