Müəssisə və idarələrdə çalışan işçilərin sağlamlığı sahəsində görülən işlərə baxış keçirilib

1432

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının etimadlı həkimləri Hacı Rəsulov, Cəlaləddin Həmidov və “Azərsu” Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin baş texniki əmək müfəttişi Bəxtiyar Tağıyev “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) tabeliyindəki müəssisə və idarələrdə çalışan işçilərin sağlamlığı sahəsində görülən işlər, o cümlədən tibbi xidmətin vəziyyətinə baxış keçiriblər. Vəziyyətlə tanışlıq Açıq Səhmdar Cəmiyyəti və sahə Hİ Respublika Komitəsi arasında 2022-2024-cü illər üçün bağlanmış kollektiv tarif sazişində götürülmüş öhdəliklərin öyrənilməsi ilə başlanmışdır. Saziş olduqca əhatəli, konkret və real imkanlara əsaslanaraq hazırlanmışdı. İşçilərin sağlamlığının mühafizəsinə və sosial təminatına xidmət edən mühüm tədbirlər nəzərdə tutulmuşdu. Qeyd olunurdu ki, zərərli və təhlükəli iş şəraitində çalışan işçilərin məcburi ilkin (işə qəbul edilərkən) və dövri tibbi müayinələrdən keçməsi vacib sayılır. İşçilər hər il istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya cəlb olunmalıdır. İş yerində hər hansı səbəbdən zərər çəkmiş və ya xəsarət almış işçiyə ilkin tibbi yardım göstərilməlidir. Lazım gəldikdə zərərçəkən təcili olaraq tibb müəssisəsinə çatdırılmalıdır. Bütün iş sahələri təsdiq edilmiş normaya uyğun dərman preparatları olan stasionar qutularla və səyyar tibb çantaları ilə təmin edilməlidir. İnzibati ərazi sahəsində işçi sayı 300 nəfərdən çox olan müəssisə  və ya təşkilatlarda feldşer məntəqəsi yaradılmalı, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində çalışan işçilərə, qanunvericiliyə uyğun olaraq, sosial imtiyazlar (əlavə əməkhaqqı, məzuniyyət, qısaldılmış iş günü və s.), həmçinin profilaktik yeməklər (süd və ona bərabər digər məhsullar) verilməlidir. İşçilərin və onların ailə üzvlərinin il ərzində respublikada və xarici ölkələrdə yerləşən istirahət, sanatoriya-kurort mərkəzlərində istirahət və müalicələri təşkil edilməlidir…

““Azərsu” ASC-nin işçilərinə maddi yardım və müavinətlərin verilməsi haqqında Əsasnamə” yeni redaksiyada təsdiq olunmuşdur. Əsasnamədə maddi yardım və müavinətlərin verilməsinin şərtləri və həcmi müəyyən edilmişdir. İşçi vəfat etdikdə işçinin ailə üzvlərindən birinə (həyat yoldaşı, ata, ana, qardaş) 400 manat həcmində, işçinin ailə üzvü (həyat yoldaşı, ata, ana, himayəsində yaşayan övlad və əmək qabiliyyətsiz bacı, qardaş) vəfat etdikdə işçiyə 200 manat həcmində, işçiyə (hər iki valideyn Cəmiyyətin işçisi olduğu təqdirdə yalnız birinə) yeni dünyaya gəlmiş hər bir övladına görə 100 manat həcmində, ilk dəfə ailə həyatı qurması ilə əlaqədar 200 manat həcmində, işçi (ailə başçısı) vəfat etdikdə onun 18 (əyani təhsil alırsa 23) yaşa çatanadək uşaqlarının hər birinə görə uşaqlara himayəlik edən ailə üzvlərindən birinə və ya qəyyumluğa (övladlığa) götürən şəxsə aylıq 50 manat həcmində, Vətən müharibəsində şəhid olmuş işçilərin ailə üzvlərindən birinə aylıq 200 manat həcmində, Vətən müharibəsində iştirak etmiş, nəqliyyat və xüsusi texnika ilə ezam olunmuş işçilərə aylıq 100 manat həcmində, Vətən müharibəsində ailə üzvü (həyat yoldaşı, övladı və valideyni) yaralanmış, əlil və şəhid olmuş işçilərdən birinə aylıq 100 manat həcmində, I Qarabağ müharibəsində iştirak etmiş işçilərə aylıq 100 manat həcmində, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması ilə əlaqədar digər vaxtlarda (I Qarabağ və Vətən müharibəsi istisna olmaqla) ailə üzvü (həyat yoldaşı, övladı və valideyni) hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil və şəhid olmuş işçilərdən birinə aylıq 100 manat həcmində maddi yardım edilməsi təsbit olunmuşdur.

Ceyranbatan Su Təchizatı İdarəsinin işçilərindən I Qarabağ müharibəsində zədə alanlar 5 nəfər, II Qarabağ müharibəsində zədə alanlar isə 1 nəfərdir və bunlar nəzərdə tutulmuş imtiyazlardan istifadə edirlər.

Digər hallarda da işçilərə və onların ailə üzvlərinə Cəmiyyət sədrinin razılığı ilə onun müəyyən etdiyi həcmdə maddi yardımlar verilə bilər.

Yoxlanan müəssisələrin hamısında yüksək səviyyədə təchiz olunmuş sosial-məişət otaqları, qida qəbulu otaqları, duşxanalar, sanitariya qovşaqları vardır. İşçilər tibbi müayinədən vaxtında keçirlər (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 46 saylı, 13 dekabr 2012-ci il tarixli, Kollegiya qərarında təsbit olunmuş qaydada və müddətlərdə).

Ceyranbatan Su Təchizatı İdarəsində işçilərin sağlamlığının mühafizəsi üçün hər cürə şərait yaradılmışdır. Müəssisənin 54 ha olan ərazisində geniş meşə zolağı salınmışdır, yeməkxanası vardır. İşcilərin işə gəlib-getməsi üçün nəqliyyat vasitələri ayrılmışdır. Müdiriyyətə tövsiyə olunmuşdur ki, işçilərin sayını (668 nəfər), zərərli sahədə işləyənlərin sayını (145 nəfər) və işləyən əlillərin sayını (21 nəfər) nəzərə alıb tibbi personal ştat vahidini bərpa etsinlər. Qadınlar üçün gigiyena otağı vardır.

“Azərsu” ASC-nin aparat işçilərinin yemək xərcinin 50%-ni həmkarlar ittifaqının Respublika Komitəsi ödəyir.

Eyni zamanda Azərbaycan Tibb Universitetinin əlaçı tələbələrindən birinin təhsil haqqının ödənilməsini Respublika Komitəsi öz üzərinə götürmüşdür. Ağır cərrahi əməliyyat keçirən, uzun müddət əmək qabiliyyətini itirmiş şəxslərə də, onların müraciətləri əsasında, Respublika Komitəsi maddi və mənəvi köməklik göstərir.

Ehtiyacı olan işçilər sanator-kurort və ya istirahət mərkəzinə yollayışlarla təmin olunurlar. Aztəminatlı ailələrə mütəmadi olaraq onların müraciətləri əsasında maddi yardımlar (həm Respublika Komitəsi, həm də ilk həmkarlar ittifaqı komitələri tərəfindən) edilir.

Yoxlanan müəssisələrin hamısına ilkin tibbi yardım çantaları paylanıb, dərmanların, sarğı materiallarının və dezinfeksiyaedici maddələrin istifadə müddətinə riayət olunur.

Yoxlanan müəssisələrin hamısında həmkarlar ittifaqı komitəsinin nəzdində işçilərin sağlamlığının mühafizəsi üzrə ictimai nəzarət komissiyaları yaradılımışdır, onların fəaliyyəti qənaətbəxşdir.

Yerlərdə işçilərin sağlamlığının mühafizəsi sahəsində təlimati köməkliklər göstərilmiş və tövsiyələr verilmişdir.

 

“Ülfət” qəzeti