Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi qalibləri mükafatlandırıb

1238

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə taxıl biçini dövründə elan etdiyi müsabiqəyə yekun vurulub.

Müsabiqənin yekunlarına həsr olunmuş tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov qalibləri təbrik edərək bildirib ki, seçim zamanı yüksək peşə hazırlığı, əmək intizamı və biçin dövründə əldə edimiş nəticələr nəzərə alınıb. Həmkarlar İttifaqı bundan sonra da bu kimi müsabiqələrə dəstək göstərəcək.

Komitə sədri qeyd edib ki, əməkçilərin hüquqlarının müdafiəsi, onların sağlamlığı, istirahətlərinin təşkili, əməyin mühafizəsi və digər məsələlər bundan sonra da həmkarlar təşkilatının diqqət mərkəzində olacaq və bu sahədə üzərimizə düşən vəzifələri layiqincə yetirməyə çalışacağıq.  “Aqroservis” ASC İdarə Heyəti sədrinin müavini İlyas Həsənov bildirib ki, müsabiqənin məqsədi əmək fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün stimulların yaradılması, işçilərin sosial müdafiəsi, peşəkar əmək fəaliyyətində özünü doğruldan mütəxəssislərin üzə çıxarılması və ruhlandırılmasından ibarətdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Akif Təvəkküloğlu diqqətə çatdırıb ki, təmsil etdiyi qurum hər bir işçi üçün layiqli iş yeri və təhlükəsiz istehsalat mühitinin yaradılması üçün bütün imkanlardan istifadə etməyə çalışır. Belə bir müsabiqənin keçirilməsi aqrar sahədə çalışan işçilərin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsinə, onları stimullaşdırmağa yönəlmiş bir addımdır.

Tədbirin sonunda taxıl biçininin təşkili prosesinə həsr edilmiş müsabiqənin qalibləri elan edilib. Ləman Ramazanova “Ən yaxşı mütəxəssis”, Usub Cavadov “Ən yaxşı mexanizator”, Ceyhun Musayev “Ən yaxşı mühəndis”, Rüstəm Qasımov “Ən yaxşı bölmə rəhbəri” nominasiyası üzrə qalib elan ediliblər. Qaliblər. Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom və pul mükafatları ilə təltif olunublar.