Prezident İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ təşkil edəcək

643

“Müasir Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq arenaya qədəm qoyduğu gündən onun xarici siyasətinin prioritet istiqamətlərinin önəmli hissəsini türkdilli dövlətlərlə yüksək səviyyədə münasibətlərin qurulması və inkişaf etdirilməsi təşkil edib. Bu baxımdan dost və qardaş Özbəkistanla Azərbaycan arasında olan əlaqələri yüksək dəyərləndirmək olar. İki ölkə arasında 1995-ci ildə diplomatik münasibətlər qurulub, 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda diplomatik nümayindəlikləri fəaliyyətə başlayıb. Tarixi faktlar isə təsdiq edir ki, eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olan xalqlarımız arasında münasibətlər daha qədimlərə qədər gedib çıxır. Hazırda əlaqələrimizin bu səviyyəyə yüksəlməsində mən Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun qarşılıqlı rəsmi səfərlərini xüsusi qeyd etmək istərdim. İslam Kərimovun 1996-cı il 26-27 may tarixində ölkəmizə rəsmi səfəri zamanı imzalanan 18 sazişdən ibarət sənədlər paketi, həmçinin Ulu Öndərin 1997-ci ilin iyun ayında bu ölkəyə rəsmi səfəri çərçivəsində imzalanmış 19 sənəd əməkdaşlığımızın dərinləşməsi üçün fundamental hüquqi baza rolunu oynayır və strateji xarakterini əks etdirir”.

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, qardaş ölkə uzun illər davam etmiş Qarabağ münaqişəsi zamanı hər zaman Azərbaycanın haqq işini müdafiə edib və müxtəlif platformalarda öz dəstəyini sərgiləyib: “Mən buna dövlətimizin başçısı cənab İlham Əliyevin 2004-cü ildə Özbəkistana səfəri zamanı strateji münasibətlərin təməlini təşkil edən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”ni misal çəkə bilərəm. Bu sənədlə Özbəkistan Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiyini ifadə etmişdi. Həmçinin xatırlatmaq istərdim ki, 2008-ci ildə “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamə BMT-də səsverməyə qoyularkən Özbəkistan bu sənədin lehinə səs verməklə ölkəmizə dəstək olmuşdur. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev Ermənistan üzərində tarixi qələbə münasibətilə ölkəmizi təbrik edib, hətta işğaldan azad olunan Füzuli rayonunda məktəb inşa ediləcəyini bildirib və bu istiqamətdə də işlər həyata keçirilməkdədir”.

“Dövlətimizin başçısı cənab İlham Əliyevin Özbəkistana səfəri, keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfə verəcək və iki ölkə arasında münasibətlərdə yeni mərhələ təşkil edəcək. Vurğulayım ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu tərəfdaşlarımızın da sayını durmadan çoxaltmaqdadır. Qürurla deyə bilərik ki, ölkəmiz həm regionda, həm də dünyada söz sahibinə çevrilib. Vətən müharibəsində qazandığı şanlı qələbə, nəticədə regionda sülh və təhlükəsizliyə verdiyi mühüm töhfələr ölkəmizin əhəmiyyətini yüksəldib. Həmçinin etibarlı tərəfdaş olaraq özünü təsdiqləməsi Azərbaycanla əməkdaşlıqdan digər dövlətlər məmnunluqlarını ifadə edirlər. Prezident İlham Əliyevin Daşkənddə yüksək səviyyədə qarşılanması, ona göstərilən xüsusi hörmət və ehtiram dediklərimizin əyani təsdiqidir. Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı cənab Şavkat Mirziyoyevin çıxışı, onun Ulu Öndər Heydər Əliyev və ölkəmiz haqqında dediyi xoş və səmimi sözlər, həmçinin bir daha işğaldan azad edilmiş ərazilərin əzəli Azərbaycan torpaqları olduğunu dilə gətirməsi, bunu tarixi ədalətin bərpası kimi dəyərləndirməsi qardaşlıq münasibətinin təzahürüdür”, – Milli Məclisin deputatı deyib.

AHİK sədri əlavə edib ki, Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, beynəlxalq və regional nəqliyyat şəbəkələrinə qoşulması Özbəkistandan yükdaşımaların həcminin artmasına, ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin yüksəlməsinə gətirib çıxaracaq.