Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar həmkarlar təşkilatları silsilə tədbirlər keçirir

1444

7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nəzarət Ölçü Cihazları İdarəsində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan idarənin rəis müavini Şəhriyar Abbasov bu Günün yaranma tarixindən bəhs edib. Respublika Komitəsinin əmək müfəttişi Bəxtiyar Tağıyev bildirib ki, hər il dünyada 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir. Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib. Layiqli əmək  – səmərəli iş və layiqli əmək haqqının, iş yerində təhlükəsizliyin və ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi inkişaf üçün daha yaxşı imkanların, sosial inteqrasiyanın, kişi və qadınlar arasında bərabər imkanların təmin edilməsidir. Azərbaycanda layiqli əmək milli iqtisadi və sosial siyasətlərin əsas hədəflərindən biri kimi qəbul olunur. Beynəlxalq Əmək Təşkilatının layiqli əmək konsepsiyası qadınlar və kişilər üçün azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsi deməkdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin mühafizəsi şöbəsinin texniki müfəttişi Mürvət Mehrabov AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tədbir iştirakçılarına salamlarını çatdırıb. Qeyd edib ki, Azərbaycanda layiqli əmək milli iqtisadi və sosial siyasətlərin əsas hədəfləri sırasındadır. Aparılan işlərin əsas məqsədi ölkə vətəndaşının sosial siyasətin nəticələrini öz həyatında daha yaxından hiss etməsinə, onun rifahına təminat yaradan bu sosial siyasətdən layiqli şəkildə faydalana bilməsinə əlverişli şərait yaratmaqdır. Bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar Azərbaycan insanının sosial həyat səviyyəsinin və rifah halının daha da yüksəlməsinə yönəlib və bu siyasət öz səmərəsini verməkdədir. Nəzarət Ölçü Cihazları İdarəsinin həmkarlar təşkilatının sədri Şahin Quliyev əməkçilərin iş şəraitinin yaxşılaşdırılmasından, sosial sahədə təşkilat tərəfindən onlara göstərilən maddi və mənəvi dəstəkdən danışıb.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Akif Təvəkküloğlu Ümumdünya Layiqli Əmək Günü münasibətilə təbriklərini çatdırıb, bu cür tədbirlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatlar tərəfindən işçilərin hüquqlarının qorunması, sosial müdafiəsi daim diqqət mərkəzindədir. O görülən bütün işlərin ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb.

Sonunda Nəzarət Ölçü Cihazları İdarəsinin bir qrup əməkdaşı Fəxri fərmanla təltif edilib.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi