AHİK sədri Səttar Möhbalıyev jurnalistləri və mətbuat-informasiya sistemində çalışan işçiləri təbrik edib

623

Təbrikdə deyilir: 

“Hörmətli jurnalistlər! Dəyərli qələm sahibləri!

Sizi öz adımdan, həmçinin Azərbaycan həmkarlar ittifaqları adından 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxt və firavan həyat, məsuliyyətlə çalışdığınız şərəfli fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzulayıram.

Əsası böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan mətbuatı bu gün özünün yüksək inkişaf mərhələsindədir. Xalqımızın milli birliyinin və həmrəyliyin möhkəmlənməsində, cəmiyyətin bütün təbəqələrinin maariflənməsində mətbuatımız müstəsna rola malikdir.

Müstəqilliyin ilk illərində Azərbaycan mətbuatı təzyiqlərə, senzuraya məruz qalmışdı. Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra bütün bunlar qısa müddətdə aradan qaldırıldı, mətbuatı azad və sərbəst şəkildə fəaliyyət göstərməyə başladı.

Bu gün ölkəmizdə dünyanın ən aparıcı və qabaqcıl kütləvi informasiya vasitələri ilə rəqabət apara bilən coxşaxəli mətbuat və informasiya sistemi mövcuddur. Mətbuatımız dəqiq, qərəzsiz, mötəbər informasiyaların ictimaiyyətə çatdırılması ilə cəmiyyətin həyatında mühüm rol oynayır və vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnu təmin edir.

Ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət mərkəzində olub.

Parlaq qələbəmizlə başa çatan Vətən müharibəsində mediamız müharibə və hərbi vəziyyət şəraitində işləmək bacarığını nümayiş etdirdi. Həmçinin onların peşəkarlığı, fədakarlığı və çevikliyi sayəsində dünya ictimaiyyətinə müharibənin əsl həqiqətlərini, Ermənistan tərəfinin hərbi cinayətləri haqqında dəqiq və dolğun məlumatları çatdırmaq mümkün oldu.

Bir daha  bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan işçiləri Milli Mətbuat Günü münasibətilə təbrik edir, onların hər birinə səadət və xoşbəxtlik, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!

Bayramınız mübarək olsun!”