Ulu Öndərin hər zaman ilham mənbəyi Azərbaycan xalqı olub

504

“Bu gün hər bir uğuruna qürurlandığımız, fərəhləndiyimiz ölkəmizi ötən əsrin 90-cı illərinin Azərbaycanı ilə müqayisə etdikdə Ulu Öndər Heydər Əliyevin xalqımızın və dövlətimizin həyatında nə qədər böyük işlər gördüyünü bir daha xatırlamalı oluruq. Onun kimliyini, fenomenliyini, dahiliyini, səriştəsini, siyasi bacarığını təməlini qoyduğu işlərin nəticəsini yaşadıqca dərindən dərk edirik. Həmin vaxt – 1993-cü ildə baş verən hadisələr, xalqımızın və dövlətimizin ağır taleyi və bundan xilas yolunun tapılması, duzgün qərarın qəbul olunması ən vacib məsələ idi. Bu taleyüklü seçimi xalqımız heç kimin ixtiyarına buraxmadı, son sözü özü dedi – Heydər Əliyev. Və hadisələrin sonrakı gedişi Azərbaycan xalqının müdrikliyini bir daha ortaya qoymuş oldu. Təbii ki, xalqın bu istəyinin qarşısında heç bir qüvvə duruş gətirə bilməzdi. Həmin vaxt bugünkü qüdrətli Azərbaycan məhv olmaq təhlükəsi qarşısında idi, bu, reallıq idi ki, ölkə parçalanırdı. Dərin siyasi böhran, anarxiya, xaos, vətəndaş müharibəsi təhlükəsi, qarşıdurma, cəbhədə məğlubiyyətlər, əhalinin sosial vəziyyətinin ağırlığı, iqtisadi böhran və daha nələr. Bütün bu işlərin öhdəsindən yalnız bir insan gəldi – Heydər Əliyev.
Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.


“İlk gündən – 1993-cü ilin 15 iyun tarixindən Ulu Öndərin xilaskarlıq missiyası başladı. Nə komandası var idi, nə də silahı. Xalqına və dövlətinə olan sonsuz sevgisi, xalqın ona olan inamı və etimadı bütün bu işləri görməkdə ona kömək oldu. Baş verən xoşagəlməz hadisələrin hər birinin fərqli xarakterləri var idi və bunların aradan qaldırılması cəsarət, siyasi iradə, qətiyyət, təmkin, dözüm, səbr tələb edirdi. Ulu Öndərin bu keyfiyyətlərə sahib olması xalqımızı yaşanan ağır vəziyyətdən xilas etdi. Mən bu məsələyə əvvəllər də toxunmuşam, özbaşnalıq edən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, ölkədə sabitliyin bərqərar edilməsi böyük tarixi missiya idi. Heydər Əliyev bunu heç bir itkisiz, böyük ustalıqla, dahiyanə tərzi ilə bacardı və ölkədə sabitliyə nail oldu. O, qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. Hər zaman milli maraqlara əsaslanırdı, tarixi şəraitdən düzgün nəticə çıxarırdı, zaman və məkan amilini dəqiq qiymətləndirirdi. Heydər Əliyev demokratik insan idi, aşkarlıq prinsipinə daim üstünlük verdi. Həmin vaxt məhz onun təşəbbüsü ilə Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına ötürülürdü, vəziyyət olduğu kimi xalqa çatdırılırdı. 1993-cü il iyunun 24-də Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi ədalətin və milli iradənin birbaşa qələbəsi idi. Bu artıq bütün hadisələrin dövlətin nəzarəti altına keçməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Ulu Öndər Ali Sovetə rəhbərlik etdiyi dövrdə ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi, Konstitusiya və müxtəlif hüquqi sənədlər zamanın tələblərinə uyğunlaşdırıldı”, – AHİK sədri bildirib.

“Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Qeyd etdiyim bütün bu məsələləri Heydər Əliyev dühası təkbaşına, xalqdan ilhamlanaraq yerinə yetirdi. Əminliklə ifadə edə bilərik ki, Ulu Öndərin ideyaları hər zaman yaşayacaq. Onun nəticələri bu gün ortadadır. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin peşəkar idarəçilik məharəti sayəsində ölkəmizin bütün sahələrində sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Biz Azərbaycanın son illərdə qazandığı nailiyyətləri saymaqla qurtara bilmərik. Ümumiləşdirib onu deyə bilərəm ki, Azərbaycan minilliklərə söykənən tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır”, – Milli Məclisin deputatı deyib.