Qazaxda AHİK və BƏT-in birgə hazırladığı kitabların təqdimatı olub

559

İyunun 17-də Qazax rayonunda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” və “COVID-19 böhranından sonra inklüziv, sabit və davamlı xarakter daşıyan, insana istiqamətlənmiş bərpa işləri aparmaq məqsədilə qlobal fəaliyyətə çağırış” kitablarının təqdimatı keçirilib.

“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Federasiyanın vitse-prezidentləri – Camaləddin İsmayılov və Xəyyam Nəsibov, AHİK-in şöbə müdiri Namiq Hüseynov, Federasiyanın nümayəndələri və sahibkarlar iştirak ediblər.

Çıxış edən Federasiya nümayəndələri AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını tədbir iştirakçılarına çatdırıb və Azərbaycan həmkarlar ittifaqlarının ölkə həyatında rolundan, AHİK tərəfindən görülən işlərdən, həyata keçirilən layihələrdən, həmçinin “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının sahə üzrə fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov son illər rayon ərazisində görülən işlər barədə məlumat verib.

Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.