Azərbaycan öz ərazisində hər hansı bir qanunsuz silahlı birləşmənin mövcudluğuna heç vaxt yol verməyəcək.

475

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Ordusu tərəfindən məğlubiyyətə düçar olan işğalçı Ermənistan 10 noyabr 2020-ci il tarixli Bəyanatı imzalamağa məcbur oldu. Bu Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Azərbaycanın qələbəsini rəsmiləşdirdi. Bəyanata əsasən, Ermənistan tərəfi məhv edilmiş işğalçı ordusunun qalıqlarını Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindən çıxarmalı idi. Amma üstündən bu qədər vaxt keçməsinə baxmayaraq, Bəyanatın müddəalarını pozmaqda davam edir. Həmin qanunsuz silahlı ünsürlər mütəmadi olaraq terror təxribat əməlləri törədir, günahsız insanların ölümünə səbəb olurlar. Azərbaycan tərəfi bu barədə Ermənistana dəfələrlə xəbərdarlıq edib. Görünən odur ki, Ermənistan imza atdığı sənədlərə məhəl qoymaq niyyətində deyil”.

Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Avqustun 3-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri növbəti dəfə terror-təxribat əməlinə əl atıblar və nəticədə əsgər Anar Kazımov şəhid olub. Həmçinin onlar Kəlbəcər və Laçın rayonlarında əlverişli mövqeləri ələ keçirməyə cəhd ediblər. Təbii ki, bunun qisası Azərbaycan Ordusu tərəfindən artıqlaması ilə alınıb. Bu, onu göstərir ki, Azərbaycan öz ərazisində hər hansı bir qanunsuz silahlı birləşmənin mövcudluğuna heç vaxt yol verməyəcək. Ermənistan tərəfi də bunu mütləq anlamalı, üzərinə götürdüyü öhdəlikləri tərədüdsüz yerinə yetirməlidir. Və anlamalıdır ki, onların qarşısında qüdrətli, regionun lider dövləti Azərbaycan var. Son baş verən hadisələr göz qabağındadır, mütləq nəticə çıxarılmalıdır”, – Milli Məclisin deputatı bildirib.

“Münaqişə başa çatandan sonra aparılan bütün danışıqlarda Azərbaycanın səyləri bötövlükdə regionda sülh və təhlükəsizliyə, sabitliyin əldə olunmasına hesablanıb. Dövlətimiz tərəfindən irəli sürülən təkliflər ümumilikdə bölgənin iqtisadi inkişafını əhatə edir. Ermənistan tərəfi isə sülh prosesini ləngitməklə əslində özünü çətin duruma salır, regionun hərtərəfli inkişafına mane olmağa çalışır. Baş verən son hadisələr bir daha təsdiqləyir ki, Ermənistan iki dövlət arasında münasibətlərin normallaşmasını istəmir, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edir”, – S.Möhbalıyev vurğulayıb.