Qurtuluşdan Şuşa Bəyannaməsinədək

503

Milli Qurtuluş Günü – Azərbaycanın müstəqilliyinin və müasir dövlətçiliyinin bünövrəsinin qoyulduğu gün kimi çağdaş tariximizə yazılıb.

Qurtuluş Günü ötən 29 ildə Azərbaycanın inkişaf və yüksəliş tarixidir. Bu tarix Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gün, əsl qurtuluş rəhnidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində müstəsna rol oynayan, inkişafın sarsılmaz təməllərini qoyan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir.

Müasir dövlətçilik tariximiz Ümummilli Lider Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir desək, yanılmarıq. Çünki Ulu Öndər yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkib, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası hazırlayaraq onu uğurla reallaşdırıb. Bu səbəbdən də xalqımız Milli Qurtuluş Gününü hər zaman uca tutur və fərəh hissi ilə qeyd edir. Bu tarix dövlətçiliyimizi şərəfləndirən ən əlamətdar hadisədir.

Xaos, məşəqqət və itaətsizlikdən tərəqqiyə

29-cu ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günü tariximizin şanlı məqamı, müasir dövlətçilik salnaməmizin isə ən şərəfli səhifəsidir. Çünki məhz bu gün Azərbaycanın müstəqilliyinin davamlığını, dövlətçiliyinin müqəddəratını həll edən tarixi andır.

Milli Qurtuluş Günü “Xalq-Heydər” birliyinin əzəmətli təntənəsi kimi tarixə həkk olunub. Xalq üzləşdiyi bütün təlatümlərdən, faciələrdən xilas yolunu məhz Ulu Öndər  şəxsiyyətində görürdü. Bir Lider kimi Heydər Əliyev də millətin və dövlətin böhran və məşəqqətlərdən qurtuluşu üçün həyatını qurban verməyə hazır idi. Bu qarşılıqlı etimad, inam – xalq və lider birliyi dünya tarixində az rast gəlinən faktlardandır. Tariximizin 1980-ci illərdən sonra başlayan və indiyədək davam edən dövrünü diqqətlə araşdırsaq, Milli Qurtuluş Gününün əhəmiyyətini və əlahiddəliyini aydın dərk edərik.

Azərbaycanın müasir dövlətçilik tarixinin ən faciəli və qanlı-qadalı dövrünə çevrilən 1993-cü ilin iyun hadisələri, kəskinləşən siyasi və hərbi böhran AXC-Müsavat iqtidarının siyasi yarıtmazlığının məntiqi nəticəsi idi. Hələ Gəncə hadisələrinə qədər ölkə idarəolunmaz vəziyyətə gəlib çıxmışdı, mərkəzdənqaçma meyilləri pik həddə çatmışdı. Hakimiyyətsizlik, anarxiya baş alıb gedirdi. İqtidarın bu cür idarəçiliyi vətəndaş müharibəsi və ölkənin parçalanması üçün zəmin yaratmışdı. Bir sözlə, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planı tam gücü ilə işə salınmışdı və AXC-Müsavat iqtidarı da buraxdığı kobud səhvlərlə buna rəvac verirdi.

Respublikamızın başını təhlükələr aldığı həmin o günlər bütün nəzərlər ilk vaxtlardan Naxçıvana dikilmişdi. Çünki vəziyyəti təhlil edən hər kəs anlayırdı ki, məhz müdrik siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev bu çətinliklərin öhdəsindən gələ, xalqa və dövlətə nicat bəxş edə bilər. O zaman Naxçıvan Ali Məclisinin Sədri kimi Heydər Əliyevin uğurlu siyasət yürütməsi, blokada vəziyyətində olan Naxçıvanda erməni təcavüzünün qarşısını qətiyyətlə alması, Türkiyə və İranla münasibətləri qurması xalqın diqqətini cəlb edirdi. Ona görə ictimaiyyətin bütün nümayəndələri təkidlə Ulu Öndəri Bakıya çağırır, israrla hakimiyyətə gəlişini tələb edirdilər. Amma ovaxtkı iqtidar Heydər Əliyevin siyasətinə qarşı çıxır və muxtar respublikada hakimiyyət çevrilişi etməyə, Ulu Öndəri rəhbərlikdən uzaqlaşdırmağa çalışırdı. Ümumiyyətlə, müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlikdə bir-birini əvəzləyən səriştəsiz iqtidarların hamısı Ümummilli Liderin xalq arasındakı nüfuzundan qorxurdu.

Daim xalqı özünə arxa, kömək hesab edən Heydər Əliyev isə ona bəslənən ümidləri doğrultmaq üçün məhz həmin günlərdə ölkəni xilas etmək kimi böyük bir məsuliyyəti öz üzərinə götürdü. Ümummilli Lider müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə etmişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Yüksəlişin başlanğıc tarixi

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib şərt onu qoruyub saxlamaq və inkişaf etdirməkdir. Bu çətin vəzifə Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Bir sözlə, 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin xilasına yol açan böyük siyasi hadisə kimi tarixə həkk olundu. Məhz Heydər Əliyev dövlətçiliyimizi, azadlığımızı qorudu, xilas etdi. Bu gün müstəqil, demokratik, hüquqi dövlətdə yaşamaq arzumuzun real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi Heydər Əliyevin adı ilə bağlıdır.

15 iyun həm də Azərbaycanın tərəqqisinin başlanğıc tarixi oldu. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun Milli Qurtuluş Günü Milli Məclisin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycanxalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli vətən oğlunun öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığı idi”.

Həmin vaxtdan xalqımız 15 iyunu əziz bayramlardan biri kimi qeyd edir, Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir və bu əlamətdar hadisəni məhz Ulu Öndərin adı ilə bağlayır.

Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə milli məfkurənin, vətəndaş cəmiyyətinin formalaşması və yüksəlişi, xalqın arzularının gerçəkləşməsi üçün gördüyü ən mühüm işlərdən biri də ictimai-siyasi qurumların inkişafı və fəallaşması oldu. Azərbaycan həmkarlar ittifaqlarının müxtəlif siyasi qüvvələrin təsirindən qorunmasında, cəmiyyətdəki missiyasını yerinə yetirməsində Ulu Öndərin əvəzsiz rolu var. Bunların sayəsində həmkarlar ittifaqlarının uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısı alındı, vətəndaş cəmiyyətinə yad olan inzibati-amirlik metodlarından imtina edildi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının demokratik idarəçilik prinsiplərinə əsaslanan fəaliyyətinə dəstək verildi.

Həmin gündən ötən dövr ərzində Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Bu fikirlərin təsdiqi kimi, “Əsrin müqaviləsi”nin əhəmiyyətini vurğulamaq kifayət edər. Həmin beynəlxalq neft sazişi Azərbaycanın sonrakı uğurlu inkişafında əsaslı rol oynadı. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə Dağlıq Qarabağda 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz ondan sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, dünya birliyinə daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi.

Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər olundu, iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü siyasət həyata keçirilməyə başlandı.

Heydər Əliyev yolu ilə Şanlı Zəfərə doğru…

Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, qurucusu və memarı Heydər Əliyev olan Azərbaycanla fəxr edir. Ona görə ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyasını, siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev ən yüksək səviyyədə reallaşdırmaqdadır. Əgər Ulu Öndər Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardısa, cənab İlham Əliyev ölkəmizi Cənubi Qafqazın liderinə, dünyada söz sahibinə çevirdi. Əgər dahi şəxsiyyət yüksəliş konsepsiyası hazırlayıb ölkəmizi yeni inkişaf mərhələsinə çıxardısa, onun layiqli davamçısı Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi. Əgər Ümummilli Lider ölkəmizin cənubunda və şimalında baş qaldıran separatçı dəstələri zərərsizləşdirdisə, cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində ərazilərimizi 30 illik işğaldan azad etdi. Bu, Ata vəsiyyətini yerinə yetirən, onun yolu ilə gedən qalib Komandanın siyasi diplomatiyasının və sərkərdə qətiyyətinin təntənəsi idi.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün layiqli varisi tərəfindən qətiyyətlə həyata keçirilir. Xoşbəxtik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin canlı şahidləriyik. Çünki haqq savaşımızın nəticəsi olan Böyük Zəfər xalqımızı daha da bütövləşdirmiş, daha da mübariz etmişdi, milli həmrəyliyimizi gücləndirmişdir. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar tarixidir. Bu savaşda Azərbaycan xalqı təkcə torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda öz varlığını, milli həmrəyliyini, dəmir iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu gün hər bir azərbaycanlı əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa və Şərqi Zəngəzura qayıdışdan böyük qürur hissi keçirir.

Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmamış Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Ölkəmiz bütün sahələrdə davamlı uğurlar qazanaraq öz gücünü daha da artırır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, dövləti, dövlətçiliyimizi xilas etməsi bu gün hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır.

Şuşa Bəyannaməsi – diplomatiya tariximizin ən mühüm sənədlərindən biri

Ötən il – 2021-ci ilin iyun ayında baş verən daha bir möhtəşəm tarixi hadisə 15 iyun təqvimini bizlər üçün ikiqat bayrama çevirib. 15 iyun 2021-ci il tarixi ilə Azərbaycan-Türkiyə əməkdaşlığında yeni bir səhifə açılıb. Həmin gün Azərbaycan və qardaş Türkiyə tarixində əhəmiyyətli gün kimi qalacaq.

Bu günü əlamətdar edən bir sıra məqamlar vardır. Belə ki, müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Təsadüfi deyil ki, Qarabağın ilk qonağı da məhz qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. Qarabağın beşiyi, mənəvi dəyərimiz olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalandı.

Bu tarixi anı unudulmaz edən digər bir məqam isə Şuşa Bəyannaməsinin imzalanmasının Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi idi. Şuşa Bəyannaməsini imzalayarkən Prezident İlham Əliyev bu məqamı xatırladaraq demişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. “Cənub qaz dəhlizi”nin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

1921-ci il tarixli Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan Türkiyə 100 ildən sonra imzalanan Şuşa Bəyannaməsi ilə bütövlükdə Azərbaycanın, ümumilikdə isə regionun təhlükəsizliyinin zəmanəti qismində çıxış edir. Ona gərə də Şuşa Bəyannaməsi diplomatiya tariximizin ən mühüm sənədlərindən biri hesab olunur. Bu bəyannamə ilə regionda yeni geosiyasi konfiqurasiya yarandı. Saziş hər iki dövlətin ümumi maraqlarının qorunmasına, yeni imkanların birləşdirilməsinə, eləcə də ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənib.

Bu sənəd Türkiyə və Azərbaycan arasında hərbi-siyasi, iqtisadi sahələrdə olan müttəfiqliyi rəsmi şəkildə bəyan etdi. Bəyannamədə 1921-ci il Qars müqaviləsinə istinad edilir və göstərilir ki, müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi beynəlxalq hüquqa söykənən və 100 il bundan öncə imzalanan tarixi Qars müqaviləsinə əsaslanır. Yəni Türkiyə və Azərbaycan münasibətlərini müasir dövlətlər üçün vacib olan tarixi-hüquqi təməl üzərində müstəqil dövlətlər olaraq qururlar. Sənəddə həmçinin deyilir ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. “Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır” – deyə bəyannamədə yazılıb. Bu müddəa həm Ermənistanda mövcud olan revanşist qüvvələrə, həm də qonşu dövlətlərə yönələn bir mesajdır. Türkiyə bununla açıq şəkildə bəyan edir ki, Azərbaycanın yanındadır və  bu mütəffiqlik yalnız iqtisadi-siyasi amillərlə deyil, həm də hərbi amillə təsdiqlənir. Azərbaycanın ərazi bütövlüyünə hər hansı bir təhdid olacağı təqdirdə Türkiyə bizim tərəfimizdə hərbi dəstəklə olacaqdır. Bəyannamədə həmçinin vurğulanır: “Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir”.

Bəyannamədə öz əksini tapan digər bir vacib amil isə iqtisadi sahədə əməkdaşlıqla bağlıdır. Bu tarixi sənəd həm iki ölkə arasında, həm də regionda, eləcə də beynəlxalq aləmdə iqtisadi-ticari əlaqələrin sürətlə inkişafına təkan verəcək. Belə ki, bəyannamədə xüsusi vurğulanan Zəngəzur dəhlizinin açılması zərurəti iqtisadi, ticarət, nəqliyyat məsələlərinin həllində mühüm rol oynayacaq. Bu dəhliz daha çox iqtisadi əhəmiyyətə malik olacaqdır. Bəyannamədə qeyd olunur: “Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər”.

Şuşa Bəyannaməsi həmçinin hər iki ölkənin iqtisadiyyatında şaxələndirmənin sürətlənməsinə, ölkələrarası mal daşımalarında, logistika məsələlərində yeni, mütərəqqi mexanizmlərin işlənib hazırlanmasına, tətbiqinə, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına geniş şərait yaradacaq. Sazişlə “Cənub qaz dəhlizi”nin tərəflər arasında səmərəli inkişafı gerçəkləşəcək, Azərbaycanın Türkiyə ilə, həmçinin Naxçıvan Muxtar Respublikasının digər regionlarla əlaqəsi bərpa olunacaq.

Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xüsusi aktuallıq kəsb edən informasiya siyasəti və lobbiçilikdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sahəsində birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsi zəruridir. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlərin aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapıb: hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi və s.

İki qardaş Prezidentin imzaladıqları Şuşa Bəyannaməsi fevralın 1-də Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya olundu. Türkiyə və Azərbaycan arasında münasibətlərin rəsmi şəkildə strateji müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan Şuşa Bəyannaməsi ratifikasiya üçün Türkiyə Böyük Millət Məclisinə də təqdim edildi. Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun imzası ilə təqdim edilən qanun layihəsi Xarici Əlaqələr Komitəsinə göndərildi.

3 fevral tarixdə bəyannamənin təsdiqi ilə bağlı qanun layihəsinin lehinə 266 deputat səs verdi və bununla da, Şuşa Bəyannaməsi Türkiyə Böyük Millət Məclisi tərəfindən də təsdiqini tapdı.

Türkiyə bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir. Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi isə regionun inkişafına, sabitliyinə, təhlükəsizliyinə xidmət edir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji və nəqliyyat dəhlizləri layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir, təkcə vahid bir xalqın deyil, regionda yaşayan bütün xalqların firavan həyatlarının təmin olunması üçün geniş imkanlar açır.

Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirləri bu tarixi qardaşlığın mahiyyətini açıq şəkildə ifadə edir: “Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda biz – iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk”.

Şuşa Bəyannaməsi əbədi və sarsılmaz olan Azərbaycan və Türkiyə birliyini daha da gücləndirəcək, daha da dərinləşdirəcək. Bu tarixi sənədlə Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Həmin müttəfiqliyi hər yerdə – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində görmək mümkündür. Yeni qlobal reallıqda isə Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Dost, qardaş ölkənin artan nüfuzu Azərbaycanı daha da möhkəmləndirir və hər iki dövlət bir-birinə arxa-dayaq olaraq dünya miqyasında təsirli güc mərkəzi rolunu oynayırlar.

Rəcəb Tayyib Ərdoğan da münasibətləri dəyərləndirərkən bəyan etdi ki, Türkiyə və Azərbaycan əlaqələrini əvvəlcə strateji tərəfdaşlıq, 2021-ci ildə isə Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırıb. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar qurulub və bununla da ikitərəfli əlaqələr təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdırılıb.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Türkiyə ilə strateji müttəfiqlik isə Azərbaycanın gücünə güc qatıb və bu gün kimsə tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizə qarşı təhdid dili ilə danışa bilməz. Azərbaycanın güclü, qətiyyətli və müstəqil siyasətli Lideri və hər cür döyüş tapşırığını yerinə yetirməyə qadir qüdrətli Ordusu var. Xalq-Prezident birliyi isə dövlətin daha möhkəm dayaqlar üzərində dayandığının bariz təcəssümüdür.

 

Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri