Ergün Atalay: “Hər zaman dost və qardaş Azərbaycan xalqının yanındayıq”

472

TÜRK-İŞ Həmkarlar İttifaqının sədri Ergün Atalay 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə məktub ünvanlayıb.

Məktubda XX əsrin 90-cı illərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən, bir milyondan artıq azərbaycanlının öz ata-baba yudundan qovulmasından, işğal vaxtı həmin ərazilərdə törədilən vandalizm aktlarından bəhs olunur.

Bildirilir ki, Azərbaycan 30 il ərzində münaqişənin danışıqlar yolu ilə həllinə çalışdı, lakin ikili standartlar səbəbindən bu münaqişə öz həllini tapmadı. Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənisatnın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı və cəmi 44 günə işğal altındakı torpaqlarını şəhidlərinin canı-qanı bahasına azad etdi.

E.Atalay qeyd edib ki, Azərbaycan Vətən müharibəsində bütün dünyaya türkün gücünü, qüdrətini göstərdi.

Vurğulanıb ki, 2 ildir Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa, sülh danışıqlarına başlamağa dəvət edir, lakin Ermənistan müxtəlif hərbi təxribatlarla buna mane olmağa çalışır.

Sonda E.Atalay öz adından və rəhbərlik etdiyi qurum adından bəyan edib ki, hər zaman qardaş Azərbaycan xalqının yanında olacaqlar.