Azərbaycanın qlobal təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir

601

“Özünün dövlət maraqlarından çıxış edərək dünyada sülhün və təhlükəsizliyin qorunması, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı kimi beynəlxalq prinsipləri xarici siyasətində əsas tutan Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsində, nüfuzunun yüksəlməsində Qoşulmama Hərakatındakı fəaliyyəti mühüm rola malikdir. Təmsil olunduğu vaxtdan təşkilatın təməl prinsiplərinə sadiqliyini nümayiş etdirən ölkəmiz üzv dövlətlərlə həmrəylik nümayiş etdirmiş və qlobal xarakterli ədalətli təşəbbüslərə öz dəstəyini vermişdir. Həmçinin hərəkat uzun illər təcavüzün qurbanı olmuş ölkəmizin əsl həqiqətləri dünyaya daha obyektiv və dolğun çatdırmaq üçün əhəmiyyətli platforma olmuşdur. Məlumdur ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük təsisatdır və dünyanın müxtəlif regionlarını əhatə edir. Dünya nə qədər inkişaf etsə, siyasi dəyişikliklər baş versə də, təşkilatın fəaliyyətinin təməlində dayanan “Bandunq prinsipləri” öz aktuallığını qoruyub saxlamaqdadır. Burada əsas məqsəd dünyada sülh və təhlükəsizliyin təmin olunması, dövlətlərin suveren hüquqlarına, ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaq və s. məsələlərdir. Məhz Azərbaycanın da xarici siyasət konsepsiyasının mərkəzində bu amillər dayanır ki, təşkilatda təmsil olunmaq ölkəmizin maraqları ilə bilavasitə üst-üstə düşür”.

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bu təsisatın sıralarına qoşulduğu vaxtdan sülh və sabitlik, təhlükəsizlik, beynəlxalq hüququn möhkəmləndirilməsi naminə təşkilatın fəaliyyətinə mühüm təhfələr verib: “Bu yanaşma üzv dövlətlər tərəfindən hər zaman təqdir olunub və ölkəmizin yekdil qərarla bu quruma sədr seçilməsi onun qısa müddətdə qazandığı hörmət və etimadın bariz nümunəsidir. Təbii ki, hər şey göz önündədir ki, hazırda Hərəkat Azərbaycanın effektli və səmərəli sədrlik fəaliyyəti nəticəsində qüdrətli dövrünü yaşayır və dünyada böyük söz sahibinə çevrilib. Dövlətimizin başçısı cənab İlham Əliyevin dünyada baş verən mürəkkəb siyasi proseslər fonunda irəli sürdüyü ədalətli və aktual təşəbbüslər qurumu əhəmiyyətli beynəlxalq platformaya çevirməklə yanaşı, ölkəmizin də dünya dövlətləri arasında nüfuzunun artmasına gətirib çıxarıb. COVID-19 pandemiyası dövründə Hərəkatın sədri kimi Azərbaycan öz işinə məsuliyyətlə və peşəkarcasına yanaşaraq real vəziyyətə operativ və adekvat reaksiya verdi, qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər yüksək səviyyədə dəstəkləndi. Azərbaycanın quruma sədrlik funksiyasının daha bir il uzadılması isə onun üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməsindən irəli gəlir və bu, ölkəmizə olan etimadın növbəti təzahürüdür”.

“Hazırda ölkəmiz Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda konfransına ev sahibliyi edir. Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirak etməsi, həmçinin nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədrinin yer alması konfransın mötəbərliyinin və əhəmiyyətinin göstəricisidr. Dünyada paradoksal və mürəkkəb proseslərin davam etdiyi bir məqamda konfransın mövzusu, o cümlədən bu istiqamətdə parlamentlərin missiyasının artırılmsı, sözsüz ki, qlobal miqyasda parlamentlərarası əməkdaşlığın inkişafına, əlaqələrin genişlənməsinə əhəmiyyətli zəmin yaradacaq, həmrəyliyi gücləndirəcək. Konfransda dövlətimizin başçısı cənab İlham Əliyevin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılandı və əminik ki, onların bundan sonrakı fəaliyyətində bir sitimul rolunu oynayacaq. Möhtərəm Prezidentimiz çıxışında üzv dövlətlərin Azərbaycanın haqq savaşında nümayiş etdirdiyi movqeyi yüksək qiymətləndirdi. Biz müharibə vaxtı və ondan sonrakı dövrdə Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyinin dəfələrlə şahidi olmuşuq. Vətən müharibəsi zamanı xüsusi bəyanatın qəbul olunması, ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyin ifadə edilməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin Azərbaycan əleyhinə qərəzli bəyanat qəbul etdirmək cəhdlərinin qarşısının alınması qurumun ədalətli və vahid mövqeyinin əlamətlərindəndir”, – Milli Məclisin deputatı deyib.

AHİK sədri Bakı konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən Şuşa şəhərinə nəzərdə tutulan səfərlərini əlamətdar hadisə adlandırıb: “Onlar burada hər şeyi öz gözləri ilə görəcəklər. Uzun illər davam etmiş işğalın acı nəticələrinin, törədilmiş dağıntıların, vəhşiliklərin şahidi olacaqlar. Onlar həmçinin Azərbaycanın təkbaşına, yalnız öz gücü ilə həyata keçirdiyi genişmiqyaslı abadlıq-quruculuq işləri ilə yaxından tanış olacaqlar”.