Ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplamış metropoliten işçilərinin övladları ilə görüş keçirilib

512

Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplamış metropoliten işçilərinin övladları ilə görüş keçirilib.

Görüşdə tələbə adını qazanmış gənclərin valideynləri də iştirak ediblər.

MİHİ-nin sədri Arif Mərdanov gəncləri təbrik edib, onlara şəxsi həyatlarında və təhsillərində uğurlar arzulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev hər zaman təhsilə böyük önəm verib. Ölkəmizdə təhsilin inkişafı bu gün Prezident İlham Əliyevin diqqəti sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bütövlükdə son illər təhsilin inkişafına xidmət göstərən bir çox dövlət proqramı qəbul edilib. Bu proqramlar məktəbəqədər təhsil, texniki peşə, orta ümumtəhsil və ali məktəblərin inkişafını nəzərdə tutan dövlət əhəmiyyətli fəaliyyət istiqamətlərini müəyyənləşdirir. A.Mərdanov qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində ümumtəhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülür və ölkəmizdə gənclərə geniş imkanlar yaradılır. Prezidentin təhsilin inkişafına verdiyi önəmin nəticəsidir ki, son illərdə müasir məktəb binaları tikilir, mövcud müəssisələr üçün yeni tədris korpusları inşa olunur.

Sonra A.Mərdanov tələbə adını qazanmış 4 gəncin hər birinə 500 manat pul mükafatı təqdim edib.

Gənclər onlara göstərilən diqqətə görə, təşəkkür edib və bundan sonra da təhsil sahəsində səylə çalışacaqlarını, yüksəkixtisaslı kadr kimi yetişərək ölkəmizin parlaq gələcəyinə mühüm töhfələr verəcəklərini bildiriblər.

Qeyd edək ki, 2015-ci ildən başlayaraq MİHİ tərəfindən ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplamış metropoliten işçilərinin övladlarına mükafatlar verilir.