Qusarda Dayanıqlı İnkişaf Məqsədlərinə həsr edilmiş tədbir keçirilib

513

Qusar rayonunda Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komtəsinin təşkilatçılığı ilə (SİHİ RK) “Dünyamızın dəyişdirilməsi, Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyi” proqramı çərçivəsində hazırlanmış kitabların təqdimatı olub.

Tədbirdə SİHİ-nin Təşkilat şöbəsinin müdiri Elnara Muradova, baş texniki əmək müfəttişi Mübariz Verdiyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) şöbə müdiri Akif Təvəkküloğlu, həmçinin Qusar və ətraf rayonların səhiyyə müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Öncə Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş texniki əmək müfəttişi Mübariz Verdiyev tədbir iştirakçılarına AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını çatdırıb və Azərbaycan həmkarlar ittifaqlarının ölkə həyatında rolundan, görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. O, Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən nəşr edilmiş “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitabının təqdimatını edib və hazırlanmasının məqsəd və vəzifələrindən danışıb. M.Verdiyevin sözlərinə görə, dayanıqlı sosial-inkişafın təmin edilməsi dövlətimizin prioritet hesab etdiyi və uğurla həyata keçirdiyi proqramlardan biridir. Bu istiqamətdə ölkəmizdə biri-birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar icra edilir. Bunun nəticəsidir ki, ölkəmizin davamlı sosial-isqtiadi inkişafı təmin edilir.

Komitənin şöbə müdiri Elnara Muradova “Azərbaycanda COVID-19 pandemiyası müddətində həmkarlar ittifaqlarının mövqeyi və gördüyü işlər” mövzusunda çıxış edərək pandemiya dövründə həmkarlar ittifaqlarının fəaliyyətindən, gördüyü qabaqlayıcı tədbirlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb. Vurğulayıb ki, Azərbaycan həmkarlar ittifaqları COVID-19-un qarşısının alınmasında fədakarlıq nümayiş etdirib, öz vəsaitləri hesabına müəssisələrə qoruyucu vasitələr göndərib, iş yerlərində ixtisarlara yol verilməməsi üçün tədbirlər görüb, aztəminatlı ailələrə maliyyə, maddi yardımlar göstərib, bölgələrə ərzaq dolu bağlamalarla yüklənmiş onlarla maşın karvanı yola salıb.

E.Muradova həmçinin “Azərbaycanda COVID-19 pandemiyası müddətində zərərçəkmiş sahələr üzrə durum təhlili və həmkarlar ittifaqlarının mövqeyi” kitabının təqdimatını edib.

Tədbirdə çıxış edən AHİK-in şöbə müdiri Akif Təvəkküloğlu pandemiya və Vətən müharibəsi, həmçinin ondan sonrakı dövrdə həmkarlar ittifaqlarının nəcib fəaliyyətindən, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına maddi-mənəvi dəstəyindən, bu istiqamətdə dövlətin bütün çağrışlarına adekvat münasibətindən söz açıb, görülən işlərin ictimaiyyətə çatdırılmasının zəruriliyini qeyd edib.

Sonda iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi