AHİK məcburi əməyə qarşı tədbirləri davam etdirir

586

Oktyabrın 6-da Şirvan şəhərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “Beynəlxalq Əmək Təşkilatının (BƏT) icbari əməyin ləğv edilməsi haqqında 105 saylı konvensiyasının tətbiqində həmkarlar ittifaqlarının rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə AHİK-in Hüquq şöbəsinin müdiri Leyla Acalova, Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Tural Süleymanov, Şirvan Şəhər İcra Hakimiyyətinin Humanitar şöbəsinin müdiri Adəm Hüseynov, eləcə də Şirvan şəhər və ətraf rayonlarda sahə həmkarlar ittifaqlarının yerli nümayəndələri iştirak ediblər.

Öncə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tədbir iştirakçılarına salamları çatdırılıb.

L.Acalova çıxışında ümumi beynəlxalq problem olan məcburi əməkdən, bu sahədə insanların pozulan hüquqlarından, daha çox özəl sektorda müşahidə olunmasından, həmçinin məcburi əməyə qarşı mübarizənin üsul və vasitələrinin hüquqi tərəflərindən danışıb.

O, məcburi əməyə qarşı mübarizədə həmkarlar ittifaqlarının rolunu, qurumun üzərinə düşən vəzifələri, maarifləndirmə işinin sayının artırılmasının vacibliyini iştirakçıların nəzərinə çatdırıb. Vurğulayıb ki, dövlətimiz 105 saylı konvensiyanın tətbiqinə xüsusi diqqət yetirir, ölkəmizdə beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşdırılıb və təkmilləşdirilir. Həmçinin o vurğulayıb ki, əmək münasibətləri ilə bağlı bütün hüquq pozuntuları hökumətin, AHİK-in, həmçinin işəgötürənlərin  daimi nəzarətindədir və bu istiqamətdə mübarizə tədbirləri gücləndirilir.

Seminarda çıxış edən T.Süleymanov AHİK tərəfindən məcburi əməyə qarşı həyata keçirilən tədbirlərdən, bunun əhəmiyyətindən və nəticələrindən söz açıb. Qeyd edib ki, sosial partnyorlarla birgə icbari əmək riski barədə ictimaiyyətin məlumatlandırılması, qeyri-qanuni miqrantların alternativ yerli gəlir imkanları və bacarıqları ilə təmin edilməsi, işçilərin öz hüquqları və qanunların həyata keçirilməsi ilə əlaqədar maarifləndirilməsi istiqamətində işlər planlaşdırılıb. Bütün bunlar icbari əməyin ləğvinə nail olmaq imkanlarını artırır.

T.Süleymanov həmçinin məcburi əməyin qurbanı olan şəxslərin hüquqlarının müdafiəsindən, onlara dəyən zərərin mütləq ödənilməsindən, bu sahədə əmək müfəttişliyi xidmətlərinin işinin gücləndirilməsindən, həmçinin məcburi əməyin risklərini artıran əsas səbəblərin və amillərin aradan qaldırılmasından bəhs edib.

Şirvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Adəm Hüseynov məcburi əməyin fəsadlarından, iqtisadiyyata mənfi təsirlərindən, bu sahədə dünyada yaşanan böhrandan, həmçinin Şirvan şəhərində bu cür neqativ məqamlara qarşı həyata keçirilən tədbirlər barədə məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.