Qərəz olan ürəkdə həqiqi söz axtarmaq absurddur

649

Həqiqətin ən böyük düşməni qərəzdir. Qərəz olan ürəkdə həqiqi söz axtarmaq absurddur. Qərəzçilik xislətdən gəlir. Və ömrün sonunadək davam edir. Bu xislətə malik insanlardan biri də şərəfli vəkil adı daşıyan, lakin bu ada layiq olmayan hərəkətlərə yol verən Aslan İsmayılovdur. Sosial şəbəkə qəhrəmanına çevrilmiş Aslan  İsmayılov uzun illərdir ki, bir çox insanlara, o cümlədən AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə şər atmaqla məşğuldur. Bu qərəzin, şərin əsasında isə AHİK-in mülkiyyəti sayılan “Şıx” sanatoriyasının ərazisini qeyri-qanuni mənimsəyib orada şəxsi ev tikməsinə qarşı olunan etirazdır. A.İsmayılov AHİK-dən intiqam almaq üçün uzun illərdir sosial şəbəkələrdə böhtan kampaniyası aparır. Konfederasiyanı, onun sədri, millət vəkili Səttar Möhbalıyevi cəmiyyətin gözündə nüfuzdan salmağa çalışır. Bu təşkilatın, onun sədrinin hər addımını istədiyi kimi yozur, istədiyi kimi hallandırır. Təbii ki, yozmaları qeyri-ciddi və əsassız olduğuna görə deyildiyi an da unudulub gedir. Necə deyərlər, boşboğazlıq özünə qalır.

Bir neçə gün əvvəl A.İsmayılov yenidən sosial şəbəkələrdə S.Möhbalıyevə qarşı yeni tənqidi yazı ilə göründü. Bu dəfə tənqid hədəfi S.Möhbalıyev deyil, onun oğlu İsfəndiyar oldu. Səbəb də İsfəndiyarın yeni vəzifəyə – DTX rəisinin müşaviri vəzifəsinə təyin olunması idi. O, İ.Möhbalıyevi nədə günahlandırsa yaxşıdır? Bu vəzifəyə qədər hüquq-mühafizə orqanlarında bir neçə vəzifədə işləməsi ilə. Əvvəla hüquq-mühafizə orqanlarında yerdəyişmələr adi və mütərəqqi haldır. İkincisi, təcrübə toplayan və özünü yaxşı cəhətdən göstərən xüsusilə gənc işçilərə daha mühüm vəzifələr həvalə olunur. Üçüncüsü, Dövlət Təhlükəsizlik Xidməti dövlətin məxvi orqanlarından biridir. Kimi hansı vəzifəyə, nə məqsədlə götürməyi onlar həll edir. Nə vaxtdan adi vəkilə DTX-ya kadr məsələsində məsləhət vermək, irad tutmaq ixtiyarı verilib?!

Məsələyə başqa bir tərəfdən yanaşsaq, görərik ki, Aslan İsmayılovun özünün çalışmadığı iş yeri qalmayıb. Bu pis şeydirsə, bəs özünü niyə tənqid etmir?

Aslan bəy özünü dövlətin səfakeşi kimi təqdim edir. Yaxşıya yaxşı, pisə pis dediyi ilə öyünür. Digər əməlləri kimi bu iddiası da saxta və yalandır. Əgər doğrudan da yaxşıya yaxşı deməyi bacarsaydı, heç olmasa, bircə yazısında Səttar Möhbalıyevin AHİK sədri olaraq dövlət, xalq qarşısında göstərdiyi xidmətlərin ən azı adını çəkərdi.  Xidmətlər isə saysız hesabsızdır. Heç uzağa getməyək, pandemiya illərində, 44 günlük Vətən müharibəsində AHİK müsəlləh əsgərə çevrildi. COVID-19-un qarşısının alınmasında gecəli-gündüzlü çalışdı. Öz vəsaiti hesabına müəssisələrə qoruyucu vasitələr göndərdi. Səttar müəllim deputat, AHİK sədri kimi iş yerlərində ixtisarlara yol verilməməsinə nail oldu. Aztəminatlı ailələrə maliyyə, maddi yardımlar göstərildi. Bölgələrə ərzaq dolu bağlamalarla yüklənmiş onlarla maşın qatarı göndərildi.

Vətən müharibəsi günlərində şəxsən Səttar Möhbalıyevin tapşırığı ilə həmkarlar ittifaqı əməkdaşları “hər şey cəbhə üçün” çağırışı altında işlədilər.

Ön cəbhə xəttində, hospitallarda oldular. Səngərlərdə vuruşan, xəstəxanalarda yaralı yatan əsgərlərə, onların ailələrinə mənəvi, maddi dəstək durdular.

Müharibədən sonra da şəhid ailələrinə, qazilərə qayğı göstərilməkdədir. Yüzlərlə şəhid övladı 18 yaşınadək himayəyə götürülüb.

Cənab Aslan İsmayılov, əgər doğrudan da qəlbində qərəz yoxdursa, niyə bunları görmürsən, yazmırsan?

Əgər doğrudan da qəlbində qərəz yoxdursa, niyə hələ yenicə yeni vəzifədə fəaliyyət göstərməyə başlayan gənc kadrın indidən yoluna nifrin səpirsən.

Bilirsən niyə, çünki gözlərini tutmuş qərəz sənə azacıq da olsa, səbr etmək, gözləmək imkanı vermir! Qorxursan ki, İsfəndiyar Möhbalıyev etimadı bu vəzifədə də doğruldar və daha deməyə sözün qalmaz.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi