Xalq müdrikliyinin çağdaş tariximizə hökm etdiyi gün

526

Müasir Azərbaycan dövlətinin yaranması və inkişafı ulu öndər Heydər Əliyevin titanik liderlik fəaliyyəti ilə bağlıdır. Hər bir dövlətin inamlı inkişafını təmin edən strateji amillərdən biri liderlik fenomenidir. Tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik anlayışı milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu mənada, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır.

Azərbaycan xalqı və dövlətinin çağdaş tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət ulu öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iq­tisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.

Xalqımızın bir müdrikliyi də ondadır ki, hansı sahədə olur­sa-olsun, onun taleyində və tarixində əhəmiyyətli rol oynamış şəxsiyyətləri heç vaxt unutmur, hər zaman yaddaşında yaşadır, adını uca tutur, gələcək nəsillərə ötürür. Əgər belə olmasaydı, bu gün biz Babəkdən, Cavanşirdən, Xətaidən, Nizamidən, Füzulidən xəbərdar olmazdıq. Xalqımız aydın dərk edir ki, bu şəxsiyyətlərin yeri və rolu onun tarixində nə qədər əzəmətlidir. Məhz buna görə də həmin insanların adını şanlı tarixinə qızıl hərflərlə həkk edərək hər zaman xatırlayır, xidmətlərini yüksək dəyərləndirir və onları özü­nün milli sərvəti hesab edir.

Bu, böyük Azərbaycan xal­qının dəyişməz xarakteridir ki, indi də həmin ənənəni davam etdirir. Bu gün xalqımızın ümum­milli lider Heydər Əliyevə olan ali münasibəti, sonsuz sevgisi bu həqiqətin canlı və ən yüksək təcəssümüdür. Ulu öndərin doğum və anım günlərində, ömür yolu­nun xalqın tarixi taleyi ilə sıx bağlı olduğu əlamətdar hadisələrin ildönümlərində məzarı ziyarət olunur, əziz xatirəsi dərin ehtiramla yad edilir, tariximizdə gördüyü tale­yüklü işlər bir daha xatırlanır.

Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xal­qımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş günü ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur.

Sovet imperiyasının çökməsi səbəbindən XX əsrin sonlarına doğru yenidən müstəqillik qa­zanmaq kimi tarixi fürsət əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Həmin dövrdə hakimiyyəti ələ keçirmiş səriştəsiz insanların xəyanətkar əməllərinin məntiqi nəticəsi olan hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatmışdı. Xaos və anarxi­ya ölkəni bürümüşdü. Qarşıdurma vətəndaş müharibəsi dərəcəsinə yüksəlmişdi.

Belə bir dövrdə əsrlər boyu ar­zulanan güclü Azərbaycan dövlətini qurmaq, xalqımızı problemlər məngənəsindən xilas etmək kimi tarixi missiyanı yalnız Heydər Əliyev yerinə yetirməyə qadir idi. Bunu xalq yaxşı bilirdi. Ona görə də təkidlə öz böyük xilaskarını ikinci dəfə, yəni iyunun 15-də hakimiyyətə qaytardı. Bununla da xalqımız müstəqilliyimizi məhv ol­maq təhlükəsindən birdəfəlik xilas etdi. Heydər Əliyevin qayıdışı ilə hakimiyyətsizliyə son qoyuldu, se­paratçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı.

Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar ünsürlər cəmiyyətdən tədric edildi, nizami silahlı qüvvələr yaradıldı, dövlətin və xalqın maraqlarına ca­vab verən iqtisadi sistem quruldu. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edildi. Demokratik islahatlar kursunun həyata keçirilməsinə baş­lanıldı, ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi. Beləliklə, ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi faktiki təmin olundu.

Ümumiyyətlə, ümummilli lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublika­mızın tərəqqisinin təmin olunma­sı və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür. Dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini anlamaq üçün onun siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq məqsədəmüvafiqdir.

Dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin həyatının və fəaliyyətinin hər bir məqamı xal­qımızın gözü qarşısında olub. Bu qüdrətli soydaşımız ömrü boyu yal­nız Vətəni və xalqı üçün yaşayıb. Bu, onun həyat amalı, yaşam tərzi olub. Nə düşünübsə, nə edibsə xalqı və Vətəni naminə olub. Bu gün ulu öndərin həyatına nəzər salan hər bir şəxsdə vahid fikir for­malaşır ki, o, xalq üçün doğulmuş­du, həqiqi xalq lideri idi. Gördüyü işlərin miqyası və əhəmiyyəti belə bir qənaət yaradır ki, Heydər Əliyev Uca Yaradanın Azərbaycan xalqına ən böyük mükafatı idi.

Ulu öndər iki fərqli, bir-biri ilə əks qütblərdə dayanan sistemlərdə Azərbaycana rəhbərlik etdi. Onun nadir liderliyini mahiyyəti hər iki dövrdə eyni idi: Vətən və xalq üçün çalışmaq. Məhz bu amal onu xalqı­nın ümummilli liderinə çevirdi. So­vet Azərbaycanına rəhbərlik etdiyi dövrdə hər bir addımının arxasında xalqının hərtərəfli inkişafına, rifa­hına, maddi-mənəvi zənginliyinə xidmət amalı dayanırdı. Zaman keçdi, illər ötdü – xalqımız müstəqil oldu. Bizi müstəqilliyə qovuşduran tarixi əsaslara nəzər salanda aydın oldu ki, bu yolun təməli ötən əsrin 70–80-ci illərində qoyulub. Həmin vaxt böyük rəhbərin fəaliyyətinin hədəfində müstəqil yaşamağı ba­caran, özünü hərtərəfli təmin edə bilən, elmi-texniki cəhətdən yüksək inkişaf etmiş Azərbaycana nail olmaq dayanmışdı.

Bu gün Azərbaycan həyatın bü­tün sahələrində inkişafının ən bö­yük zirvəsindədir və ardıcıl olaraq yeni-yeni uğurlara imza atır. Bu, hər bir Azərbaycan vətəndaşını, o cümlədən dünya azərbaycanlılarını sevindirir və qürurlandırır. İnkişaf etmiş müstəqil, demokratik, hüquqi, dünyəvi, sivil bir dövlətin vətəndaşı olmaq bir xoşbəxtlikdir ki, bizim müdrik xalqımıza nəsib olub. Nə qədər tarixin sərt, keşməkeşli sınaqları ilə üz-üzə qalsa da, Azərbaycan xalqı bu mübarizədən qalib ayrılıb. Bunu şərtləndirən amillərdən biri də xalqımızın tale­yüklü məsələlərdə müdrikcəsinə qəbul etdiyi mühüm qərarlardır.

Yaxşı xatırlayırıq müstəqilliyin ilk illərini. Nəinki müstəqilliyimizi, ümumiyyətlə, mövcudluğumuzu itirməklə üz-üzə qalmışdıq, ölkə parçalanırdı. Bu, dəhşət idi. Qa­nunsuz fəaliyyət göstərən silahlı dəstələr özbaşınalıq edir, paytaxt daxil olmaqla ölkənin hər yerində silahlı qarşıdurmalar baş verirdi. Əsgəri xidmət belə keçməmiş mülki şəxs tərəfindən idarə edilən hərbi hissələr dövlətə deyil, xarici ölkələrə xidmət edən ayrı-ayrı siya­si qüvvələrin əlində cəmləşmişdi. Artıq ölkədə vətəndaş müharibəsi başlamışdı. Bu, Azərbaycan xal­qının tarixdə qarşılaşdığı ən ağır sınaq idi.

Ümummilli lider Heydər Əliyevin böyük siyasətdən kənarda qaldı­ğı 1991–1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü oldu. Müstəqilliyin ilk illərində ölkənin ictimai-siya­si həyatında ağır böhran hökm sürürdü, cəbhədə məğlubiyyətlər davam edirdi, ölkədə xaos baş alıb gedir, separatçı meyillər artırdı. Bir sözlə, müstəqilliyimizin itirilməsi və dövlətimizin parçalanması təhlükəsi ilə üz-üzə qalmışdıq. Yaranmış faciəli vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu tələb edirdi.

Belə bir məqamda xalq öz polad iradəsini ortaya qoyaraq qlobal düşüncəli, geniş dünya­görüşlü nəhəng siyasətçi Heydər Əliyevə üz tutdu. Təbii ki, bu istəyə qarşı çıxan, dövlətimizin parçalanmasında maraqlı olan qüvvələr də az deyildi. Amma xalqımızın sınmaz iradəsi qarşısın­da onlar davam gətirə bilmədilər. Xalq öz həqiqi lideri Heydər Əliyevi Bakıya ali hakimiyyət sükünı arxasına gətirərək çətin və ağır vəziyyətdən çıxmaq üçün taleyini ona həvalə etdi. Bu, Azərbaycan xalqının böyük qələbəsi, qurtuluş aksiyası idi. Ulu öndər özünün zəngin təcrübəsi, yüksək idarəçilik məharəti ilə Azərbaycanı bəlalardan xilas etdi, xalqımızın xoşbəxt, dövlətimizin qüdrətli gələcəyinin təməllərini müəyyənləşdirdi. Heç də təsadüfi deyil ki, bir neçə il sonra xalq həmin günü faciələrdən xilas edil­diyi tarix– Milli Qurtuluş Günü kimi böyük coşqu ilə bayram etməyə başladı.

Dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olun­ması ulu öndərin dəfələrlə ölçü­lüb-biçilmiş qətiyyətli qərarlarının, siyasi iradəsinin, xalqa keyfiyyətli xidmətinin nəticəsidir. O, bütün si­yasi fəaliyyətində milli maraqlardan çıxış edirdi, tarixi şəraiti düzgün qiymətləndirirdi, zaman və məkan amilini həmişə nəzərdən keçirirdi, dözüm və səbrlə davranırdı. Onun fenomenallığı da məhz bunda idi.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə gördüyü irimiqyaslı, ta­leyüklü işlərlə özünü müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi kmi təsdiq edib. Dövlət qurmaq, onu qüdrətli etmək, əbədi yaşatmaq asan məsələ deyil. Bu iş geniş dünyagörüş, fitri istedad, müdriklik, qətiyyət, siyasi iradə, dərin zəka, bilik, dözüm, səbr tələb edir. Heydər Əliyevin fenomenallığı da məhz bunda idi.

Ulu öndərin sovet Azərbaycanına başçılıq etdi­yi dövrə nəzər salsaq, görərik ki, o, rəhbərliyə gələnə qədər ölkədə vəziyyət o qədər də ürəkaçan olmayıb, Azərbaycan ittifaq səviyyəsində iqtisadi və digər sahələrdə xeyli geri qalırdı. Məhz Heydər Əliyevin həyata keçirdiyi geniş islahatlar proqra­mı nəticəsində Azərbaycanının həyatında əsalı və keyfiyyətli dönüş başladı. İqtisadi sahədə məhsuldar struktur layihələri icra olundu, yeni sənaye sahələri ya­radıldı, elmi-texniki uğurlara imza atıldı, xalqın sosial vəziyyəti yax­şılaşdı. Bir sözlə, Heydər Əliyevin məqsədyönlü, sistemli, strateji addımları sayəsində Azərbaycan SSRİ-də inkişaf etmiş qabaqcıl respublikalarından biri oldu.

Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edərkən onun fəaliyyətinin Naxçıvan dövrünə də nəzər salmaq lazımdır. Çünki həmin dövrün prosesləri və reallıqları Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən birini təşkil edir. Sovet dövrünün sonu– müstəqillin ilk illərində ağır blokada və müharibə şəraitində yaşayan, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyevin gərgin və yorulmaz fəaliyyəti sayəsində burada sabitlik yarandı, sosial-iqtisadi vəziyyət normallaşdı, tərəqqiyə nail olundu.

1990-cı il iyulun 22-də Nax­çıvanın “Azadlıq” meydanında keçirilən izdihamlı mitinqdə Heydər Əliyev xalqı azadlıq, müstəqillik uğrunda sonacan mübarizəyə səslədi. Onun sədrliyi ilə Naxçıvan parlamenti Muxtar Respublikanın adından “Sovet Sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bay­rağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanun­vericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul etdi. Bu, o dövr üçün kifayət qədər cəsarətli addım idi. Heydər Əliyevin xalqına, Vətəninə olan məhəbbəti, ölkəsini azad və müstəqil görmək arzusu onu heç bir çətinlikdən qorxutmurdu. O, hər zaman xalqı ilə həmrəy idi, xaqı ləyaqətlə təmsil edirdi.

Bu proseslər kontekstində daha bir məqama nəzər salmaq vacibdir. Belə ki, 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addım­lar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qal­dırılmasına nail olundu. Beləliklə, Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən – qar­şıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması çoxəsrlik tariximizə taleyüklü siyasi hadisə kimi daxil oldu. Ən əsası, uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusi əhəmiyyətə malikdir.

Dövlət quruculuğu prosesi fonunda müstəqil Azərbaycan Respublikasının Konstitusiyası­nın qəbul edilməsi, qarışıq seç­ki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıl­dı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı.

Azərbaycanda hüquqi, de­mokratik və dünyəvi dövlət qu­ruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ombuds­man təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi isla­hat xarakterli addımlar da xüsusi vurğulanmalıdır. Digər tərəfdən, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə həmrəyliyi təmin edən mühüm faktor oldu. Bir sözlə, ulu öndər Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Praqmatik xarici siyasət nəticəsində Azərbaycan nüfuzlu dövlətə çevrildi, ölkəmizin dostla­rının və tərəfdaşlarının sayı artdı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin formalaşmasını da təmin etdi. Ulu öndərin həyata keçirdiyi praqmatik xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi.

İlk növbədə, 1994-cü il sentyabrın 20-də Bakıda “Gü­lüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başla­nan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor kimi də çıxış etdi.

Bundan sonra milli maraqla­rımıza müvafiq enerji layihələri gerçəkləşdirildi və bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz miqya­sına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli strateji layihələrin mərkəzi oyunçusuna çevrildi. Eyni zamanda, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu xarici siyasət sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu aktoru­na çevrildi, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edildi. Bu isə milli maraqların təmin edilməsi üçün fundamental strateji faktor oldu.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategi­yasının mühüm prioritetlərindən birini də Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz ümummilli lider Heydər Əliyevin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa baş­landı.

Münaqişənin ATƏT çərçivəsində həll edilməsi üçün təşkil edilən Minsk qrupunda, həmçinin quru­mun bir sıra zirvə toplantılarında məsələnin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıran Prezident Heydər Əliyev dünya dövlətlərini münaqişəyə yanaşma­da diqqətli olmağa və məsələnin tezliklə beynəlxalq hüquq normala­rına müvafiq surətdə həll edilməsi işində yaxından iştirak etməyə dəvət etdi. Ulu öndər bir çox dünya dövlətləri ilə bu mövzuda danı­şıqlar apararaq, Bişkek, Lissabon sammitlərində Azərbaycanın mövqeyinə və maraqlarına uyğun bəyanatların qəbul olunmasına nail oldu.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəliş və inkişafa nail olub. Əminliklə söyləmək olar ki, ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlətimizin başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə, beynəlxalq müstəvidə nü­fuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.

Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf mo­delinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi isla­hatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazası­nın zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişa­fına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitli­yin təmin edilməsi və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.

Digər tərəfdən, çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə real­laşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri forma­laşdırıb.

Nəticə etibarilə, ulu öndər Heydər Əliyevin əsasını qoydu­ğu mütərəqqi inkişaf siyasətinin uğurla davam etdirilməsi sayəsində Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Pre­zident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan gələcəyə çox aydın baxışı olan çox sabit, müasir, inkişaf edən ölkədir.

Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev Azərbaycan müstəqilliyinin və dövlətçiliyinin itirilmə təhlükəsilə, ölkə daxində yaranmış xausla üz-üzə qal­dığı günlərdə xalqın tələbi ilə hakimiyyətə gətirildi.

Azərbaycan dövlətini təməldən inşa edən Heydər Əliyev Azərbaycan Respublikasının inki­şaf edən ölkələr sırasına çatması üçün əvəz olunmaz əməyi və fədakarlığı nəticəsində məqsədinə nail oldu. Azərbaycan dünyanın stabill və inkişaf edən ölkələr sırasında özünə məxsus yeri var. Məhz Heydər Əliyev dühası­nın uzaqgörən siyasəti və İlham Əliev cənablarının siyasi iradəsi nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsinə nail olduq.

Milli Qurtuluş Gününün mahiyyətini və fəlsəfəsini dərk etmək üçün bügünkü Azərbaycana baxmaq kifayətdir. Hazırda ölkəmizdə bütün sahələrdə dayanıqlı inkişafa nail olunub, əmin-amanlıq, sabitlik hökm sürür, xalqımız xoşbəxt və firavan yaşayır. Azərbaycan müstəqil dövlət olaraq dünyada öz möv­qeyini müəyyənləşdirib, regio­nun lider dövləti hesab olunur, qlobal təşəbbüslərlə çıxış edir. Dünyanın aparıcı dövlətləri Azərbaycanla əlaqələr qurmaqda, genişləndirməkdə çox maraqlıdır. Bir sözlə, Azərbaycan tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır. Bütün bu uğurlar ulu öndərin siyasi kursunun layiqli davamıdır.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı