AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib

2628

İşçilərin istirahəti, əmək qabiliyyətinin bərpası, müalicəsinin təşkili, sağlamlığının qorunması və möhkəmləndirilməsi, bu məqsədlə verilən məzuniyyət hüququnun təmin edilməsi, məzuniyyət dövründə asudə vaxtın daha səmərəli və mənalı təşkili üçün şəraitin yaradılması həmkarlar ittifaqlarının daim diqqət mərkəzində olub. Bu gün ölkəmizin səfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri, sağlamlıq düşərgələri fəaliyyət göstərir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü ailələri ilə birlikdə yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır. Bu da, təbii ki, ittifaq üzvləri tərəfindən rəğbətlə qarşılanır və onların daha səmərəli fəaliyyət göstərə bilmələri üçün stimul yaradır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev mütəmadi olaraq həmkarlar ittifaqlarına məxsus olan sanatoriya-kurort müəssisələrinə, istirahət mərkəzlərinə baş çəkir, istirahət üçün yaradılmış şəraitlə tanış olur, dincələnlərlə söhbətlər aparır, necə istirahət etdikləri ilə maraqlanır.

İyulun 28-də AHİK sədri növbəti dəfə həmkarlar ittifaqlarının Xaçmaz rayonunun Nabran qəsəbəsində və Qusar rayonunda yerləşən istirahət mərkəzlərində olaraq vəziyyətlə tanış olub.

Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının “Xəzər” İstirahət Mərkəzinə gələn S.Möhbalıyev burada istirahət edənlərin qaldığı korpus otaqlarını və kottecləri gəzib, onların dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, yeməkxanaya və mətbəxə baxış keçirib, ərazini gəzib, yeni tikilmiş kotteclərə baxıb. AHİK sədri həmçinin mərkəzdə istirahət edən insanlarla söhbətləşib, istirahətləri ilə maraqlanıb, fikirlərini və təkliflərini öyrənib.

“Şahdağ” İstirahət Mərkəzində olarkən AHİK sədri istirahət üçün yaradılmış şəraitlə tanış olub, mərkəzin ərazisini gəzib, yeməkxanaya və mətbəxə baxış keçirib. İstirahət edənlər S.Möhbalıyevlə söhbət zamanı yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər.

Növbəti baxış Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının “Ülfət” İstirahət Mərkəzində keçirilib. 2010-cu ildə inşa olunan istirahət mərkəzində kotteclər və üç ikimərtəbəli istirahət korpusu, idman meydançaları, hovuz, geniş park qonaqların istifadəsindədir. Mərkəzdə eyni vaxtda 96 nəfər, mövsüm ərzində isə 1000 nəfərə yaxın insanın istirahət etməsi üçün hər cür şərait yaradılıb. AHİK sədri mərkəzin ərazisində salınmış meyvə bağına da baxıb. Bildirilib ki, bağda iqlimə xarakterik olan hər cür meyvə ağacları, o cümlədən alma, armud, şaftalı, albalı, gilas və s. ağaclar əkilib və istirahət edənlər sərbəst şəkildə meyvələrdən dadırlar.

Baxış zamanı S.Möhbalıyev dəmiryolçuların “Lokomotiv” İstirahət Mərkəzi ilə də tanış olub. Bildirilib ki, burada ziyarətçilərin normal istirahəti üçün hər şərait mövcuddur. Həmçinin ərazidə yeni kotteclər istifadəyə verilib və digərlərinin tikintisi də aparılır. AHİK sədri yeni istifadəyə verilmiş kotteclərə baxıb, mərkəzin ərazisini gəzib, dincələnlərlə söhbətləşib.

Ardınca AHİK sədri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Təhsil” İstirahət Mərkəzinə gəlib. 2013-cü ilin iyun ayında istifadəyə verilən istirahət kompleksi 10 hektardan artıq ərazini əhatə edir. Buraya üçmərtəbəli yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzları, ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər tikililər daxildir. Mərkəzdə eyni vaxtda 260-da çox şəxs istirahət edir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün əlverişli məkana çevirir. Ümumilikdə mövsüm ərzində burada həmkarlar ittifaqının 1500 nəfərə yaxın üzvü dincəlir. İstirahət mərkəzinə baxış keçirən sədr burada yaradılmış şəraitlə tanış olub, texniki təhlükəsizlik qaydalarına və təmizliyə ciddi əməl olunmasını tapşırıb. AHİK sədri həmçinin burada tikilməkdə olan yaşayış korpusu ilə tanış olub.

Sonra mədəniyyət işçiləri üçün yeni tikilməkdə olan istirahət mərkəzində olan AHİK sədri burada görülən işlərlə maraqlanıb. Bildirilib ki, 2,8 hektar ərazini əhatə edən istirahət mərkəzində hazırda hər birində iki ailənin yerləşə biləcəyi 12 kottec, daha 6 VİP kottec, 2 mərtəbəli tam komfortlu yaşayış korpusu, inzibati binada əlavə 21 ədəd lüks nömrə, konfrans zalı, yeməkxana, iki hovuz tikilməkdədir. Həmçinin dincələnlərin istirahətinin mənalı təşkili üçün geniş park salınır, idman zalı və meydançaların tikilməsi nəzərdə tutulub.

Sonda S.Möhbalıyev Qusar rayonunda səhiyyə işçilərinin “Şəfa” İstirahət Mərkəzinə baş çəkib. İstirahətdə olan həkimlər onların dincəlməsi üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.

İstirahət edənlərlə və jurnalistlərlə söhbətində AHİK sədr bildirib ki, ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması, istirahətinin mənalı təşkili dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir: “Bu məqsədlə ölkədə ildən-ilə sağlamlıq və istirahət mərkəzlərinin sayı artırılır, dövlətimiz tərəfindən insanların rahat şəkildə istirahət etməsi üçün hər cür şərait yaradılır. Bu sahədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırlar”.

“Hər il həmkarlar təşkilatlarının xətti ilə minlərlə vətəndaşımız öz ailələləri ilə Azərbaycanın dilbər guşələrində istirahət etmək imkanı qazanır. Biz istirahət mərkəzlərindəki şərait, obyektlərin necə saxlanılması, texniki təhlükəsizlik qaydalarına riayət, xidmət səviyyəsi ilə daim maraqlanırıq. Mənim səfərimin də məqsədi elə bundan ibarətdir. İstəyirik ki, gələn qonaqlar buradan məmnun ayrılsınlar, yaradılmış şəraitdən razı qalsınlar. Qeyd edim ki, həmkarlar ittifaqlarının istirahət mərkəzlərində yüzlərlə vətəndaşımız daimi və mövsümü işlərlə təmin olunub, bu da məşğulluğun təmin olunmasına mühüm töhfədir”, – deyə AHİK sədri vurğulayıb.

S.Möhbalıyev qeyd edib ki, AHİK-in balansında olan bütün istirahət mərkəzləri müasir tələblərə uyğunlaşdırılır, istirahət üçün geniş imkanlar yaradılır.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi