AHİK Gəncədə seminar keçirib

656

Oktyabrın 12-də Gəncə şəhərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “Beynəlxalq Əmək Təşkilatının (BƏT) icbari əməyin ləğv edilməsi haqqında 105 saylı konvensiyasının tətbiqində həmkarlar ittifaqlarının rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə AHİK-in şöbə müdirinin müavini Əli Cəfərov, Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Tural Süleymanov, eləcə də Gəncə şəhər və ətraf rayonların sahə həmkarlar ittifaqlarının yerli nümayəndələri iştirak ediblər.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tədbir iştirakçılarına salamlarını çatdıran T.Süleymanov məcburi əməyin qlobal xarkterindən, bu sahədə insanların pozulan hüquqlarından, məcburi əməyə qarşı mübarizə üsullarından, həmçinin bu istiqamətdə həmkarlar ittifaqlarının rolundan, qurumun üzərinə düşən vəzifələrdən, eləcə də görülən işlərdən geniş söz açıb.

Ə.Cəfərov çıxışında qeyd edib ki, dövlətimiz 105 saylı konvensiyanın tətbiqinə xüsusi önəm verir, ölkəmizdə beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşdırılıb və təkmilləşdirilir. O vurğulayıb ki, əmək münasibətləri ilə bağlı bütün hüquq pozuntuları hökumətin, AHİK-in, həmçinin işəgötürənlərin daimi nəzarətindədir və bu istiqamətdə mübarizə tədbirləri gücləndirilir.
Sonda iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AHİK-in şöbə müdirinin müavini Əli Cəfərov və mütəxəssisi Tural Süleymanov Gəncə şəhərində Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət nəticəsində dağılmış yeri ziyarət edib, həlak olan şəhər sakinlərinin xatirəsini anıb, gül dəstələri düzüblər.