Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş konfrans keçirilib

479

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş konfrans keçirilib. Lerik rayonunda təşkil olunan tədbirin keçirilməsində məqsəd aqrar sahədə çalışan şəxslərin maarifləndirilməsi, bərabərlik və təhlükəsizlik şəraitində layiqli, məhsuldar əməyin tətbiq olunmasıdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov çıxış edərək ölkəmizdə əməyin təşkili prosesində tətbiq olunan norma və standartlar, bu sahədə mövcud olan qanunverici baza barədə geniş məlumat veriblər.

Tədbirdə çıxış edən Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Kənd Təsərrüfatı Nazirliyinin Təhsil sektorunun müdiri Emin Əliyev bildiriblər ki, layiqli əmək – beynəlxalq səviyyədə qəbul olunmuş sosial anlayışdır. Bu termin özündə səmərəli iş, əmək təhlükəsizliyi, əməkdaşların sosial müdafiəsi kimi anlayışları ehtiva edir. Layiqli əməyin əsas hədəfi sosial inteqrasiyaya, kişilər və qadınlar arasında bərabər iş imkanlarını təmin etməkdir.

Konfrans çərçivəsində keçirilən panel sessiyalarda “Layiqli əmək və iqtisadi artım BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin aspekti kimi” “Beynəlxalq Əmək Təşkilatının dayanıqlı inkişafına dair proqram və proseslərdə səmərəli iştirak üçün həmkarlar ittifaqlarının potensialının genişləndirilməsi”, “Aqrar xidmətlər sahəsində işçilərin əmək təhlükəsizliyi”, “İqlim dəyişikliklərinə qarşı mübarizə, torpaq ekosisteminin mühafizəsi” mövzularında çıxışlar dinlənilib.

Konfransın sonunda Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən bir sıra qurumlar mükafatlandırılıb.

 

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi