Dəmiryolçuların idman spartakiadasının qalibləri mükafatlandırıldı

483

Xatırladaq ki, sentyabr ayında Xaçmaz rayonunun Nabran qəsəbəsində “Lokomotiv” İstirahət Mərkəzinin İdman Kompleksində 13 Oktyabr – Dəmir Yolu İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş Zəfər kuboku uğrunda idman spartakiadası təşkil olunub.

Spartakiadanın minifutbol, voleybol, futbol və stolüstü tennis üzrə yarışları “Lokomotiv” İstirahət Mərkəzinin İdman Kompleksində, şahmat və dama üzrə yarışları isə “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında keçirilib.

Sentyabrın 18-dək davam edən spartakiadada ümumilikdə 300-dən çox dəmiryolçu-idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Spartakiadanın qaliblərinə kubok, diplom və pul mükafatları dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində keçirilən tədbirdə təqdim edilib.

Mərasimdə çıxış edən Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) sədri Fəzail Bağırov bütün dəmiryolçuları 13 Oktyabr – Dəmir Yolu İşçilərinin Peşə Bayramı Günü münasibətilə ürəkdən təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Sonra Zəfər kuboku uğrunda idman spartakiadasının qaliblərinə mükafatlar təqdim olunub. Spartakiadanın ümumi komanda hesabında qalibləri aşağıdakılardır:

I yer –  “ADY” QSC-nin Mühafizə Departamentinin komandası (kubok, diplom  və 3000 (üç min) manat  məbləğində pul mükafatı. HİK sədri  M. Əlizadə);

II yer – İnfrastruktur Departamentinin  komandası (diplom və 2500 (iki min beş yüz) manat məbləğində pul mükafatı. BHİK sədri       M. Abbasov);

III yer – Sərnişin Daşımaları Departamentinin komandası (diplom və 2000 (iki min) manat məbləğində pul mükafatı. BHİK sədri V. Bədəlov).

Spartakiadanın keçirilməsində fərqlənən dəmiryolçu və həmkarlar ittifaqı işçilərinin hər birinə (MHİRK-in mütəxəssisləri Nazim Behbudov, Araz Əsədli, hüquq müfəttişi Samir Əhmədov, Yük Daşımaları Departamenti BHİK-in sədri İlqar Əliyev  və “ADY” QSC Aparat işçiləri HİK-in sədri Samir Səlimov) Respublika Komitəsinin Fəxri Fərmanı və pul mükafatı (200 manat) təqdim olunub.

“Ülfət” qəzeti