Hər keçən gün bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır

581

“Bu artıq müzakirə olunmaz mövzudur ki, demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan gördüyü hər bir işində, davranışlarında nümunəvi ölkəyə çevrilib, məhz bu amil ölkəmizin beynəlxalq nüfuzunu artırmaqdadır. Ermənistanın uzun illər davam edən işğal siyasəti, Azərbaycanın bu müddət ərzində danışıqlar prosesinə sadiq qalması, bunun səmərəsiz olduğunu gördükdə əks-hücum əməliyyatları nəticəsində torpaqlarını işğaldan qurtarması, müharibə qanunlarına riayət etməsi, nəticədə bütün region dövlətlərinin milli maraqlarına cavab verən reallıqların ortaya çıxması dediklərimizin əyani sübutudur. Artıq ölkəmizin müəllifi olduğu reallıqlar dünya dövlətləri tərəfindən təqdir olunmaqdadır. Təbii ki, bu cür nəticəyə nail olmaq dövlətimizin gücünü və onun rəhbərinin – cənab İlham Əliyevin uğurlu siyasi gedişlərini, qətiyyətini və peşəkar keyfiyyətlərini göstərir. Hazırda dövlətimizin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, oranın əsl sakinlərinin öz ata-baba yurdlarına qayıtması, məcburi köçkünlərin uzun illər pozulmuş hüquqlarının təmin edilməsidir. Azərbaycan bu prosesə müharibə başa çatdıqdan dərhal sonra başladı və üstündən keçən bu qısa müddət ərzində xeyli işlər görülüb. Hər keçən gün bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır”.

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Şərqi Zəngəzur və Qarabağ işğaldan azad edildikdən sonra qarşılaşdığımız mənzərə nəinki bizi, həm də dünya ictimaiyyətini dəhşətə gətirmişdi. Yaşı minilliklərə söykənən şəhər və kəndlərimiz viran edilmiş, canlı aləmin yaşaması üçün heç bir şey qalmamışdı. Baxmayaraq ki, ermənilər həmin əraziləri özününkü hesab edirdilər. Əməlləri isə yalanlarını bir daha ortaya çıxarırdı. Həmin vaxt o ərazilərə baxmaq kifayət edirdi ki, erməni xislətinə dərindən bələd olasan. Bu gün isə həmin ərazilər yeni görkəm almaqdadır, bütün istiqamətlərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Görülən işlər dövlətimizin başçısı cənab İlham Əliyevin bilavasitə ardıcıl olaraq nəzarəti altındadır, infrastruktur və sosial obyektlərin təməlqoyma və açılış mərasimində iştirak edir, aparılan bərpa işləri ilə şəxsən tanış olur, müvafiq göstəriş və tövsiyələrini verir”, – AHİK sədri bildirib.

“Prezidenitin Göygöl, Kəlbəcər və Laçın rayonlarına son səfəri də bir sıra vacib məqamları ilə diqqət çəkdi. Dövlətimizin başçısının Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olması, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışlarında iştirak etməsi burada aparılan işlərin miqyasını və əhəmiyyətini göstərir. Həmin ərazilərdə İşğal və Zəfər muzeylərinin yaradılması, sözsüz ki, prioritet məsələlərdəndir. Həm indiki, həm də gələcək nəsillərə, həmçinin gələcəkdə buranı ziyarət edəcək xarici qonaqlara muzeylər vasitəsilə real məlumat vermək mümkün olacaq. Biz nə düşmənin vandal əməllərini, nə də müzəffər Ordumuzun qəhrəmanlıqlarını unutmalıyıq. Bunun üçün digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də İşğal və Zəfər muzeylərinin yaradılmasını mühüm addım hesab edirəm. Kəlbəcərdə Prezidentə şəhərin baş planın təqdim edilməsi bir daha təsdiqləyir ki, görülən işlər, tətbiq olunan layihələr sistemli şəkildə plana uyğun olaraq həyata keçirilir”, – Milli Məclisin deputatı deyib.

“Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan etmişdi ki, Azərbaycan hərbi qüdrətini bundan sonra da artıracaq. Azərbaycan Ordusunda yeni təyinatlı Komando hərbi hissələrinin yaradılması bu istiqamətdə görülən işlərin və aparılan islahatların nəticəsidir. Ötən il dekabrın 24-də Hadrut qəsəbəsində, bir neçə gün öncə isə Kəlbəcərdə Komando hərbi hissələrinin açılışı baş tutdu. Hər iki tədbirdə dövlətimizin başçısı iştirak edərək müzəffər və yenilməz Ordumuzun gücündən və qüdrətindən bəhs etdi. Kəlbəcərdə hərbçilər qarşısında çıxışında cənab İlham Əliyev Ermənistanda məğlubiyyətlərindən aydın nəticə çıxara bilməyən, revanşist düşüncə sahiblərinə bir daha yerini göstərdi – “Dəmir yumruq” yerindədir”. Təbii ki, günü-gündən güclənən Azərbaycan qarşısında Ermənistan tərəfinin heç bir şansı yoxdur. Onlar bir də heç vaxt Azərbaycanla qarşı-qarşıya gələcək gücdə olmayacaqlar. Onların düşdükləri böhrandan yeganə çıxış yolu sadə məntiqlə qalib Azərbaycanın irəli sürdüyü tələbləri qəbul etməkdir. Mənasız xəyallar onları daha da uçruma yuvarlaya bilər”, – S.Möhbalıyev əlavə edib.