Şəhid polkovnik-leytenant Raquf Orucovun 50 illik yubileyi qeyd olnub

499

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Asan Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, Asan Radionun informasiya dəstəyi ilə şəhid polkovnik-leytenant Raquf Orucovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində təşkil olunan tədbirdə Milli Məclisin deputatları, Ağdam rayonunun ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, Asan könüllüləri, Raquf Orucovun xidməti dövründə komandirlik etdiyi “N” saylı hərbi hissənin şəxsi heyəti, Müdafiyyə Nazirliyinin rəsmiləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbir Şahbulaq qalası ətrafında hərbi orkestrin Azərbaycan Dövlət Himninin səsləndirməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Deputat Ceyhun Məmmədov çıxışında zəfərin başlanğıcı olan Aprel döyüşlərindən və Vətən müharibəsində bizə böyük qələbəni yaşandan qəhrəman Azərbaycan oğullarının rəşadətindən söz açıb.

Tədbirdə həmçinin şəhid komandirin mənalı ömür yoluna nəzər salınıb, silahdaşları onunla bağlı maraqlı döyüş xatirələrini bölüşüblər. Müdafiə Nazirliyinin rəsmisi çıxış edərək R.Orucovun döyüş yolunun hər bir əsgər və zabit üçün bir məktəb olduğunu qeyd edib və bildirib ki, qədrbilən xalqımız bu cür qəhrəmanlarımızı heç vaxt unutmayacaq, əziz xatirələrini daim yad edəcək. Vurğulanıb ki, yubiley tədbirinin R.Orucovun ana Vətənində – işğaldan azad olunmuş Ağdamda keçirilməsi komandirin ruhuna dərin ehtiramın təcəssümüdür. Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rəşad Səfərov çıxışında əsgərlərimiz, şəhid ailələri və qazilərə qayğı və diqqətin daim yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq bunun hər bir vətəndaşımızın müqəddəs borcu olduğunu qeyd edib.

R.Orucovun xanımı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bildirib ki, həyat yoldaşının ən böyük arzusu Vətən torpağını işğaldan azad etmək idi: “Hər birimiz xoşbəxtik ki, işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti, müdrik xalqımızın sarsılmaz birliyi və yenilməz Ordumuzun rəşadəti sayəsində azaddır. Bu, hər birimizi qürurlandırır. Şəhidlərimizin ruhu da şaddır bu gün, uğurunda can verdikləri Vətən torpağı azad olub”.

Tədbirdə “Asan Könüllüləri” Təşkilatı “N” saylı hərbi hissənin şəxsi heyəti arasında “Əsgərə məktub” layihəsini həyata keçirib, eyni zamanda Raquf Orucov ilə birgə xidmət keçmiş zabitlərlə Asan könüllü gənclərin görüşü təşkil olunub.

Həmçinin Qurban bayramı münasibəti ilə əsgərlərə Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyi əməkdaşlarının göndərdiyi bayram sovqatı çatdırılıb.