Qüdrətli, qətiyyətli, qurucu LİDER

553

Azərbaycan xalqı çoxəsrlik tarixinin ən parlaq səhifələrini yaşamaqdadır. İki yüz illik münaqişəyə, otuz illik müharibəyə son qoyan İkinci Qarabağ savaşında qazandığımız Zəfərimizin ikinci ilini başımız dik, alnımız açıq, məğrur xalq kimi qeyd etməkdəyik.
Bu Zəfərin memarı isə Ulu Öndər Heydər Əliyevin layiqli varisi, onun yarımçıq qalan arzularını gerçəkləşdirən və Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən cənab Prezident İlham Əliyevdir.
Zaman göstərib ki, Azərbaycan xalqı qədimlərə söykənən şərəflə yazılmış tarixi ərzində çox müdrik qərarlar qəbul edib. 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevi xilaskar lider kimi Bakıya dəvət edib özünə rəhbər seçən xalq, 2003-cü ilin oktyabrın 15-də ölkədə keçirilən prezident seçkilərində etdiyi seçimində də yanılmadı. 19 il öncə xalqın mütləq əksəriyyətindən etimad mandatı alan cənab İlham Əliyev adını Azərbaycan tarixinə qurucu, islahatçı, humanist Prezident və Müzəffər Sərkərdə kimi yazdırdı. Əgər Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın xilaskar lideridirsə, Prezident İlham Əliyev Şanlı Zəfərin memarı kimi Qarabağı bizlərə qaytaran və onu yenidən gülüstana döndərəcək güclü, qətiyyətli lider kimi tarixdə əbədi qalacaq.

 

Xalqın inamı, mütləq əksəriyyətin doğru seçimi

 

Hazırda yaşadığımız parlaq tarix məhz Azərbaycan xalqının uğurlu və sərrast seçiminin, əzəmətli təfəkkürünün məhsuludur. Əlbəttə ki, Ümummilli Liderin 19 il öncə Azərbaycan xalqına ünvanladığı müraciətində “Mən İlham Əliyevə özüm qədər inanıram”, “Mənim edə bilmədiyim işləri o, uğurla başa çatdıracaqdır” tövsiyələri ölkə əhalisinin düzgün seçimində böyük rol oynayıb. Çünki 1993-cü ildə təkidli tələbi ilə Ulu Öndəri Azərbaycana çağıran xalq inandığı, güvəndiyi xilaskar Prezidentin çağırışına bu cür reaksiya verməli idi.
15 oktyabr 2003-cü il müasir Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biri kimi yaddaşlara yazılıb. Həmin gün ölkədə Prezident postuna azad, ədalətli və şəffaf şəkildə keçirilən 5-ci rəsmi seçkilərdə cənab İlham Əliyev seçicilərin 2 milyon 438 min 787 nəfərinin etimadını qazanaraq Azərbaycanın dövlət başçısı seçildi. 76 faizdən çox seçici cənab İlham Əliyevə səs verməklə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu dəstəklədi. Xalqımız sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirməklə yanaşı  ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Prezident İlham Əliyev ona səs verən insanların bütün ümidlərini doğrultdu. Buna şahidlik edən xalq da Prezidentə inanaraq qətiyyətli dəstək verib, ətrafında sıx birləşərək onun gücünü və əzəmətini qat-qat artırdı. Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın təkcə sürətli inkişafını təmin etmədi. Onun ideyaları, əməli fəaliyyəti, qlobal miqyaslı təşəbbüsləri həm də bəşəriyyətin inkişafına vacib töhfələr verdi.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır. Xüsusi vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir.
Beləcə, Azərbaycan ötən 19 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə yüksək nailiyyətlər əldə edilib. Azərbaycan inkişafın milli modelini formalaşdırıb.
Bu günün zirvəsindən dönüb ötən dövrə nəzər saldıqda Azərbaycanın nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının şahidi olarıq. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindəki Zəfərimizlə Qarabağın 30 ildən sonra düşməndən azad edilməsi Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi düşünülmüş uğurlu siyasətin məntiqi nəticəsi və davamı hesab olunmalıdır.
Bu siyasətdə güclü zəkadan, dərin məntiqdən və uzaqgörənlikdən irəli gələn sistem və ardıcıllıq aydın şəkildə görünməkdədir. Prezident İlham Əliyev hər zaman xalqın istədiyini bütün incəliyinə qədər duyan həssas siyasətçi kimi zamanı çatan, zamanın tələb etdiyi vəzifələri müəyyənləşdirməyin və həll etməyin mahir ustasıdır.
Azərbaycanın dünyada həm yeni imicinin formalaşmasında, həm də uğurlu gənc dövlət kimi beynəlxalq etimad qazanmasında Prezident İlham Əliyevin möhtəşəm infrastruktur layihələrinin həlledici rol oynadığı danılmazdır. İndi hər bir azərbaycanlı müasir, çiçəklənən Azərbaycanla fəxr edir, qürur duyur.

 

Azərbaycanı dünyaya tanıdan ən islahatçı Prezident

 

Lakin etiraf etməliyik ki, bütün bu nailiyyətlər heç də asan başa gəlməyib. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramının icrasına başlayarkən Azərbaycan cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Ancaq dövlət proqramlarında nəzərdə tutulan heç bir sosial-iqtisadi layihə təxirə salınmadı.
Hazırda isə ölkənin valyuta ehtiyaları 56 milyard dollara yüksəlib. Yəni son 19 ildə valyuta ehtiyatlarımız 31 dəfə artıb. Müstəqillik illərində ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollara yaxındır. Bu investisiyaların böyük qismi xarici investisiyalardır və əsasən neft-qaz sektoruna yatırılıb. Son 19 ilin reallıqları fonunda bunu da vurğulaya bilərik ki, neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektoru da sürətlə inkişaf edib, ölkəmizin bu sahədə malik olduğu imkanlar dünyanın diqqətindədir. Hər bir layihənin uğurlu sonluqla başa çatması ölkəmizin malik olduğu imkanların təqdimatı ilə yanaşı,  növbəti layihələnin gündəmə gətirilməsinə yol açır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Bu layihələr, həm iştirakçı, həm də əməkdaşlığın coğrafiyasının genişləndirilməsi əsasında digər dövlətlərin dayanıqlı inkişafını təmin edir. Bu da bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin Azərbaycanda yaratdığı biznes və investisiya mühiti xarici sərmayədarların ölkəmizə investisiya yatırması prosesinə də müsbət təsir göstərib.
Ölkədə qeyri-neft sektorunun inkişafı yeni neft strategiyasının məntiqi davamı hesab olunur. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı mühüm tədbirlər gördü. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını sürətləndirdi. Ölkədə yüzlərlə məktəb tikildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi.
Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Bütün bunların təməlində isə uğurlu enerji siyasəti dayandı. Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub qaz dəhlizi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətə başlaması, “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri, ümumiyyətlə, nəhəng infrastruktur layihələrinin icrası Azərbaycanı regionun nəqliyyat-tranzit, eləcə də logistik mərkəzinə çevirdi.
Dövlət başçısının düşünülmüş, məqsədyönlü və ən əsası, tam müstəqil siyasəti Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxardı. Bu siyasət həm də Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, kosmik klubun üzvünə və beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsini təmin etdi.
Müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev beynəlxalq miqyasda da əsl lider olaraq ehtiramla qarşılandı. Bu mənada fəxarət doğuran məqamlardan biri də cənab İlham Əliyevin dünyada dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider kimi qəbul olunmasıdır. Qətiyyəti, diplomatik məharəti onu dünyanın nüfuzlu siyasi rəhbərləri cərgəsinə çıxarıb. Ona görə Azərbaycan Prezidentinin şəxsiyyəti bu gün beynəlxalq səviyyədə ehtiramla qəbul olunur. Təsadüfi deyil ki, dövlət başçısının hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır.
Prezidentin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində ölkədə aparılan kompleks islahatlar Azərbaycanın hər il yeni rekorda imza atmasına imkan yaratdı. Dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunan Dünya Bankının “Doing Business” hesabatı dövlət başçısı İlham Əliyevi ən islahatçı Prezident kimi dəyərləndirdi. Hesabata əsasən, Azərbaycan dünyanın 10 islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Cənab İlham Əliyevin apardığı kompleks islahatlar ölkəmizə “dünyada ən islahatçı ölkə” imici qazandırmaqla yanaşı, davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib.
Azərbaycanın təbliği, onun tanıdılması və şöhrətinin artırılması Prezidentin çoxşaxəli siyasətinin xüsusi istiqamətini təşkil edir. Ölkəmiz dəfələrlə bir sıra qlobal layihələrin təşəbbüskarı və ya uğurlu icraçısı olmuşdur. Möhtəşəm humanitar, mədəni, sivilizasiyalararası və dinlərarası dialoq, idman tədbirlərinin keçirilməsinə paytaxtımızın evsahibliyi etməsi beynəlxalq miqyasda Azərbaycana olan etimadın və hörmətin özünəməxsus göstəricisi sayılmalıdır. Azərbaycanda reallaşan beynəlxalq tədbirlərin iştirakçıları, əslində, həm də ölkəmizin bütün dünyada yüksək etimadlı səfirləri kimi də nəzərdən keçirilə bilər.

 

Böyük Zəfərə aparan yol

 

Hələ 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində Prezident İlham Əliyev keçmiş Dağlıq Qarabağ münaqişəsi haqqında belə demişdi: “Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək”.
Ümummilli Lider Heydər Əliyevin uzaq hədəflərə hesablanmış iqtisadi siyasətini, mükəmməl ordu quruculuğu strategiyasını əzmlə davam etdirərək xalqımızın dərin mənəvi-siyasi dəstəyini qazanan Prezident İlham Əliyev Zəfərə aparan şərəfli yolun yenilməz sərkərdəsinə çevrildi. Dövlət başçısı torpaqlarımızın işğaldan azad edilməsi kimi ağrılı və çətin missiyanı ilk gündən üzərinə götürərək “güclü ordu – güclü dövlət” konsepsiyasının fundamental bazisi olan yeni iqtisadiyyat quruculuğunu daim xüsusi diqqətdə saxladı. İqtisadi güc amili Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar, transmilli şirkətlər, inkişaf etmiş ölkələrlə iqtisadi-siyasi münasibətlərinin dərinləşməsində mühüm rol oynayıb, eyni zamanda ərazilərimizin işğalı faktının etirafı, ərazi bütövlüyümüzün tanınması baxımından əhəmiyyətli oldu.
İqtisadi güc diplomatiyanın fundamental sütunu kimi çıxış edərək, ölkəmizin beynəlxalq arenada mövqelərini möhkəmləndirdi, Ermənistanın işğalçı siyasətinin ifşası prosesi sürətləndi, paralel olaraq modern ordu quruculuğu istiqamətində ardıcıl tədbirlərin reallaşdırılmasına zəmin yarandı.
Milli maraqları hər şeydən üstün tutması və ən çətin məqamlarda belə layiqincə qorumağı bacarması, siyasi iradəsi, qətiyyəti, hadisələrin inkişaf axarını öncədən müəyyənləşdirə bilməsi, cəsarətli qərarlar qəbul etməsi Ali Baş Komandan İlham Əliyevə xalqımızın qəlbində qubara çevrilmiş Qarabağ yarasını əbədi olaraq sağaltmağa imkan verdi.
İllər keçdikcə Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndi. Ali Baş Komandanın ordu quruculuğu siyasəti mükəmməl nəticələr verdi. Həm hərbi texnikalarımız, həm də silah-sursatlarımız mütəmadi olaraq yeniləndi. Bunun nəticəsi isə 2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt döyüşlərində özünü göstərdi. Ordumuzun zəfəri ilə bitən hər iki döyüşdə hərbi qulluqçularımızın qəhrəmanlığı, mərdliyi düşmənə gücümüzü göstərdi. Bu döyüşlər Azərbaycan Ordusunun istənilən tapşırığı yerinə yetirməyə qadir olduğunu bir daha təsdiqlədi.
Azərbaycan Prezidenti yürütdüyü siyasətlə sülh tərəfdarı olduğunu dünyaya dəfələrlə nümayiş etdirsə də,  işğalçı Ermənistanın terrorçu rəhbərliyi öz çirkin əməllərindən əl çəkmir, hətta ölkəmizi  təxribatlara çəkən məkrli oyunlar oynayırdı.
Hakimiyyət dəyişikliyindən sonra baş nazir postuna oturan Nikol Paşinyan isə öncə Dağlıq Qarabağ münaqişəsinin sülhlə həlli istiqamətində addımlar atacağı ilə bağlı fikirlər səsləndirsə də, bir müddət sonra Koçaryan-Sarkisyan rejiminin “siyasi xəttini” davam etdirməyə başladı. Hətta “Qarabağ Ermənistandır” sərsəm fikrini səsləndirib, qədim qalamız olan Şuşada Azərbaycan xalqını təhqir edən hərəkətlərlə səbir kasamızı daşdırdı.
Sentyabrın 27-də Ermənistan silahlı birləşmələri bütün cəbhəboyu ərazilərdə yenidən təxribata əl atdı. Ali Baş Komandan isə illərlə gözlənilən hücum əmrini verdi və “Dəmir yumruq” əməliyyatı ilə Vətən savaşı başladı.
Xalqa müraciətində Ali Baş Komandan bəyan etdi ki, biz öz torpaqlarımızda vuruşuruq, erməni əsgəri Azərbaycan torpaqlarını tərk etməyincə əməliyyatlar dayanmayacaq. Sülh danışıqları isə o zaman başlaya bilər ki, Ermənistan rəhbərliyi ordusunun torpaqlarımızdan nə zaman çıxması ilə bağlı Azərbaycana təqvim planı təqdim etsin. Əks təqdirdə düşmən məhv ediləcək.
Ali Baş Komandanın xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi ki, bu da çox çəkmədi.
Müzəffər Ali Baş Komandanın “Dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi. İgid Azərbaycan oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın 30 illik həsrətinə son qoydular.
Hər bir xalqın tarixində xilaskar rolunu oynayan liderlər cəsarət nümayiş etdirir və adını əbədi olaraq dövlətinin şanlı tarixinə yazdırır. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev məhz həmin liderlərdən biridir. Çünki məhz cənab İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan Prezident İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.
Məhz cənab İlham Əliyevin diplomatik məharətinin nəticəsində Ermənistan illərlə möhkəmləndiyi, “keçilməz” istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi.
Şanlı Zəfərlə Prezident İlham Əliyevin adı tariximizə qızıl hərflərlə yazıldı, dövlət başçısı bir daha alternativsiz Lider olduğunu isbatladı.

 

Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən quruculuq işləri, aparılan sülh danışıqları

 

İşğal altında olan torpaqlarımızı “dəmir yumruq”la azad edən Ali Baş Komandan indi dəmir iradə ilə qədim yurdumuzu həm yenidən qurur, həm də sülh danışıqlarında Azərbaycanın qətiyyətli mövqeyini, milli maraqlarını müdafiə edən prinsipiallıq nümayiş etdirir. Yəni Prezident İlham Əliyev hər iki istiqamətdə atdığı addımlarla yenə də diqqətləri cəlb edir.
Azərbaycanın yalnız öz gücünə, heç kimdən maliyyə yardımı almadan Qarabağ və Şərqi Zəngəzuru yenidən qurması ölkənin iqtisadi qüdrətinin göstəricisi, Prezident İlham Əliyevin sülh danışıqlarında sərgilədiyi mövqeyi isə qətiyyətin təntənəsi adlandırmaq olar.
Prezident İlham Əliyev bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi səfər edərək düşmənə gözdağı verir.
İşğal dövründə düşmənin darmadağın etdiyi bu ərazilərdə su-elektrik stansiyaları, elektrik enerjisi stansiyaları, hava limanları, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, tunellər, magistral su xətləri, müasir yaşayış kompleksləri tikilir, sosial-iqtisadi infrastrukturlar, sənaye parkları və aqroparklar yaradılır. Son iki ildə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasına ümumilikdə 4 milyard 870 milyon manat vəsait ayrılıb. Gələn ilin dövlət büdcəsindən isə bu məqsədlə 3 milyard manat vəsaitin ayrılması planlaşdırılır.
İşğaldan azad edilmiş torpaqlarımızda mədəni-dini irsimizi xalqa yenidən qaytarmaq missiyasında Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da fəaliyyəti xüsusi vurğulanmalıdır. Artıq xeyli müddətdir ki, Mehriban xanım Əliyevanın göstərişi ilə 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən, təhqir olunan, murdarlanan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesinə başlanıb. İndiyə qədər minlərlə abidəyə nəfəs verən Heydər Əliyev Fondunun budəfəki layihəsi Qarabağdakı dini irsimizin, məscidlərimizin bərpasına həsr olunub.
Ümumiyyətlə, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpasını həyata keçirməklə tariximizə çox böyük töhfə verir.
Ümumiyyətlə, cənab İlham Əliyevin fəaliyyətinin uğurlarını təmin edən bir neçə mühüm faktor var. Bunlar Prezidentin şəxsi bacarığı, qabiliyyəti və eyni zamanda ən yaxın silahdaşı, çiyindaşı Mehriban xanım Əliyevanın xidmətləri ilə bağlıdır. Birinci vitse-prezidentin yürütdüyü siyasət Prezident İlham Əliyevin fəaliyyətinə böyük dəstəkdir. Bu gün Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr həm dövlət quruculuğu prosesinə dəstəkdir, həm də Prezidentin fəaliyyətinə xalq inamını möhkəmləndirən vasitədir.
Hazırda Azərbaycan sülh müaviləsinin imzalanması üçün danışıqlara hər zaman hazır olduğunu bəyan edir və Ermənistanın da qurtuluş yolunu bunda görür.
Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirdikləri 4 görüş, Avropa Siyasi Birliyinin Praqa Zirvə Toplantısı çərçivəsində reallaşan dördtərəfli görüş tərəfləri sülh müqaviləsini imzalamağa bir qədər də yaxınlaşdırdı. Bir gündə 5 saatdan artıq keçirilən iki görüş əvvəlkilərdən xüsusi ştrixləri ilə fərqləndi.
Prezident İlham Əliyevin bu görüşə qədər əldə etdiyi diplomatik uğurlarının nəticəsi olaraq bir sıra mühüm razılaşmalara gəlindi. Ən əsası isə odur ki, yekunda qəbul edilmiş bəyanata əsasən, Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını bir daha təsdiqlədi. Qəbul edilmiş bəyanat da isbat etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçib və sənəd Azərbaycanın istəklərinə uyğun formada qəbul olunub. Belə ki, Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu həm də o deməkdir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, özlüyündə tarixi məsələdir. Ona görə də bu bəyanatın Praqa toplantısında verilməsi və qarşılıqlı ərazi bütövlüyünün Azərbaycan, Ermənistan, Fransa, Avropa İttifaqı Şurasının iştirakı, Avropanın demək olar, bütün siyasi rəhbərlərinin şahidliyi ilə vurğulanması böyük tarixi hadisədir.
Digər tərəfdən, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesində Avropa İttifaqınının tərəf tutmadan ədalətli yanaşması önəmlidir və Azərbaycan bunu alqışlayır.
Ümumiyyətlə, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən önəmli iqtisadi tərəfdaşıdır. Xüsusilə, dünyada enerji böhranın yaşandığı bir dövrdə Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından dəstəyi, eyni zamanda yaxın gələcəkdə Azərbaycanın Aİ ilə daha sıx əməkdaşlığına işarə edir. Bu, eyni zamanda Avropa İttifaqı ilə münasibətlərin gələcəkdə yalnız enerji sahəsində əməkdaşlıqla kifayətlənməyəcəyini göstərir, çünki təmasların artması, qarşılıqlı etimadın güclənməsi həm Prezident İlham Əliyev, həm də Avropa İttifaqı rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Bu, mahiyyət baxımından Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanması deməkdir.
Göründüyü kimi, artıq Avropa ölkələrinin liderləri də İlham Əliyevi dünyanın aparıcı siyasətçiləri sırasında öz sözü, qətiyyətli mövqeyi olan dövlət başçısı və vədinə sadiq  etibarlı tərəfdaş kimi qəbul etdirlər. Bu da bir daha onu deməyə əsas verir ki, İlham Əliyev qlobal təşəbbüsləri ilə Avrasiyanın enerji siyasətinə mühüm töhfələr verir. Avropanın əksər ölkələri isə İlham Əliyevin müstəqil mövqeyi olan Prezident kimi fəaliyyətini çox yüksək dəyərləndirirlər.
Bir sözə, Praqa görüşlərində sülh prosesinə artıq təkan verildi. Bu, əlbəttə ki, bir daha sübut edir ki, Prezident İlham Əliyev hər zaman milli maraqlarımızı qətiyyətlə təmin edir və uzaqgörən qərarları ilə tarixinin ən qüdrətli Azərbaycanını böyük qürurla, fəxarətlə daha möhtəşəm gələcəyə aparır.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri