AHİK-in Şuşa konfransı iştirakçıları Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət edib

404

Müraciətdə deyilir:

“Zati-aliləri möhtərəm cənab Prezident!

30 illik həsrətdən sonra möhtəşəm Zəfər yolu ilə Azərbaycan mədəniyyətinin paytaxtı, gözəl Qarabağın dilbər guşəsi Şuşada olmaq əsl səadət və böyük xoşbəxtlikdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Şuşa şəhərində keçirdiyi «Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu» mövzusunda konfransın nümayəndələri olaraq möhtəşəm Zəfərdən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərimizdə yol boyu aparılan bərpa-quruculuq işlərinin şahidi olduq. Qısa müddət ərzində bütün dünyaya nümunə olacaq əldə edilmiş nailiyyətlər –  dünya standartlarına cavab verən yolların çəkilişi, yeni hava limanlarının istifadəyə verilməsi, insanların öz doğma yurdlarına qayıtması tərəfinizdən xalqımıza bəxş edilən əvəzolunmaz diqqət və qayğıdır. Bütün bəşəriyyət bu torpaqların əsl sahibinin kim olduğunu dərk etməkdədir.     Azərbaycan Həmkarlar İttifaqları kollektivləri Sizin fədakar əməyinizi alqışlayır və yüksək qiymətləndirir. Siz Ulu öndər Heydər Əliyevin dinamik inkişaf strategiyasını uğurla irəli apararaq son 18 ildə Azərbaycanda formalaşmış yeni iqtisadi və siyasi konfiqurasiya şəraitində ümumilli liderin yarımçıq qalmış arzularını həyata keçirib Ata vəsiyyətini ləyaqətlə yerinə yetirdiniz.

Artıq iki ildir ki, təcavüzkar Ermənistan üzərində parlaq və tarixi Zəfərin sevincini yaşayır, çox haqlı olaraq Sizinlə qürur duyuruq. Məhz Sizin “Dəmir Yumruğunuz” nəticəsində təcavüzkar Ermənistanın 30 illik işğalçı siyasətinə son qoyuldu.

Sevindirici haldır ki, Şuşa şəhərində dövlət və beynəlxalq tədbirləri, festivalların keçirilməsi ənənə halını almışdır. Bu gün «Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu» mövzusunda keçirilən konfransda iştirak edən həmkarlar ittifaqları nümayəndələri yaradılmış bu gözəl şəraitə görə Sizə öz dərin minnətdarlıqlarını bildirirlər.

Möhtərəm cənab Prezident, biz həmkarlar ittifaqları Sizin həyata keçirdiyiniz sosial-iqtisadi islahatları, insanların rifah halının yaxşılaşması istiqamətində atdığınız addımları, ölkəmizdə firavan həyat şəraitinin yaradılması, insanların hüquqlarının qorunması sahəsində gördüyünüz möhtəşəm işləri, apardığınız daxili və xarici siyasəti daim bəyənmiş və dəstəkləmişdir.

Zati-aliləri biz ölkənin həmkarlar ittifaqları kollektivləri olaraq Sizi əmin edirik ki, ölkəmizdə gedən demokratikləşmə proseslərində, infrastruktur layihələrin həyata keçirilməsində, regionların sosial-iqtisadi yüksəlişində, insanların rifah halının yaxşılaşdırılmasında xüsusilə, gözəl Qarabağda geniş vüsət almış bərpa və yenidənqurma işlərində səylərimizi əsirgəməyəcək, monolit qüvvə kimi Sizin ətrafınızda daha sıx birləşəcəyik.

İnanırıq ki, Sizin müdrik siyasətiniz nəticəsində çağdaş Azərbaycan XXI yüzilliyin ən qüdrətli və ən zəngin dövlətlərindən birinə çevriləcək”.

 

2 sentyabr 2022-ci il 

Şuşa şəhəri