“Postpandemiya dövründə işçilərin hüquqlarının və qanuni mənafelərinin qorunmasında  həmkarlar ittifaqı təşkilatlarının vəzifələri” mövzusunda seminar keçirilib

459

Gəncə şəhərində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Postpandemiya dövründə işçilərin hüquqlarının və qanuni mənafelərinin qorunmasında  həmkarlar ittifaqı təşkilatlarının vəzifələri” mövzusunda regional seminar keçirilib. Seminarda Gəncə şəhər və rayon komitələrinin sədrləri, ilk həmkarlar ittifaqı komitəsi sədrləri və həmkarlar ittifaqı fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə postpandemiya dövründə həmkarlar ittifaqı üzvlərinin hüquqlarının qorunması ilə bağlı həyata keçirilməsi vacib olan məsələləri diqqətə çatdırıb. Bildirib ki, bu məsələlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, sahə həmkarlar ittifaqı Respublika Komitəsi tərəfindən dəqiq müəyyənləşdirilib, onların tətbiqi yolları göstərilib. Mirzə müəllim ilk növbədə bu sənədlərlə tanış olmağı məsləhət gördü. Dedi ki, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları həmkarlar ittifaqlarının bütün strukturları tərəfindən daim diqqətdə saxlanılmalıdır. Bu, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin başlıca tövsiyəsi, həm də tələbidir. Biz bu tövsiyəyə əməl etməklə həm də sıralarımızı yeni üzvlər hesabına artıra bilərik. Sıralarımızı artırmaq üçün xüsusilə ali məktəblərimizin yaxşı potensialı var. Bu potensialın əsas bazası isə birinci kurs tələbələridir. Əyani faktlar, tutarlı, məntiqli söhbətlər aparmaqla birinci kurs tələbələrini həmkarlar ittifaqının onların təhsilinə, şəxsi həyatlarına verə biləcəyi töhfələrə inandırmağı bacarmalıyıq. İttifaqa üzv qəbul edilmə zamanı, təlimata uyğun olaraq, sənədləşmə işləri qaydasında aparılmalıdır.

Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov Mirzə müəllimin çıxışının davamı olaraq qeyd etdi ki, rayon komitələri, ilk təşkilatlar yeni üzvlərin cəlb edilməsinə yalnız Respublika Komitəsi ilə sıx əlaqə saxlamaqla daha səmərəli şəkildə nail ola bilər. Belə əlaqə var, amma onu yüksək səviyyəyə qaldırmaqdan ötrü hələ çox iş görməliyik. Bundan əlavə, rayon komitələri, ilk həmkarlar ittifaqı komitələri sədrləri vaxtaşırı ittifaq üzvləri ilə görüşməli, onlara problemlərinin aradan qaldırılmasında kömək göstərməlidirlər.

Tədbirdə çıxış edən Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov “2021-2023-cü illər üçün kollektiv saziş”dən bəhs edərək bildirib ki, rayon komitəsi sədrləri bu sənəddə öz əksini tapan müddəaların icrasını daim nəzarətdə saxlamalıdırlar.

Rayon və şəhər komitələri sədrləri çıxış edərək müzakirə olunan məsələlərə münasibətlərini bildirdilər, təcrübələrini bölüşdülər və təkliflər verdilər.