Ağstafada məcburi əməyə qarşı seminar keçirilib

487

Ağstafa rayonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “Beynəlxalq Əmək Təşkilatının (BƏT) icbari əməyin ləğv edilməsi haqqında 105 saylı konvensiyasının tətbiqində həmkarlar ittifaqlarının rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Tural Süleymanov, Ağstafa və ətraf rayonlardan sahə həmkarlar ittifaqlarının yerli nümayəndələri iştirak ediblər.

Öncə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tədbir iştirakçılarına salamları çatdırılıb.

T.Süleymanov çıxış edərək ümumi beynəlxalq problem olan məcburi əməkdən, bu sahədə insanların pozulan hüquqlarından, daha çox özəl sektorda müşahidə olunmasından, həmçinin məcburi əməyə qarşı mübarizənin üsul və vasitələrinin hüquqi tərəflərindən danışıb.

O, məcburi əməyə qarşı mübarizədə həmkarlar ittifaqlarının rolunu, qurumun üzərinə düşən vəzifələri, maarifləndirmə işinin sayının artırılmasının vacibliyini iştirakçıların nəzərinə çatdırıb. Vurğulayıb ki, dövlətimiz 105 saylı konvensiyanın tətbiqinə xüsusi diqqət yetirir, ölkəmizdə beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşdırılıb və təkmilləşdirilir.

T.Süleymanov həmçinin məcburi əməyin qurbanı olan şəxslərin hüquqlarının müdafiəsindən, onlara dəyən zərərin mütləq ödənilməsindən, bu sahədə əmək müfəttişliyi xidmətlərinin işinin gücləndirilməsindən, həmçinin məcburi əməyin risklərini artıran əsas səbəblərin və amillərin aradan qaldırılmasından bəhs edib.

Sonda iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.