Dəmiryolçuların Zəfər kuboku uğrunda idman spartakiadası keçirilir

569

Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində 13 Oktyabr – Dəmir Yolu İşçilərinin Peşə Bayramına həsr olunmuş Zəfər kuboku uğrunda idman spartakiadası keçirilir.

Spartakiadanın açılışında Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (DMHİ RK) sədri Fəzail Bağırov bildirib ki, son illər dəmir yolunda bir sıra iqtisadi islahatlar, böyük layihələr həyata keçirilir. Əldə olunan uğurlarda Respublika Komitəsi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin (QSC) rəhbərliyi ilə əməkdaşlıq fonunda birgə fəaliyyət göstərib.

Diqqətə çatdırılıb ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi istiqamətində böyük işlər görülür. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan idman ölkəsinə çevrilir. Dəmiryolçu idmançılar da respublikamızda bədən tərbiyəsi və idman hərəkatının inkişafında mühüm rol oynayırlar.

Hər il DMHİ RK-nın müvafiq qərarına uyğun olaraq, 13 Oktyabr – Dəmir Yolu İşçilərinin Peşə Bayramı ərəfəsində dəmiryolçuların spartakiadası keçirilir. Spartakiadanın minifutbol, voleybol, futbol və  stolüstü tennis üzrə yarışları Nabranda yerləşən “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində, şahmat və dama üzrə yarışları “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında baş tutacaq. Spartakiadada ümumilikdə 300-dən çox dəmiryolçu-idmançı iştirak edəcək.

Sonra F.Bağırov spartakiadanı açıq elan edərək idmançılara uğurlar arzulayıb.

Daha sonra yarışlara start verilib. Spartakiadada  “Azərbaycan Dəmir Yolları” QSC-nin Aparat işçiləri, Sərnişin, İnfrastruktur, Mühafizə, Yanacaq və Enerji resurslarının idarə edilməsi və Yük daşımaları departamentlərinin komandaları yarışırlar.

Spartakiada sentyabrın 18-dək davam edəcək.

Spartakiadanın qaliblərinə kubok, diplom və pul mükafatları peşə bayramı ərəfəsində təqdim ediləcəkdir.