İtaliya həmkarlar ittifaqları ilə əməkdaşlığın inkişafı

657

Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti Bəkir Yusifov oktyabrın 4-də Roma şəhərində Ergife Palace oteldə İtaliya Metal İşçiləri Həmkarlar İttifaqının 17-ci Milli Konqresinin açılışında iştirak edib. Konqres İtaliyanın həmkarlar ittifaqını təmsil edən 700-dən çox nümayəndənin, eləcə də IndustriAll Europe, IndustriAll Global Union və ETUC-un baş katiblərinin iştirakı ilə baş tutub.

Konqresin panel müzakirəsinin mövzusu “Ətraf mühitə keçid və sənaye böhranları” olub. Konqresin açılışından sonra Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti Bəkir Yusifov İtaliya Metal İşçiləri Həmkarlar İttifaqının Baş katibi Rokko Palombella ilə görüşüb. Görüşdə təşkilatlar arasında ikitərəfli əməkdaşlıq, təhsil sahəsində təcrübə mübadiləsi, beynəlxalq layihələrin həyata keçirilməsi istiqamətində görüləcək işlər müzakirə edilib. Tərəflər bir-birinə simvolik hədiyyələr verib. Bəkir Yusifov Rokko Palombellanı Azərbaycana səfərə dəvət edib.

Qeyd edək ki, İtaliya Metal İşçiləri Həmkarlar İttifaqı (Unione Italiana Lavoratori Metalmeccanici) 1950-ci il martın 5-də Roma şəhərində yaradılıb.

UIL (İtaliya Əmək İttifaqı) üzvüdür, IndustriALL beynəlxalq sənaye birlikləri federasiyasına daxildir. Qurum sıralarında sənaye, polad, aerokosmik, nəqliyyat, aviasiya, gəmiqayırma, zərgərlik, logistika, maşınqayırma, müdafiə, energetika, dəmir yolu və telekommunikasiya sənayesindən olan 90416 üzvü əhatə edir.

17-ci Milli Konqresin sonunda Rokko Palombella yenidən UILM-in Baş katibi vəzifəsinə seçilib.

“Ülfət” qəzeti