ATİAHİ RK əlaçı tələbələrə təqaüd təqdim edib

753

Oktyabrın 31-də 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi və “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, ATİAHİ RK-nın sədr müavinləri və şöbə müdirləri, ali təhsil ocaqlarında fəaliyyət göstərən həmkarlar ittifaqlarının sədrləri, tələbələr iştirak ediblər.

Öncə Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxış edərək Azərbaycanda həyata keçirilən dövlətimizin gənclər siyasətindən bəhs edib: “Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan dövlətimizin gənclər siyasəti onun müzəffər davamçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu gün uğurla davam etdirilir. Gənclərin potensial imkanlarından bütün sahələrdə səmərəli istifadə edilir. Prezidentin müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edildi. Həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramını, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılmasını, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və digər addımları xatırlatmaq istərdim”.

S.Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqları tərəfindən dövlətimizin gənclər siyasətinə yüksək dəstək verilir, ATİAHİ RK bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil edir, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı sistemli layihələr həyata keçirir. Onun sözlərinə görə, aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır, Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur:

Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan daha 65 ali məktəb tələbəsinə Komitənin adlı təqaüdünün təqdim edilməsi mərasimi başlayıb.

Qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ-nin adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə, uğur əldə etmiş 2719 nəfər tələbə bu təqaüddən yararlanıb.

Tədbirdə Komitə tərəfindən təşkil edilmiş “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin qalibləri də mükafatlandırılıb.

Məlumat üçün bildirək ki, bu müsabiqənin keçirilməsində məqsəd tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizamı, ali təhsil müəssisələri və həmkarlar ittifaqlarının işində fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan fəalların müəyyən edilməsi, onların arasında sağlam rəqabət mühitinin formalaşdırılması, tələbələrin elmə, təhsilə, yaradıcılığa, idmana və ictimai işlərə sövq edilməsidir.

Çıxış edən tələbələr ölkəmizdə gənclərlə bağlı həyata keçirilən layihələrdən, bu sahəyə olan dövlət qayğısından, gənclərin bütün sahələrdə, o cümlədən elm-təhsil və idman sahəsində qazandığı nailiyyətlərdən bəhs ediblər. Gənclər həmçinin ölkəmizdə onların inkişafı üçün yaradılmış şəraitdən razılıqlarını bildirib, buna görə də dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Vurğulanıb ki, Azərbaycan həmkarlar ittifaqları gənclərin təhsilə marağının yüksəldilməsi, sağlamlıqlarının qorunması, idmanın təbliği, asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm layihələr həyata keçirir. Bütün bunlar ölkə gəncliyinin hərtərəfli inkişafına əhəmiyyətli stimul verir.

Sonda tələbələr onlara göstərilən dəstəyə görə, Azərbaycan həmkarlar ittifaqlarına təşəkkür ediblər.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi