Füzulinin işğaldan azad edilməsi Azərbaycanın qəhrəmanlıq salnaməsində əlamətdar səhifədir

579

“Bu gün Azərbaycanın hərb tarixində, qəhrəmanlıq salnaməsində əlamətdar səhifələrdən biridir. Rəşadətli Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə iki il öncə Füzuli şəhərini işğalçılardan azad etdi və Azərbaycan tarixində əlamətdar günlərdən birinin əsasını qoydu. Düşmən uzun illər burada xeyli möhkəmlənmişdi, güclü müdafiə xətti qurmuşdu və elə hesab edirdi ki, “keçilməz”dir. Amma yenilməz Ordumuz bir həmlə ilə həmin istehkamları məhv etdi. Bu uğurlar Azərbaycan Silahlı Qüvvələrinin gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Hər gün xalqımız cəbhədən gələn xəbərlərin sevinci ilə yaşayırdı. Rayon mərkəzlərinin, şəhərlərin işğaldan azad olunması xalqda xüsusi əhval-ruhiyyə yaradır, qələbəyə olan inamı daha da möhkəmləndirirdi. Cəbrayıldan sonra Füzuli şəhərinin azad olması Zəfərə gedən yolda növbəti hədəflərimiz üçün son dərəcə əhəmiyyətli oldu”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Həmçinin qeyd etmək yerinə düşər ki, Füzuli şəhərinin azad olunmasının əməlyyat planı spesifikliyi ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı – qaçmaq. Və bu, belə də oldu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir. Təbii ki, bu cür qələbələr asan qazanılmır. Bu yolda qəhrəman oğullarımız şəhid oldu, Vətən, torpaq uğrunda şirin canlarından keçdilər. Onların bir amalı var idi – torpaqlarımızı təcavüzkarlardan təmizləmək. Xalqımız qəhrəman şəhidlərimizi heç vaxt unutmayacaq, onları hər zaman dərin ehtiramla yad edəcək. Onlar həm də gələcək nəsillərə qəhrəmanlıq məktəbi ötürdülər, Vətən uğrunda döyüşməyi, bu yolda hətta ölümə belə hazır olmağı miras qoydular. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Füzuli rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu”, – Milli Məclisin deputatı deyib.

“Digər işğaldan azad edilmiş ərazilərimizdə olduğu kimi, Füzuli rayonunda da abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Bütün bu işlər sistemli və plana uyğun aparılır. Onu da qeyd edim ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – burada yüz mindən çox mina basdırılıb. Təbii ki, bu da quruculuq işlərində müəyyən əngəllər törədir. Burada da aparılan bütün işlər dövlətimizin başçısının nəzarəti altındadır. Prezident İlham Əliyev mütəmadi olaraq Füzuli rayonuna səfərlər edir, görülən işlərlərlə tanış olur. Vətən müharibəsi başa çatandan bu yana Prezidentimiz rayonda 9 dəfə səfərdə olub, təməlqoyma və açılış mərasimlərində şəxsən özü iştirak edib. Yeri gəlmişkən, xatırladım ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı bu gün fəaliyyətdədir. Qısa müddətdə – cəmi 8 ay ərzində müasir tələblərə tam cavab verən belə bir aeroportun inşa edilməsi dövlətimizin iqtisadi qüdrətinin bariz nümunəsidir. Bu hava limanı bölgəni nəqliyyat-logistika mərkəzinə çevirəcək, turizm potensialını artıracaq, iqtisadi inkişafına təkan verəcək. Həmçinin dost və qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirak etməsi bu hadisənin nə qədər əhəmiyyətli və tarixi xarakter daşıdığını göstərir”, – S.Möhbalıyev qeyd edib.

AHİK sədri əminliklə ifadə edib ki, Füzuli rayonu yaxın zamanlarda Azərbaycanın ən inkişaf etmiş rayonlarından birinə çevriləcək, oranın yerli sakinləri öz ata-baba yurdunda əbədi olaraq xoşbəxt yaşayacaq.