ATİAHİ RK ölkə gəncləri ilə bağlı konfrans keçirib

643

Sentyabrın 8-də Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” istirahət mərkəzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Gənclərimizdə milli-vətənpərvərlik hisslərinin artırılması, onların azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edilməsində, milli-mənəvi dəyərlərimizin dərindən mənimsənilməsində həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda konfrans keçirilib.

Konfransa 20 ali təhsil müəssisəsindən 120 tələbə qatılıb.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

ATİAHİ-nin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi, layiqli vətəndaşlar kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda dövlət-gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

M.Cəfərzadə qeyd edib ki, ölkəmizin ictimai həyatının bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində də mühüm rol oynayır. Bunun özü Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Məhz dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar bu təbəqəni cəmiyyətdə aparıcı qüvvəyə çevirib.

Konfransda qeyd olunub ki, ATİAHİ-nin tərkibində olan ali məktəb, kollec, peşə məktəbi və liseylərdə on minlərlə tələbə təhsil alır. Onların yarıdan çoxu ittifaqın üzvüdür. Bu baxımdan gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində tələbə həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşür.

Ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi ruh yüksəkliyindən, qətiyyət və əzmkarlığından, yüksək mənəvi hazırlığından söz açıb. Müasir texnika və silahlarla təchiz olunmuş ordumuzun Aprel döyüşlərindən, Füzuli, Qubadlı, Zəngilan, Hadrut, Cəbrayıl və Şuşa uğrunda gedən azadlıq mübarizəsindən danışıb.

Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistraturasında təhsil alan, Vətən müharibəsi iştirakçısı Xəyyam Qədiməliyev keçdiyi döyüş yolu, yaralanması və hərbçilərimizin çətin tapşırıqların öhdəsindən necə məharətlə gəlməsindən söz açıb.

Qeyd edək ki, X.Qədiməliyev Vətən müharibəsində göstərdiyi şücaətə görə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Tədbirdə digər çıxış edənlər ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərin üzərinə düşən mühüm vəzifələrdən bəhs ediblər.

Vurğulanıb ki, gənclərimizdə milli vətənpərvərlik hisslərinin necə yüksək olmasını 2020-ci ilin sentyabr-noyabr aylarında gördük. Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən etibarən Zəfər yürüşünə başladı. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğal altındakı ərazilərin qeyd-şərtsiz boşaldılması, münaqişənin həlli prosesinə Türkiyənin də cəlb edilməsi, Naxçıvanı blokadadan çıxaracaq dəhlizin yaradılması kimi bəndlərin yer aldığı bəyanatın Ermənistanın baş naziri tərəfindən imzalanması Azərbaycanın tam və şərtsiz Qələbəsinin əyani sübutudur.