Əmək və Sosial Münasibətlər Akademiyasında beynəlxalq konfrans keçirilib

1004

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Sosial-iqtisadi və tarixi-mədəni əlaqələrin strateji prioritetləri” mövzuzunda hibrid formatda I Beynəlxalq Sosial Elmlər Konfransı keçirilib.

Əmək və Sosial Münasibətlər Akademiyası və Türkiyənin Manisa Celal Bayar Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Cavanşir Alxasov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, hər iki ali təhsil ocağının rəhbərliyi, Akademiyanın kollektivi, KİV nümayəndələri iştirak ediblər. Həmçinin konfransa Qazaxıstan, İran və Kanadanın tanınmış universitetlərindən nümayəndələr qoşulublar. Tədbirin məqsədi dünyanın nüfuzlu universitetlərinin, akademiyalarının, elmi-tədqiqat institutlarının tədqiqatçılarını bir araya gətirmək, onların əldə etdiyi naliyyətləri elm adamları ilə bölüşmək, mövcud ortaq problemləri müzakirə etmək, həll variantları üzərində işləmək, gənclərin elmə olan marağını artırmaqdan ibarətdir.

Öncə Azərbaycanın və qardaş Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin konfrans iştirakçılarına ünvanladığı müraciət oxunub.

C.Alxasov çıxışında Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, ölkələrin iqtisadi yüksəlişindən, icra olunan birgə layihələrdən, qarşılıqlı investisiyalardan, əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Tədbirdə çıxış edən Manisa Celal Bayar Universitetinin rektoru Ahmet Ataç konfransın işinə uğurlar arzulayıb, iki ölkə arasında dərinləşən münasibətlərdən, sosial-iqtisadi əməkdaşlıqdan, elm və təhsil sahəsində təcrübə mübadilələrindən bəhs edib.

Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov çıxışında konfransın məqsəd və vəzifələrindən, əhəmiyyətindən, həmçinin ölkəmizin iqtisadi qüdrətindən, regional və beynəlxalq əhəmiyyətli enerji layihələrindən söz açıb.

V.Qasımlı dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi islahatlardan, icra olunan müxtəlif təyinatlı iri layihələrdən, ölkəmizin iqtisadi potensialından danışıb.

Digər çıxış edənlər konfransın əhəmiyyətindən danışıb və onun işinə uğurlar arzulayıblar.

Tədbirdə “Şuşa İli”nə həsr olunan videoçarx nümayiş olunub.

Konfrans işini panel formatında davam etdirir.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi