Həmkarlar ittifaqları bayramlar ərəfəsində müxtəlif tədbirlər keçirir

649

Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin üzv təşkilatı “P-Aqro” Pambıq İstehsalı Müəssisəsinin həmkarlar ittifaqı komitəsi müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib. Tədbirdə müəssisənin əməkdaşları iştirak ediblər. Qurumun həmkarlar ittifaqı komitəsinin sədri Sevinc Həsənova kollektiv üzvlərini Qurban bayramı münasibətilə təbrik edib, onlara əmin-amanlıq və fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir: “Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır”.

Sonra 90 nəfər kollektiv üzvünə Qurban bayramı münasibətilə sovqatlar təqdim edilib.

Müəssisənin əməkdaşları onlara göstərilən hərtərəfli qayğıdan razı olduqlarını bildiriblər.